Müdafiə naziri məxfi sənədləri oteldə unutdu
27 Aprel 2011 16:50
Təhlükəsizlik məsələlərində həddindən artıq həssaslığı ilə tanınan İsrailin müdafiə naziri bu həssaslığa uyğun olmayan vəziyyətə düşüb. Milli.Az xəbər portalının "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, nazir Ehud Barak ölkəsinin məxfi sənədlərini Londondakı bir otelin otağında unudub.
"Channel 2" telekanalının məlumatına görə, Ehud Barak Böyük Britaniyaya ötən ay rəsmi səfər edib. O, Vestminster rayonundakı "Park Plaza" otelində qalıb. İsrailin müdafiə naziri Londondan Nyu-Yorka gedib. Lakin nazir oteldən çıxdıqdan bir qədər sonra gələn zəng hamının təəccübünə səbəb olub. Otelin işçisi Ehud Barakın otağında sənədlər tapdığını bildirib. "Channel 2"-nin məlumatına görə, sənədlərin bəzilərinin üzərində "tam məxfi" mənasını verən "mavi kod" olub.
Faktı İsrailin Müdafiə Nazirliyi də təsdiqləyib. Lakin nazirliyin nümayəndəsi iddia edib ki, unudulan sənədlərin arasında mətbuatın bilmədiyi heç nə yoxdur.
Milli.Az