Bakıda əhalini faytonla sərgiyə çağıracaqlar - FOTO
27 Aprel 2011 18:38
Sərginin təşkilatçıları "İTE Group plc" və "İteca Caspian" şirkətləridir. Bundan əlavə, sərgiyə Dünya Turizm Təşkılatı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Beynəlxalq Turizm və Sərgilər Assosiasiyası da dəstək verəcəklər. AzərTAc xəbər verir ki, bu sözləri aprelin 27-də "AİTF-2011" 10-cu Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər, 2-ci Ümumrespublika Daxili Turizm sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransında "İteca Caspian" şirkətinin reklam üzrə meneceri Mehriban Baxşıyeva deyib.
Konfransda "İTE Group plc" şirkətinin icraçı direktoru Edvard Stroon "AİTF" sərgisi haqqında məlumat verib. Bildirib ki, ilk dəfə 2002-ci ildə keçirilmiş sərgidə 5 ölkədən 26 şirkət iştirak edib. "AİTF-2011" sərgisi isə 24 ölkədən 230 şirkəti qəbul edəcək. Qonaq başqa ölkələrdən fərqli olaraq Azərbaycanda keçirilən sərgidə xarici turizm məkanları ilə yanaşı, daxili turizm marşrutlarının da təqdim olunacağını vurğulayıb. Azərbaycanın turizm imkanlarından və təbii gözəlliklərindən danışan E.Stroon sərginin təşkilinə göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıq edib.
Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev 2-ci Ümumrespublika Daxili Turizm Sərgisi barədə məlumat verərək bildirib ki, bu tədbirdə 15 rayondan 83 hotel təmsil olunacaq.
"AİTF-2011" sərgisinin meneceri Xəyal Əliyeva deyib ki, sərgi ərəfəsində turizm istiqamətlərinin kataloqu dərc olunub. Kataloqda səyahət turlarını təşkil edən şirkətlər haqqında məlumat verilib. Bundan əlavə, beynəlxalq tədbirin davam edəcəyi günlərdə şəhərdə əhalini sərgiyə dəvət edən faytonlar gəzəcək, həmçinin "Bakı Ekspo" sərgi və toplantı mərkəzində əyləncə proqramları təşkil ediləcək, seminarlar keçiriləcək.
Milli.Az
