Sərnişinlərin çoxdan gözlədiyi an gəlib çatdı. Uzun müddət sərnişinlərin narazılıqla qarşıladığı, mübahisələrə səbəb olan sürücülərin avtobuslarda siqaret çəkməsi qadağan olundu. Bununla bağlı Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na əlavə edib. İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi ilə əlaqədar olaraq qəbul edilən əlavəyə əsasən, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda siqaret çəkilməsi qadağan olunub.
Müstəqil Nəqliyyatçılar Birliyinin sədri Natiq Ələkbərov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, qanunvericiliyə edilmiş dəyişiklik sərnişidaşımada özbaşınalığın qarşısının alınmasında mühüm rol oynayacaq. Sürücülər artıq sərnişinlərə hörmətlə yanaşıb siqaret çəkməyəcəklər: "Hansı sürücü siqaret ürəyi istəyir, dayanacaqda avtobusdan kənarlaşıb siqaretini çəkə bilər. Daha sərnişinlərin içərisində bunu etmək qanunla qadağan olunub. Digər bir tərəfdən, artıq sürücülər siqaretdən çəkinməlidir".
Ekspert deyir ki, qanunvericilkdə qaydaları pozan şəxsin 40-50 manat cərimə nəzərdə tutulub ki, bu da kifayət qədər yüksək cərimədir: "Düşünürəm ki, qanunda edilmiş dəyişilklər avtobus sürücülərinin özbaşınalığının qarşını alacaq".
"Bakısərnişinnəqliyyat"
MMC-nin mətbuat xidmətinin rəhbəri Samir Həsənov Milli.Az xəbər portalına
açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə
hərəkət edən avtobuslarda siqaret çəkilməsinin qadağan olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişikliklər qərarı
artıq qüvvəyə minib. Lakin qərarın icrası üçün Nəqliyyat Nazirliyi tərəfindən mexanizm
hazıralanmalıdır. Onun sözlərinə görə, mexanizm hazırlandıqdan sonra qaydaların
tətbiqinə başlanacaq.
O, əlavə etdi ki, paytaxtdaxili
avtobuslarda sürücülərin davranışına nəzarəti "Bakışərnişinnəqliyyat" həyata keçirəcək.
Anar Məmmədov
Milli.Az