XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın anadan olmasından 88 il keçir

28 Aprel 2011 09:30
Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.

Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi.

Aprelin 28-də XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümü tamam olur. Zərifə xanım 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə çevrilib.

Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, ulu öndərimizə mənəvi dayaq, arxa olub.

Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb.

Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.

Bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə "Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi" mövzusunda müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil edib.

1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olub. Bu sahənin əhatə dairəsinin çox geniş olmasına baxmayaraq, gözün peşə xəstəlikləri probleminə dərin və çoxsahəli marağını Zərifə xanım Əliyeva bütün həyatı boyu itirməmişdir. Alim dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Apardığı tədqiqatların gedişində "Göz yaşının axmasının fiziologiyası", "Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti" və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirib.

Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin "Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti" mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edib. 1976-cı ildə Q. Helmqolts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndiriblər.

Zərifə xanım Əliyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib.

Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.

Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: "Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək , hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir".

Özünün zəngin tibb təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verirdi. Bu münasibətlərdə həkimin "sözlə" müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmannasızlıq təşkil edir.
Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb.

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır.
Professor N.Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə edib: "Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik. Zərifə xanımın bədii duyumu, bədii istedadı bənzərsiz idi. Zərifə xanım necə böyük məharətlə ifa edir, nəğmələr oxuyurdu. Onun incə barmaqları sürətlə pianonun dilləri üstündə gəzir, toplaşdığımız otağı bəzən gur, bəzən də həzin musiqi sədaları bürüyürdü.

Bir qadın kimi də Zərifə Əziz qızı haqqında bir neçə kəlmə deməyə bilmərəm. Təbiət ona qeyri-adi qadın cazibədarlığı bəxş etmişdi. Onun görkəmi, qalın saçları, sifətinin qövsvari cizgisi, açıq alnı, insanın qəlbini riqqətə gətirən qara gözləri heyranlıq doğurmaya bilməzdi. Zərifə Əziz qızının bütün varlığı hərəkətlərindən və üzünün mimikasından oxunurdu. Mən onu heç zaman əsəbi, qəzəbli görməmişəm. O, həmişə gülərüz, xeyirxah idi. Zərifə xanımın əlləri xüsusilə insanı valeh edirdi. Bu balaca qadın-cərrah əlləri sanki təmasda olduğu hər şeyə istilik verirdi, eyni zamanda bu əllərdə ailə qayğılarının, qadın əməyinin izlərini də sezmək mümkün idi. Belə ki, Zərifə xanım yüksək təbəqəyə mənsub olsa da ev işlərindən boyun qaçırmazdı".

Dünya oftalmologiya elminin digər tanınmış simaları da Zərifə xanım Əliyeva haqqında tarixi fikirlər söyləyiblər. Görkəmli oftalmoloq, akademik A.Nesterov deyib: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi". Akademik N.Puçkovskaya "xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb. Professor A.Brovkina onu "nəciblik və mənəvi paklıq timsalı" adlandırıb. Professor V.V.Şmelyeva demişdir: "Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu "Əvəzolunmaz insan haqqında povest" adlandırardım".

Zərifə xanım Əliyeva az yaşadı. O, istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görə bilərdi. Ömrünün sonuncu anına kimi o, həyatla, gələcək planlarla yaşayırdı. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

AzərTAc