Bir minik avtomobilinin zorla keçə bildiyi yolda iki yük maşını qarşı-qarşıya keçmək istəyir. Nəticədə isə yolun kənarındakı vətəndaşlara məxsus qaz və elektrik xətlərinə ciddi zərər dəyir, hətta insanların yaralanmasına da səbəb olur. Söhbət Sabunçu rayonunun eyniadlı qəsəbəsində şəhər şossesi döngə 5 adlı yerdən gedir. "Xəzər Xəbər" ərazidəki vəziyyəti işıqlandırıb və problemin həlli yolunu araşdırıb.
Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, yük avtomobillərinə giriş qadağandır işarəsi olsa da, nişana məhəl qoyulmur. Bundan əlavə, bir maşının zorla keçə bildiyi yolda iki istiqamətə hərəkət edən avtomobillər ya yol kənarındakı qaz xətlərini qırır, ya da insanların həyətlərinin divarlarını dağıdır.
Görüntülər Sabunçu rayonunun eyniadlı qəsəbəsinin Şəhər şossesi küçəsi döngə 5 adlı ərazidəndir. Sakinlər deyirlər ki, küçənin dar olmasına baxmayaraq, iritonnajlı yük maşınları və avtobusların mütəmadi olaraq küçədən keçməsi burda yaşayışı demək olar ki mümkünsüz edir. Zabrat şossesindən Balaxanıya getmək istəyən avtomobillərin də bu dar küçədən keçməsi vəziyyəti daha da gərginləşdirib.
Avtomobillərin dar küçədən qarşı-qarşıya keçməsi hətta azyaşlı uşaqların zədələnməsinə də səbəb olub.
Məsələ ilə bağlı Sabunçu rayon icra hakimiyyətinin qəsəbə nümayəndəliyinin mühəndisi Arif Əmrahov vəziyyətdən xəbərdar olduqlarını dedi. Onun sözlərinə görə, küçənin kənarından irihəcmli qaz xətləri keçdiyindən həmin ərazidə yol genişləndirmə işlərinin aparılması mümkün deyil. Buna görə bəzi yollarda təmirlə əlaqədar olaraq yüklənən bu dar yoldakı vəziyyət hələ bir müddət davam edəcək.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: