"Qırmızı şeytanlar" almanların işini ilk oyundaca bitirdi
27 Aprel 2011 09:36
Azerisport.az xəbər verir ki, ənənəvi olaraq turnirin oyunları yenə çərşənbə axşamı və çərşənbə gününə salınıb.
İlk oyun günü daha çox Almaniya və İngiltərə təmsilçilərinin dueliylə yaddaqalan olub. 1/4 finalda ÇL-in son qalibi olan "İnter"i sürpriz şəkildə turnirdən kənarlaşdıran "Şalke" doğma divarlar arasında "Mançester Yunayted"lə dueldən qalib çıxmağa çalışsa da, buna nail ola bilməyib. Almanların növbəti sensasiyasına imkan verməyən ingilislər iki cavabsız səfər qolu sayəsində demək olar ki, finala vəsiqəni həll etmiş olublar. "Şalke"nin cavab görüşündə də nəsə sensasiya etməsi qətiyyən inandırıcı görünmür.
İkinci oyun günündə isə bütün dünya növbəti "El Klassiko"nun şahidi olacaq. İspaniyanın iki nəhəngi - əzəli rəqiblər olan "Barcelona" ilə "Real" məhz qitənin ən nüfuzlu turnirinin yarımfinal mərhələsində üz-üzə gəliblər. Qeyd edək ki, bu, tərəflərin 18 gün içində 3-cü dueli kimi gerçəkləşəcək. Öncə La Liqada qarşılaşan tərəflər 1:1 hesablı heç-heçə ilə kifayətlənmişdilər. Ardından İspaniya kubokunun finalında "Real" minimal hesablı qələbə ilə cari mövsümdə ilk tituluna sahib çıxdı. İndi isə daha ciddi sınaq var və bu dəfəki oyunların daha gərgin keçəcəyi şübhəsizdi.
Çempionlar Liqası
Yarımfinal
İlk oyunlar
26 aprel
"Şalke" - "Mançester Yunayted" - 0:2 (0:0)
Qollar: Giqqz, 67, Runi, 69.
27 aprel
23:45. "Real" - "Barcelona"
Milli.Az