Böyük qaçış: imkanı olan erməni başını götürüb, gedir

27 Aprel 2011 08:02
" - Dünya ölkələrində ermənilərin sayı belə çoxdursa, onda nə üçün Ermənistan çox kiçik və əhalisi fasiləsiz azalan ölkədir?
-  Çünki Ermənistan ölkə yox, ofisdir".

... Sovet illərindəki populyar "Erməni radiosu" mövzusundan olan bu lətifə indi Ermənistandakı vəziyyəti çox dəqiq səciyyələndirir. Başqalarına güvənib, başqalarının dəstəyini alan və silahından yararlanan ermənilər Azərbaycan ərazilərinin 20 faizini hələ də işğal altında saxlamalarına rəğmən, özlərni qalib yox, məğlub sayırlar.
Çünki haylar çox gec olsalar da, anlayıblar ki, onların müvəqqəti işğalı Pirr qələbəsindən daha çox, Dara üstünlüyünə bənzəyir.

Qədim Parsiyanın hökmdarı Dara da Persepolis kimi nəhəng şəhəri yaratmasına rəğmən, yunan torpaqlarına ayaq basandan sonra məğlubiyyətlərini sıralamışdı.
Və məhz yunanların kəndlərini, şəhərlərini yandırıb geri qayıdandan sonra Daranın ölkəsindən başqa məmləkətlərə köç başlanmışdı.

Ermənistan prezidenti Serj Sarkisyan və onun sələfi Robert Köçəryan nə qədər çalışsalar belə, Dara ilə müqayisə edilə bilməzlər.

Ən azı ona görə ki, Dara qismən ağıllı idi.

Ermənistanın indiki hakimiyyətinin yürütdüyü siyasət isə nə qədər sərt səslənsə də, əqli çatışmazlıq və intihara meylli təki qiymətləndlirilə bilər.

Sarksiyan rejiminin xarici siyasətdəki fasiləsiz məğlubiyyət və uğursuzluqları sıralamasını, ölkəni faktiki olaraq Rusiyanın Cənubi Qafqazdakı quberniyası halına salması, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş danışıqlar prosesində marginal bəyanatlar və aqressiv davranışlarla Avropanın səbr kasasını daşdırmağa başlamasını hələlik qoyaq bir kənara.

Problemlər arasında biri də odur ki, Ermənistandan əhalinin kütləvi şəkildə axını davam edir.

Milli.Az xəbər portalının "Haykakan Jamanak" qəzetinə istinadən verdiyi məlumata görə, hazırkı həyat şəraitinin davam edəcəyi təqdirdə, bu ilin sonunadək ölkəni daha 300 min nəfər tərk edəcək. Məlumatda bildirilir ki, burada qonşu Gürcüstana üz tutmuş və orada biznes qurmuş şəxslər nəzərə alınmır.

Qəzet yazır ki, miqrasiyanın belə yüksək səviyyədə olması əhalinin 80%-nin sabaha inamının olmaması ilə bağlıdır: "Beləliklə, Ermənistanı müharibədən sonrakı dövrdə ən ciddi miqrasiya dalğası gözləyir. Bunun qarşısının alınması üçün insanların sabaha inamı bərpa olunmalıdır. Bu isə yalnız mövcud hakimiyyətin dəyişməsindən sonra mümkündür".

Yazılanlar qismən doğrudur, çünki Ermənistanda hakimiyyətlə yanaşı, əhalinin düşüncə tərzində də ciddi dəyişikliklər olmalıdır. Ermənilər binəyi-qədimdən yaşadıqları yerə daim ələ keçirilmiş və nəyin bahasına olursa-olsun, "erməniləşdiriləsi" məkan kimi baxıblar.

Çağdaş Ermənistan isə bütünlüklə qonşu dövlətlərin ərazilərində yaradıldığından, haylar həmin bölgələri erməniləşdirməyə çalışandan sonra səylərinin bir nəticə vermədiyini anlayıblar.

Ermənilər ümidlərini üzüblər

Ermənistanın kütləvi informasiya vasitələrində yer alan məlumatlar, informasiyalar və şərhlərə görə, ölkə vətəndaşları dövlətin perspektivlərinit çox bədbin sayırlar. Üstəlik çox ağır sosial-iqtisadi vəziyyət, fasiləsiz çətinləşən yaşam şərtləri, işsizliyin kütləvi hal alması və ölkə iqtisadiyyatının "hami" dövlətə satılmayan hissəsinin öüsbütün inhisarlaşması erməniləri ümidsizləşdirib.

Ölkəsində iş tapa bilməyən və işsizlikdən bezən ermənilər də Ermənistanda erməni kimi yaşamaqdansa, xarici ölkələrdən birinə yollanıb, qabyuyan çalışsalar da, adam kimi yaşamağa üstünülk verirlər.

Bu səbəbdən də Ermənistandan mühacirət sürətlənir. Yerevandakı Ermənistan İnsan Haqları Mərkəzinin son hesabatlarından birində vurğulanır ki, ölkənin iri şəhərlərində keçirilmiş və miqrasiya problemlərinə həsr olunmuş sorğuya qatılan, yetkinlik yaşına çatmış ermənilərin 73 (!) faizi əllərinə imkan düşərsə, mühacirət edəcəklərini deyiblər.

Erməni sosioloqlarının fikrincə, kütləvi mühacirətin qarşısı alınmasa, ölkədəki vəziyyət daha da pisləşəcək, Ermənistan bölgənin ən yoxsul və perspektivsiz dövlətinə çevriləcək, ən başlıcası isə Dağlıq Qarabağ münaqişəsində Yerevanın mövqeləri həddən ziyyadə zəifləyəcək.

Yerevan Miqrasiya Problemləri Mərkəzinin eksperti Hrayr Manukyanın dediyinə görə, mühacirət indiki templərlə davam etsə, ölkənin gələcəyinin necə olacağını təxminləmək belə, qorxuludur.

"Hakimiyyət dairələri etiraf etmək istəmirlər ki, mühacirət dəhşətli səviyyəyə çatıb. İmkanı olan başını götürüb qaçır. Elə kəndlər var ki, orada hər 10 evdən 5-6-da işıqlar yanmır. Gedənlərin tam əksəriyyəti 25-40 yaş arasında olanlardır. Belədirsə, Ermənistanda kim qalıb işləyəcək və əgər müharibə olarsa, bu ölkəni kim, necə qoruyacaq?" - H.Manukyan bildirib.

Əgər müharibə başlayarsa...

Erməni hərbi ekspertlərin fikrincə, ölkə rəhbərliyinin çıxışlarına və bəyanatlarına rəğmən, əgər Dağlıq Qarabağ münaqişəsi bölgəsində yenidən müharibə başlarsa, Ermənistanın vəziyyəti çox ağır olacaq.

"Mən də istərdim deyəm ki, müharibəyə hazırıq və ordumuz da güclüdür. Amma belə deyil. Sabah müharibə olarsa, Azərbaycan insan resursları baxımından üstünlüyündən maksimum istifadə edəcək, bizdəki dağıdıcı mühacirətin törətdiyi fəsadlardan yararlanacaq", - Ermənistandakı "Sardarapat" hərəkatının yaydığı bəyanatda deyilir.

"Sardarapat" hesab edir ki, Ermənistan rəhbərliyi mühacirət dalğasının qarşısını almaq və gedənlərin axınını səngitmək üçün faktiki olaraq heç nə etmir.

Və bu, həqiqətdir.

Ermənistan prezidenti Serj Sarkisyan bundan sonra nə etsə belə, ölkəni tərk edənlərə mane ola bilməyəcək. Mühacirət etmək fikrinə düşənləri hətta həbs gözləsə də, ermənilər qaçmağa davam edəcəklər.

Axı səbr kasası daşan və heç bir ümid yeri olmayan insanları zorla ac saxlamaq olmaz...

Novruz Sultanov
Milli.Az