Millət vəkili: “Müəllimlərə dovlət qulluqçusu statusunun verilməsi həm maddi, həm də mənəvi cəhətdən önəmlidir”

26 Aprel 2011 12:33
"Azərbaycanda müəllimlərin dövlət qulluqçusu kateqoriyasına daxil edilməsi ilə bağlı Prezident İlham Əliyevin qərarı böyük əhəmiyyətə malikdir. Bütün təhsil ictimaiyyəti dövlət başçısının bu addımını alqışlayır". Milli.Az xəbər portalının məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev deyib. Millət vəkili bildirib ki, bu məsələnin müəllimlər üçün mənəvi cəhətdən üstünlüyü çoxdur. Çünki təhsil işçiləri xalqımız qarşısında böyük xidmətlər göstərir, gənc nəslin təlim-tərbiyəsində, onların yaxşı təhsil almasında öz zəhmətlərini əsirgəmirlər. Onun sözlərinə görə, bu mənada müəllimlərə dovlət qulluqçusu statusunun verilməsi mənəvi baxımdan önəmlidir.

"Əlbəttə, bu məsələnin sosial tərəfi kifayət qədər vacibdir. Müəllimlər dövlət qulluqçusu olduqdan sonra yüksək maaş və pensiya alacaqlar. Bu qərar tətbiq olunanda yəqin ki, yaşlı müəllimlər yüksək təqaüd müqabilində pensiyaya çıxacaqlar. Şübhəsiz ki, yaxın aylarda ölkə Prezidentinin məlum sərəncamına uyğun olaraq tədbirlər görüləcək və müəllimlərin dövlət qulluqçusu kimi statusu rəsmiləşəcək. Mən dövlət başçısının həmin sərəncamını mükəmməl bir sənəd hesab edirəm", - Asəf Hacıyev vurğulayıb.

Milli.Az