Bakıda Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan konfrans keçirilir (onlayn-yayım)

26 Aprel 2011 11:54
Bakıda "IT-IP: yeni biliklərin ötürülməsi və qorunması" mövzusunda konfrans öz işinə başlayıb. Tədbir hər il aprelin 26-da qeyd olunan Beynəlxalq Əqli Mülkiyyət Gününə (World Intellectual Property Day) həsr olunub.

Tədbirin təşkilatçıları Müəllif Hüquqları Agentliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.

Konfransın işində tanınmış elm xadimləri, millət vəkilləri, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Konfransda informasiya texnologiyaları və əqli mülkiyyət, yeni biliklər və onların qorunması məsələləri ilə yanaşı, Azərbaycana məxsus olan əqli mülkiyyətin, eləcə də maddi və qeyri-maddi irsin oğurlanması, mənimsənilməsi, bu sahədə tarixi saxtakarlıqlar və uydurmalar geniş müzakirə olunur.

Konfransın bütün məruzələri onlayn rejimdə Agentliyin /www.copag.gov.az/ və Rabitə və İnformasiya Nazirliyinin /www.mincom.gov.az/ saytları vasitəsilə internetdə yayımlanır.

/Trend/