Həm sahibkarın işi yüngülləşəcək, həm də ucuzluq olacaq

11 Avqust 2016 11:51

Prezidentin vergi islahatları ilə bağlı sərəncamı sahibkarlığın stimullaşdırılması, onlara münbit şəraitin yaradılması, vergi yükündən əziyyət çəkməmələri, qiymət artırmağa məcbur olmamalarını nəzərdə tutur.

Bunu Milli.Az-a iqtisadçı-ekspert Qalib Toğrul prezident İlham Əliyevin vergi islahatları ilə bağlı son sərəncamının hansı dəyişikliklərə səbəb olacağını şərh edərkən deyib.

Onun sözlərinə görə, məsələn, əlavə dəyər vergisi (ƏDV) ödənişlərində əvəzləşdirmənin mümkün olmaması məhsulun qiymətinin artmasına gətirib çıxarırdı. Amma indi pərakəndə ticarət müəssisələrində ƏDV ticarət əlavəsindən ödəniləcək: "Bir müddət əvvəl supermarketlər deyirdilər ki, xüsusən də kənd təsərrüfatı məhsulları ilə bağlı ƏDV-ni əvəzləşdirə bilmədiyindən bu, məhsulun qiymətinin artmasına gətirib çıxarırdı. Əgər bunu əvəzləşdirmək mümkün olmursa, onda sahibkar həmin vergini ya öz cibindən ödəməli idi, ya da istehlakçıdan çıxarmalı idi. Artıq bu problem aradan qalxacaq və əgər sahibkarlar işlərinə vicdanla yanaşsalar, o deməkdir ki, onlar müəyyən məhsulların qiymətlərini endirməlidirlər".

Bundan əlavə, iqtisadçının fikrincə, ƏDV-nin diferensiallaşdırılması da çox önəmli məsələdir: "Yəni artıq hamı üçün 18 faiz, yaxud kimin üçünsə 0 faiz vergi güzəşti tətbiq olunmayacaq. Bu isə o deməkdir ki, müəyyən yüksək ƏDV vergi ödəyənlər daha aşağı dərəcə ilə, yəni bundan sonra orta dərəcə ilə, məsələn, ola bilər ki, 8-9 faiz vergi ödəsinlər. Eyni zamanda vergi güzəştləri problemi də birdəfəlik həll ediləcək. Məsələn, dərman preparatlarının, uşaq qidalarının, kitabların və s. ƏDV-dən azad edilməsi məsələsi tez-tez qaldırılırdı. Artıq onların vergidən tam azad olmasından söhbət getməyəcək, amma daha aşağı faizlə vergiyə cəlb olunacaqlar".

Q.Toğrul qeyd edib ki, vergi yoxlamaları məsələsi də qaydasına düşə bilər: "Yoxlamalarla, xüsusən də səyyar yoxlamalarla bağlı çoxlu narazılıqlar var idi. Kameral yoxlamaların şəffaf mexanizmini yaratmaqla isə sahibkar hesabatı, bəyannaməni təqdim etdiyi vaxtdan artıq kameral verginin hesablanmasına başlanılır. Görünür, bundan sonra Vergilər Nazirliyi səyyar yoxlamalar əvəzinə kameral yoxlamalara üstünlük verəcək".

İslahatlardan sonra buna qədər vergidən yayınanların vergiyə cəlb olunması da öz həllini tapa bilər: "Kənd təsərrüfatı məhsulları istehsalçıları 1999-cu ildən torpaq vergisindən başqa bütün vergilərdən azad olunublar. Lakin orada onların konkret hansı vergilərdən azad olunmasının sərhədləri müəyyən edilməmişdi. Bu da bəzi subyektlərin vergidən yayınmasına gətirib çıxarırdı. Amma indi kənd təsərrüfatı ilə emal sənayesi arasında dəqiq sərhədlərin çəkilməsi da islahatlara salınıb ki, bunu da yüksək qiymətləndirirəm".

Ekspert hesab edir ki, islahatlar Azərbaycandan alış-veriş edib ölkəsinə aparan turistlərin də narazılığına son qoyacaq: ""Tax free" sisteminin olmaması xarici turistlərdə müəyyən narazılıqlar yaradırdı. Amma indi həm hava limanlarında, həm dəmiryolu vağzallarında, bütün sərhəd-buraxılış məntəqələrində xarici vətəndaşlar ƏDV üçün ödədikləri məbləğin bir hissəsini geri ala biləcəklər".

İqtisadçı əlavə edib ki, xarici təcrübədən bəhrələnərək və Azərbaycan təcrübəsinə uyğun tətbiq ediləcək vergi sistemlərinin tətbiqi də çox təqdirəlayiqdir: "Bunlar hamısı sahibkarların vergi yükünün optimallaşdırılmasına, müəyyən mənada azalmasına, yoxlamalar zamanı incidilməməsinə hesablanıb. Amma fikrimcə, orada bəzi məqamlar da var ki, onların müsbət səmərə verib-verməyəcəyini zaman göstərəcək. Çünki həmin mexanizmlərin Azərbaycanda tətbiq edilməsi ilə bağlı müəyyən çətinliklər yarana bilər. Yəni elə şeylər var ki, onun üçün Azərbaycanda vergi mədəniyyəti formalaşmalı, vergi ödəyiciləri və orqanları arasında səmimi münasibətlər qurulmalıdır".

İlkin İzzət

Milli.Az