Elmar Məmmədyarov ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə müşavirini qəbul edib
25 Aprel 2011 20:49
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri Tina Kaydanovu qəbul edib. Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Kaydanov ABŞ-ın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.
Kaydanov ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunmasında maraqlı olduğunu və bu istiqamətdə öz töhfəsini verməyə hazır olduğunu vurğulayıb və ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət irəliləyişin əldə olunmasına tərəfdar olduğunu bildirib.
Nazir Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi çərçivəsində 22 aprel 2011-ci il tarixində Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyini qeyd edib. Məmmədyarov mövcud status-kvonun saxlanılmasını yolverilməz hal kimi qiymətləndirib. O, regionda davamlı sülhün və sabitliyin bərqərar olması üçün kommunikasiyaların bərpa olunması vacibliyini qeyd edərək, bunun üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan Silahlı Qüvvələrinin çıxarılmasının əsas şərt olduğunu vurğulayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Görüşdə birgə maraq kəsb edən digər müxtəlif ikitərəfli, regional və qlobal mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Milli.Az