Məşhur türk serialında Şah İsmayıl Xətai təhqir olunub?

25 Aprel 2011 21:42
Milli.Az xəbər portalı "Azadinform"a istinadən bildirir ki, ötən həftə Türkiyənin "Show" telekanalında yayımlanan "Möhtəşəm Yüzyıl" serialında filmin baş qəhrəmanı Sultan Süleymanın dilindən Azərbaycanın tarixi qəhrəmanı, 1499-1524-cü illərdə Səfəvilər dövlətinə rəhbərlik etmiş Şah İsmayıl Xətai təhqir olunub. Filmin ötən seriyasındakı səhnələrdən birində saraydakı səhər toplantısında əvvəl Süleymanın adamları tərəfindən Şah İsmayıl yaltaq kimi qələmə verilir, guya Səfəvi hökmdarının yazdığı yaltaqlıq dolu məktub oxunur. Daha sonra isə Sultan özü Şah İsmayılın şahlığını gülünc hissi ilə qarşılayaraq, katibinin "Şah İsmayılamı məktub yazırıq", sualına, "Əmirlər nə vaxtdan Şah olublar, Çaldıran düzündənmi?",- deyə kinayə ilə soruşur və ardıyca əlavə edir: "Yaz, hökumət və əmirlik sahibi Şeyx İsmayıl Heydər oğlu Səfəvi, Allah sizə doğru yolu göstərsin. Belə görünür ki, İslam dininin böyük zəfəri və Peyğəmbərimizin şəriətinin aşkar yolu sənə keçmiş adət-ənənələrin bildiyi şəkildə çatdırılmış və gərəkli cavab və salam bu məktubla sizə yazılmışdır..." Göründüyü kimi, burada ilk olaraq Şah İsmayılın Şahlığı kinayəylə qarşılanır və onun Çaldıran döyüşündəki məğlubiyyəti böyük qələbə kimi göstərilərək, Şah İsmayılın şah deyil, əmir olduğu bildirilir.

Əvvəla, Şah İsmayıl Sultan Süleymanın iddia etdiyi kimi əmir deyil, həqiqətən Şah olub. 1514-cü ilə kimi Şah İsmayıl 3 milyon kv.km əraziyə rəhbərlik edib ki, bu əraziyə bütöv İran, İraqın yarısı, Türkiyənin bir hissəsi, Ermənitan və Dərbəndə kimi Azərbaycan daxil idi. Bu qədər böyük bir əraziyə rəhbərlik edən bir şəxsi Şah deyil, əmir kimi qələmə vermək isə sultana (?) yaraşan hal deyil. Daha sonra isə baxaq Çaldıran döyüşünə. O zamana ki, Çaldıran döyüşünün baş verəcəyi günün gecəsi, saraydakı toplantıda sərkərdələrdən biri Şah İsmayıla Sultan Səlimin ordusuna qəfildən və gecə hücum etməyi təklif edir. Səbəb kimi isə Sultan Səlimin 200 minlik ordusuna qarşı Səfəvilərin 30 min ordusunun olması göstərilir. Amma Şah İsmayıl bunu qeyrətinə sığışdırmayaraq, "Biz karvanbasan quldur deyilik, kişi kimi üzbəüz döyüşəcəyik",-cavabını verir. Qeyri-bərabər keçən Çaldıran döyüşündə Səfəvi ordusunun 30 min əsgərindən 28 mini şəhid olur və 1 nəfər də olsun əsir düşmür. Əks tərəf isə 41 min əsgərini itirir 2000 nəfər isə əsir verir. Sultan Səlim Təbrizə daxil olur. Burada ona xəbər gətirirlər ki, Şah İsmayıl qüvvəsini cəmləşdirərək 300 minlik bir ordu ilə Təbrizə qayıdır. Sultan Səlim bu xəbərdən bərk qorxuya düşərək qaçmağa məcbur olur və ömrünün sonuna kimi heç vaxt Şah İsmayılla müharibə etməmək qərarı verir. Hətta bu qorxudan doğan hisslə Şah İsmayılın hücum edəcəyini nəzərə alıb Diyarbəkirdə hər ehtimala qarşı 50 minlik ordu saxlayır. Burada Şah İsmayılın Osmanlıya və onu rəhbərliyinə də böyük hörmət göstərdiyini vurğulamaq yerinə düşərdi. Belə ki, Səlimin atası Sultan Bəyazid qoca olduğu üçün Şah İsmayıl ona daim "ata",- deyə müraciət edərdi. Görünür, Şah İsmayıl Xətaini Sultan Süleymanın diliylə Şah deyil, əmir olduğunu göstərmək istəyən türk rejissor və "Möhtəşəm Yüzyıl"ın ssenari müəllifi tarixdən tamamilə xəbərsizdirlər. Çünki demək olar ki, əksər türk tarixçiləri Şah İsmayılı "Sufi Şahı",- deyə yazır və qədim sənədlərdə də bunun belə olduğunu vurğulayırlar.

Milli.Az