Diqqət, aldanmayın: pullu "hədiyyə" gələrsə, nə etməli?
26 Aprel 2011 08:50
Pulsuz pendir siçan tələsində olur
Tez-geci var, nə vaxtsa bu fırıldaqçılardan birinə rast gəlməliyik - ya böyüyünə ya da xırdasına ilişməliyik. Həmişə elə bilirik ki, kimi-kimi aldatsalar, bizi heç vaxt aldatmağa müvəffəq olmayacaqlar və həmişə ağıllı quş kimi dimdiyimizdən tələyə düşürük.
Sizə qəfil hədiyyə gələrsə...
O gün bir firmadan zəng eləyiblər ki, bəs sizin adınıza bağlama gəlib, ünvanıza göndəririk. Mən heç kimdən bağlama gözləmirəm deyəndə, çox inandırıcı şəkildə deyirlər ki, bəs iri bir məhşur qərb firması reklam kampaniyası kimi kompüter seçməsi vasitəsi ilə qimətli hədiyyə verir və sizin adınız da daxil edilib. İstənilən hədiyyə dəstləri vəd edə bilərlər - məhəbbət romanlarından tutmuş, bütün xəstəliklərdən sizi qoruyan hansısa brasletə qədər... Kuryer çeki verir və kimsə hədiyyədən imtina edirsə az qala sizi el içində biabır eləyəcək tərzdə qınayacaq ki, pulsuz hədiyyə verilir, amma xidmət edən firmanın zəhmət haqqını ödəmək istəmirsiniz. Adamlar, hətta qonşular da adama xəsis kimi baxırlar, canın çıxsın dörd manatını ödə. İstəyirsən hədiyyəni ən zəhlən gedən bir adama da verə bilərsən...
Unikal telefon tələsi
Yadımdadır, o vaxtlar idarələr, kontorlar yekə-yekə ofislər adlanmağa başlayarkən bir fırıldaq qurmuşdular. Bir kuryer bir qızardılmış toyuq (hələ küçələrdə "qril" satmırdılar) gəlirdi ofisə ki sifarişinizi qəbul edin. Kimdən soruşurdun, heç kəsin sifarişdən xəbəri yoxdur. Kuryer bir telefon nömrəsi verərdi ki, mən bilmirəm, bu nömrəyə sifariş vermisiniz. Deyilən nömrəyə zəng edirdin, çox mədəni surətdə üzr istəyib başqa adamın sifarişini səhv olaraq sizə göndərmişik deyərdilər. Bir daha üzr istəyirdilər. Siz də düşünürdüz ki, səhv olub, olan işdir... Ayın sonunda birdən yüz manat telefon pulu gəlirdi. Sən demə, heç kimin oxumadığı bir qəzetdə elan verilib ki, bəs bu nömrəli telefona bir zəngin qiyməti 100 manat imiş. Lap məhkəməyə versən də xeyri yoxdur...
İndi fırıldaqçılar da müasirləşib, "nömrə"lər də...
Bəzən heç zəng-filan da olmur, "satıcı"lar istədikləri ofis və ya mənzilə gedə bilərlər. Əsasən, kənd yerlərinə dadanıblar. Deyəsən, şəhər əhli artıq onların əlindən beziblər, ya da fırıldaqlarını başa düşüblər. Avtobus-dəmir yolu vağzallarında onlardan canını qurtarmaq mümkün deyil... Əsas "müştəri" də əyalət əhlidir. Adətən, bu "mallar"ın əsl qiymətini dəqiq bilməyən adamları pulsuz hədiyyələr veriləcək şirnikləşdirməsi ilə aldatmaq çox rahat olur. Deyirlər ki, malı çatırmaq və ya vergi xərci kimi az miqdarda pul vermək lazımdır. "Yüz manatlıq" mala 35 manat ödəyən "ağıllı" hələ yerlilərinin yanında lovğalanır da...
Hansı "hədiyyələr" sırınır?
Tez-tez belə hallarla rastlaşırıq: əllərində çanta ofislərə "xidmət" edənlər xırda-xuruşdan, yazı ləvazimatınnan tutmuş, daşlarla bəzənmiş sumka, qolbaq və başqa şeylər satırlar. Belə "qonaq"lardan sonra ciblərinizi, çantalarınızı yoxlayın. Alverçi adı ilə o qədər oğrular peyda olublar ki...
Hələ başqa qəribə variantlarla da üzləşərə bilərsiniz. Birdə gördünüz, aldığınız "hədiyyə" radio iki dəqiqidən sonra işləməyə bilər, aldığınız qələm yazmaya bilər, üzüyünüzün "malaxit" qaşı quaşla rənglənmiş taxta parçası ola bilər və s... Ağlınıza batmalıdır ki, sizin aldığınız "sürpriz"in qiyməti xidmət haqqından dəfələrlə az ola bilər. Təcrübəmizdən bilirik, biz də elə bilirik ki, bizi aldatmaq olmaz. Elə bilirlər ki...
Bəs neynəyək?
Bəlkə siçan tələsində pulsuz pendirə nəfs salmayaq hə? Əgər bu doğrudan da hədiyyədirsə, onu hansı əlavə xərc ödəmədən verərlər. Əgər sizdən əlavə vəsait tələb edirlərsə, (adını hansı fırıldaq qoyursunuz qoyun), deməli, sizi aldatmaq, faktiki olaraq malı satmaq istəyirlər. Buna başqa sözlə soxuşdurmaq da deyirlər...
Oqtay Salamov
Milli.Az