Azərbaycanda desant kursları açılacaq
25 Aprel 2011 13:21
Azərbaycanda yeniyetmələr üçün desant kursları açılacaq. Bu barədə Trend-ə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov bildirib. Onun sözlərinə görə, desant kurslarında yeniyetmələrə bir neçə istiqamətdə - nəzəri hazırlıq, paraşütdən tullanma, əlbayaxa döyüş və silah atıcılığı - təlimlər keçiləcək.
Novruzəli Orucov hesab edir ki, paraşütdən tullanma ilə məşğul olacaq yeniyetmələrdə qorxu hissi tamamilə aradan qalxacaq: "Paraşütdən tullanma elə bir psixoloji baryerdir ki, həmin baryeri keçə bilən gəncin nə döyüş zamanı, nə də digər vaxtlarda qorxu hissi olmur. Ona görə də biz paraşütdən tullanma təlimlərinə xüsusi önəm veririk".
Novruzəli Orucov onu da bildirib ki, Azərbaycan müharibə şəraitində yaşayır və torpaqlarımızın 20 faizi işğal altındadır. Bu səbəbdən gənclərin həqiqi hərbi xidmətə getməzdən əvvəl bu cür hazırlıq keçməsi vacibdir.
Qeyd edək ki, bir müddət əvvəl KHVTİC-in nəzdində snayper kursları fəaliyyətə başlayıb.
Milli.Az