Müəllim dövlət qulluqçusu olsa, kim daha çox qazanacaq: özü, yoxsa cəmiyyət?

25 Aprel 2011 13:51
Müəllimlərin çoxdan gözlədikləri an yetişmək üzrədir. Onlar dövlət qulluqçusu statusunu ala bilərlər. Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə sərəncam imzalayıb.

Müəllimlərə dövlət qulluqçusu statusu verilsə, hansı üstünlük əldə edəcəklər?

Ekspertlər müəlimlərin dövlət qulluqçusu statusunun verilməsini yüksək qiymətləndirir və gələcəyə nikbin baxmağa əsas verdiyini deyirlər. Təhsil üzrə ekspert, "XXI Əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi çox önəmli məsələdir. Deyir ki, müəllimin dövlət qulluqçusu statusu alması dünyanın aparıcı dövlətlərində çox geniş yayılıb. Dünyada ilk dəfə olaraq yapon müəllimləri dövlət quluqçusu statusu alıblar və bu, dərhal təhsilin keyfiyyətində özünü göstərib.
Ona görə də təhsil işçilərinin dövlət quluqçusu satatusu və ona uyğun əməkhaqqının müəyyənləşdirilməsi çox təqdirəlayiq haldır.

Müəllim ixtisasına həvəs artacaq

Ekspertin fikrincə, müəllimlərə dövlət qulluqçusu statusu verilməsi, bu ixtisasa geniş həvəs yarada bilər. Hazırda gənclərin əksəriyyəti 200-300 balla ən sonda müəllim ixtisasını göstərirlər. Bu balla müəllim ixtisasına daxil olanlar isə orta məktəbdə 2-3 qiymət almış abituriyent kütləsidir. 

"Təsvir etdiyimiz müəllim obrazı özünə qayıdacaq"

"Eyni zamanda müəllimlərin gələcəyə optimist yanaşmasına gətirib çıxaracaq, müəllimin cəmiyytdə sosial statusunun dəyişməsinə səbəb olacaq. Müəllim nəyə görə 65 yaşında təqaüdə getmir? O, pensiya ilə yanaşı məktəbdən də məvacib əldə edib dolanmaq istəyir. Statusun verilməsi ilə, təsvir etdiyimiz müəllim obrazı özünə qayıdacaq. Müəllimin üzərinə ilk növbədə məsuliyyət qoyulacaq, dərsin keyfiyyətinə məsuliyyət daşıyacaq. Müəllimin başqa sosial təbəqələrədən fərqi görünməlidir. Müəllim axı bütün zamanlarda cəmiyyətin aparıcı qüvvəsi olub"-ekpert bildirdi.

Qeyd olunan müsbət addımlarla yanaşı, E.Əliyev təhsilin keyfiyyətinə nəzarətin təşkil olunması üçün mexanizmin yaradılmasını, müəllimlərin atestasiyası və sertifikasiyasının keçrilməsini vacib sayır.

Nazirlik rəsmisi: "Müəllimlərə dövlət qulluqçusu statusu verilsə..."

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadənin  Milli.Az xəbər portalının "Müəllimlərə dövlət qulluqçusu statusu verilsə, hansı üstünlük əldə edəcək?" sualına cavabı qısa oldu.
Nazirlik rəsmisi dedi ki, müəllimlər dövlət qulluqçusu statusu verilərsə, dövlət qulluqçusunun əldə etdiyi bütün üstünlüklər onlara da şamil ediləcək. Əlavə etdi ki, "Dövlət qulluğu haqqında" qanunda hər bir məsələ aydın göstərilib: "Orada qeyd olunan bütün imtiyazların hamsı müəlimlərə veriləcək. Bura dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər, lazımi qulluq şəraiti, haqqı ödənilən məzuniyyət, dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası, dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəltmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük, pensiya təminatı və dövlət sosial sığortası və s. kimi imkanlar aiddir".

Anar Məmmədov
Milli.Az