"İrana qayıtmaqdansa, burada ölmək yaxşıdır" - FOTO
25 Aprel 2011 18:04
Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, Böyük Britaniyada siyasi sığınacaq almaq istəyən 4 iranlı mühacir ağızlarını sapla tikərək aclıq aksiyasını davam etdirirlər. Onlar Londonun cənubundakı Kroydondakı İmmiqrasiya Mərkəzinin qarşısında oturub. Həmin mühacirlərə 2 iranlı da qoşulub.
İranlılar 20 gündür ki, heç nə yemirlər. 2009-cu ildə İranda hakim rejimə qarşı etiraz aksiyalarında iştiramk etmiş bu şəxslər İrana deportasiya ediləcəkləri təqdirdə həyatlarını təhlükə gözlədiyini deyirlər.
Onlar Tehranda həbs ediləndən sonra döyülüblər, işgəncələr məruz qalıblar. Aclıq edən iranlılardan birinin dediyinə görə, Tehrandakı həbsxanada təcavüzə məruz qalıb.
17 yaşlı Məhyar Meyarinin sözlərinə görə, Tehranda etiraz aksiyalarına qatıldığı üçün həbs olunaraq, ağır işgəncələrə məruz qalıb.
"Həbsxanada məni dəyənəklərlə döydülər, huşumu itirəndə isə zorladılar. İrana qayıtmaqdansa, burada ölmək yaxşqıdır. Britaniya hökumətindən xahiş edirəm ki, bizi İrana deportasiya etməsin", - Meyari söyləyib.
32 yaşlı Keyvan Bahari isə aclıq aksiyasının deportasiya edilməmək üçün son ümidləri olduğunu deyib: "Britaniyada bizim kimsə eşitmək istəmir. Başqa çıxış yolumuz qalmayıb".
Məhyarın qardaşı, 20 yaşlı Mehran, habelə 30 yaşlı Murtaza Bayat və 31 yaşlı Əhməd Sadeqi bildiriblər ki, onlar İrana deportasiya edilsələr, ağlagəlməz işgəncələrlə üzləşəcəklər.
Milli.Az



