Xaçmazın polis rəisinin müavini qəza törətdi: 2 ölü, 2 yaralı
25 Aprel 2011 09:57
Ötən gecə saat 02 radələrində Bakı-Quba yolunun 89-cu kilometrliyində, magistralın Siyəzən rayonu Zarat kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsi istintaq və təhqiqat şöbəsinin müstəntiqi Hikmət Kərimovun ANS PRESS-ə verdiyi məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər isə müxtəlif xəsarətlər alıb. Xaçmaz polis şöbəsinin şəxsi heyət üzrə rəis müavini Tanrıverdi Məmmədova məxsus "Mercedes" markalı avtomobil yolun orta hissəsindəki qoruyucu metal çəpərə çırpılıb. Məlumata görə, avtomobil metal çəpərə çırpıldıqdan sonra beton yolda daha 118 metr sürüklənib.
Qeyd edək ki, qəza nəticəsində həlak olanlar Siyəzən polisi əməliyyat şöbəsinin müvəkkili, 36 yaşlı Xəyyam Məmmədov və onun həyat yoldaşıdır. Yaralılar isə X.Məmmədovun qardaşı Tanrıverdi Məmmədov və onun həyat yoldaşı Vəfa Dadaş qızı Məmmədovadır.
Faktla bağlı əməliyyat qrupu araşdırmalara başlayıb. Qəzanın səbəbləri və avtomobili qardaşlardan hansının idarə etməsinin müəyyənləşməsi istiqamətində araşdırma aparılır.
Milli.Az