Üçüncü ərəb lider də devrildi
25 Aprel 2011 09:17
Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Yəməndə iqtidarda olan Ümummilli Xalq Konqresi (ÜXK) ölkədəki ağır siyasi böhranın çözülməsi məqsədilə Fars Körfəzinin Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (FKƏDŞ) XİN başçıları Şurasının hazırladığı "yol xəritəsi"ni qəbul edib. ÜXK-nin rəsmi təmsilçisi Tarik Şaminin dediyinə görə, Yəmənin iqtidar partiyası FKƏDŞ üzvü olanların XİN Başçıları Şurasına bu təşəbbüsün qəbul edildiyini bildirib.
Yəmənə qonşu dövlətlərin hazırladıqları "yol xəritəsi" ölkə müxalifətinin təmsilçilərinin rəhbərlik edəcəyi milli vəhdət hökumətinin formalaşmasından 30 gün sonra prezident Əli Abdalla Salehin istefasını nəzərdə tutur. O, bütün səlahiyyətlərini vitse-prezidentə verməlidir. Vitse-prezident isə iki ay ərzində yeni hökumətlə birlikdə prezident seçkilərinin hazırlanması ilə məşğul olacaq.
32 ildən bəri Yəmənə rəhbərlik edən Saleh könüllü istefasının müqabilində özünə və ən yaxın tərəfdaşlarına toxunulmazlıq statusu alacaq.
"Yol xəritə"sinə görə, Yəmən müxalifəti bütün etiraz aksiyalarını dərhal dayandırmalı və küçələrdəki tərəfdarlarının mitinqlərinə son qoymalılır.
Yəmənin yeni hökumətinin yarısı iqtidar partiyası, 40 faizi müxalifət qüvvələri koalisiyası, 10 faizi isə müstəqil siyasətçilərdən ibarət olacaq.
Milli.Az