Ərəb dünyasında təlatümlər aramsız davam edir
25 Aprel 2011 06:23
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Yəməndə prezident kütləvi etirazların qarşısını ala bilməyib.
Minlərlə etirazçı hələ də paytaxt Sanadakı Dəyişiklik Meydanını tərk etmirlər.
Prezident Əli Abdulla Saleh bundan əvvəl istefaya getmək tələbini müəyyən şərtlərlə qəbul etdiyini deyib.
Lakin o, sonradan etirazları dövlət çevrilişi kimi qiymətləndirib.
Prezident Saleh əgər ona mühakimədən immunitet verilərsə, bir ay müddətində postunu tərk edəcəyini bildirmişdi.
Etirazçılarla prezident arasında sövdələşmə variantını Körfəz Ölkələri Şurası təklif edib.
Lakin etirazçılar 32 ildir ki, hakimiyyətdə olan Salehin dərhal istefasını tələb edirlər.
Körfəz Ölkələri Şurasının saziş lahiyəsini ABŞ da dəstəkləyir.
Dinc Dəyişiklik İnqilabı Komitəsi Salehə vəzifədən getməsi üçün 1 ay vaxt və immunitet verilməsi təklifini rədd edib və bəyan edib o, məhkəmə qarşısına çıxarılmalıdır.
Komitə bildirib ki, Əli Abdulla Salehin və onun ailəsinin istefasını ləngidən heç bir təklifi qəbul etməyəcək.
Körfəz Şurasının hazırladığı sülh planını Avropa İttifaqı və ABŞ da şahid kimi imzalamaq istəyirlər.
Bu plan baş tutarsa, müxalifətə milli barışıq hökuməti yaratmaq həvalə olunacaq.
Yəmən Parlamentinin Ümumi Forumunda birləşən müxalifət də planı dəstəkləyib, lakin əlavə edib ki, Saleh barışıq hökumətinin formalaşmasından əvvəl çıxıb getməlidir.
Ölkənin qərbində üsyançıların əlində olan Misrata şəhəri Bazar günü Qəzzafi qüvvələri tərəfindən ağır silahlardan atəşə tutulub.
Bundan bir gün əvvəl polkovnik qoşunlarını şəhər ətraflarından çəkdiyini bildirmişdi.
Üsyançılar xəbər verirlər ki, şəhərin mərkəzi küçələri aramsız atəşə tutulur.
İtkilər barədə açıqlama verilməyib, lakin bəllidir ki, şəhərin iki aylıq mühasirəsi ərzində yüzlərlə insan həlak olub.
Ölkənin şərqində, üsyançıların ən böyük şəhəri Benqazidə onların sözçüsü bildirib ki, Qəzzafi qoşunlarının geri çəkilməsinə inanmır və ola bilsin ki, az sonra o, öz briqadalarını yaxınlıqda yaşayan tayfalar adı ilə şəhərə qaytaracaq.
Britaniyanın xarici işlər naziri Uilyam Heyq də bildirib ki, Qəzzafinin geri çəkilməsi inandırıcı deyil və o, ehtimal ki, indi əsgərlərinə mülki geyimlər verəcək.
Üsyançılar Qərbdən silah istəyirlər.
Bu arada Britaniya və Fransanın təyyarələri Misrata yaxınlığında Qəzzafi qüvvələrinə məxsus raket qurğularını vurublar.
Üçüncü bir müsəlman ölkəsində münaqişəyə qatılmaq istəməyən Qərb ölkələri Liviya üsyançılarının silahlandırılmasına həvəsli görünmürlər, lakin Britania və Fransa onlara hərbi müşavirlər, İtaliya isə hərbi təlimçilər göndərməyə boyun olublar.
Beyrutdan alınan xəbərlərdə deyilir ki, Suriyanın təhlükəsizlik qüvvələri Bazar günü keçirilmiş reydlərdə onlarca siyasi fəalı həbs ediblər.
Bu hadisə prezident Bəşər əl-Əsədin ölkədə yarım əsrdir ki, qüvvədə olan fövqəladə vəziyyəti ləğv etməsindən heç bir həftə ötməmiş baş verib.
İnsan haqları fəalları bildirirlər ki, hakimiyyəti atasından irsən almış əl-Əsəd siyasi müxalifəti əzişdirmək əzmində görünür.
Bazar günü Human Rights Watch təşkilatı BMT-ni Suriyada Şənbə günü etirazçıların dəfn məırasimlərinin atəşə tutulması iddialarını yoxlamağa çağırıb.
Həmin gülləbaranda 120-dən artıq insanın həlak olduğu bildirilib.
Suriyanın Milli İnsan Haqları Təşkilatının sədri Əmmar Qurabi deyib ki, hakimiyyət həbsləri qanunsuz yolla, çox vaxt da adamların oğurlanması ilə həyata keçirir.
O bildirib ki, həbsləri həyata keçirən mülki geyimlilər əksər hallarda özlərini təqdim etmir və ordersiz olurlar.
Suriyada indiyədək davam edən etirazlarda 300 nəfər öldürülüb.
Beynəlxalq insan haqları təşkilatları ABŞ və Avropa İttifaqını Suriyaya qarşı sanksiyaların tətbiqinə çağırırlar.
Xəbər verilir ki, Bəşər əl-Əsəd etirazların xaricdən qaynaqlandığını deyir və məzhəb təfriqəsi salmaq üçün quldurları silahlandırır.
Hökumətin nümayişçilərə qarşı qəddarlığına etiraz olaraq ayrı-ayrı şəhərlərdə yerli hakimiyyət orqanlarına daxil vəzifəlilər istefa verirlər.
Milli.Az