Cəlil Məmmədquluzadənin şəxsi arxivinin təsviri çapdan çıxıb
24 Aprel 2011 23:15
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Azərbaycanın böyük dramaturqu Cəlil Məmmədquluzadənin institutda saxlanılan şəxsi arxivinin təsvirini nəşr etdirib.
"Nurlan" nəşriyyatında işıq üzü görən təsvirdə yazıçının iri həcmli dram əsərlərinin, hekayələrinin bir qisminin avtoqraf, surət, eləcə də rus dilində tərcümə variantları, ailə üzvlərinə, müxtəlif şəxs və idarələrə yazdığı çoxsaylı məktublar, sənədlər, fotoşəkillər, qəzet və jurnal nümunələri, çap kitabları yer alıb.
Yeni nəşrdə görkəmli sənətkarın həyat və yaradıcılığının öyrənilməsində mühüm əhəmiyyət kəsb edən C.Məmmədquluzadənin, Həmidə xanım Məmmədquluzadənin, müasirlərinin xatirələri də verilib.
Kitabın tərtibçisi institutun elmi əməkdaşı Afaq Əliyeva, redaktoru filologiya elmləri doktoru Məmməd Adilovdur.
AzərTAc