Ramil Usubov vətəndaşların polisin fəaliyyəti ilə bağlı müraciətlərini yerindəcə həll etdi
23 Aprel 2011 13:44
Daxili işlər naziri Ramil Usubovun vətəndaşlarla görüşü davam edir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, martın 15-dən başlayaraq bölgələrdə vətəndaşların qəbulunu keçirən general-polkovnikin növbəti belə tədbiri aprelin 23-də Lənkəran şəhərində olub.
Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Masallı və Cəlilabad rayonlarının bir qrup sakinini qəbul edən nazir onların müraciətlərini dinləyib. Qaldırılan məsələlərin dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyatı üzrə Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.
Həmin gün qəbul edilən 25 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb. General-polkovnik Ramil Usubov qalan ərizə və şikayətlərin də qüvvədə olan qanunvericilik çərçivəsində obyektiv araşdırılacağını və bu istiqamətdə müvafiq tədbirlərin görüləcəyini vurğulayıb.
Milli.Az