Dağıstanda dəmir yolunda daha bir partlayış olub - YENİLƏNİB

23 Aprel 2011 18:56
Dağıstan ərazisindən keçən dəmir yolunun Kizilyurt-Temirqoye hissəsində baş verən partlayışdan sonra daha 3 partlayıcı qurğu aşkarlanıb. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, partlayış olan sahəyə baxış zamanı qonşu xəttə daha bir partlayıcı qurğu tapılıb. Bu qurğunun robot tərəfindən zərərsizləşdirilməsi zamanı partlayış baş verib. Robot zədələr alıb. Sonra daha 2 qurğu aşkarlanıb və onlar da zərərsizləşdirilib. Qatarların hərəkəti dayandırılıb. Onların arasında Bakı-Tümen qatarı da var.

--------------
13:19


RİA "Novosti" agentliyinin Dağıstan xətt Daxili İşlər İdarəsinə istinadən yaydığı məlumata görə, dəmir yolundakı partlayış nəticəsində Bakı-Tümen sərnişin qatarının hərəkətində problem yaranıb.

"Azərbaycan dəmir yolları" QSC-nin mətuat xidmətinin rəhbəri Nazir Əzməmmədov isə Trend-ə bildirib ki, partlayış nəticəsində Azərbaycandan Rusiya istiqamətində hərəkət edən qatarların qrafikində dəyişiklik gözlənilmir.

---------
11:17

Milli.Az xəbər portalının "İnterfaks"a istinadən verdiyi məlumata görə, partlayış yerli vaxtla saat 06.00-da (Bakı vaxtı ilə 07.00) qeydə alınıb. Partlayış Qızıl Yurt-Temirkoy mənzilində qum və çınqıl daşıyan iki platformadan ibarət olan və "zirehli qatar" adlandırılan elektrovozun yolunda baş verib. Adətən bu elektrovoz səhər saatlarında qatarların hərəkəti bərpa olunmazdan əvvəl kəşfiyyat məqsədilə yola buraxılır.

Partlayış nəticəsində xəsarət alan olmayıb. Dəmir yolu qismən zədələnib.

Milli.Az