"Balacalarımızla ana dilimizi sevək" - FOTO

1 Avqust 2016 18:48

Bu gün Binəqədi rayon İcra Hakimiyyətinin və Biləcəri bələdiyyəsinin təşkilatçılığı ilə Binəqədi rayonunda 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Binəqədi rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemində tədbir keçirilib.

Milli.Az bildirir ki, İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdir müavini Xuraman Ələkbərova, 298 saylı körpələr-evi uşaq bağçasının müdiri İradə Əhmədova və bağçanın balaca fidanları iştirak ediblər.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdir müavini X.Ələkbərova kitabxana haqqında geniş məlumat verib. Sonra Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi L.Kərimova Binəqədi rayonunda 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə keçirilən "Balacalarımızla ana dilimizi sevək" tədbiri haqqında məlumat verib və 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününün yaranma tarixi haqqında çıxış edib.

Biləcəri bələdiyyəsinin sədri H.Quliyev balaca fidanlara hələ erkən yaşından kitab sevgisinin aşılanmasında bu cür layihələrin rolunun danılmaz olduğunu diqqətə çatdırıb.

Sonra kitabxana ilə tanış olan 298 saylı körpələr evi - uşaq bağçasının balaca fidanlar xüsusilədə uşaqlar aləmi, multikulturalizm və ana dili guşələri ilə yaxından tanış olublar. Ana dili ilə bağlı şeirlər söyləyən balaca fidanlar dövlət himnini ifa ediblər. Müxtəlif nağıl personajlarını nümayiş etdirən balaca fidanlar üzərlərində Əlifba və Ana dili sözlərini yazmış yazılarla maraqlı flaşmob da nümayiş etdiriblər.

Milli.Az