Azadlıq, yoxsa demokratiya?
23 Aprel 2011 12:04
Son dövrdə baş verən hadisələrlə əlaqədar, demək olar ki, hamı azadlıq və demokratiya haqqında danışır. Özü də çox danışırlar. Qəribədir, hamı boğazını yırtır və hamı da təxminən eyni şeyi deyir. Məsələnin bu cür, özü də əsəbi şəkildə müzakirəsində istər-istəməz ruhi xəstəlik əlamətləri görünür. İctimai şüurda bu iki anlayış, lap Mayakovski şeirində Lenin və partiya haqqında deyildiyi kimi - "ekiz qardaşlardır". Buna baxmayaraq, başlıqda qoyulmuş sualda, mənə belə gəlir ki, diqqətsiz adamların nəzərindən yayına biləcək bəzi çox incə və aktual məsələlərə işarə var. Çalışacayıq aydınlaşdıraq.
Bu gün, şərti olaraq desək, "Qərb ölkələrindəki" mövcud ictimai quruluşu demokratiya adlandırırlar. Amma iş orasındadır ki, bu həmin sistemin dəqiq və tam əhatəli adı deyil. Sistemin tam əhatəli adı - liberal demokratiyadır və bu dəqiq adda anlayışın mahiyyətinə ən müxtəlif və hətta biri-birinə zidd yanaşmalar birləşmişdir.
Demokratik prinsipin əsasında hakimiyyətin yeganə legitim mənbəyi xalqdır ideyası durur. Yəni - hamı. Bu "hamı" ya şəhər yığıncağında (antik demokratiya dövründə olduğu kimi), ya da seçdikləri nümayəndələr vasitəsi ilə (indi baş verdiyi kimi) səs çoxluğundan çıxış edərək, necə olmalı, nə etməli, niyə etməməli qərarını verir; nəyin "yaxşı", nəyin "pis" olduğunu müəyyənləşdirir. Yəni, demokratiya "hamının" maraqlarının keşiyində durur.
Liberalizm isə demokratiyadan fərqli olaraq və hətta onunla ziddiyyətə girməsinə baxmayaraq, hamının deyil, əksinə, hər kəsin ayrı-ayrılıqda maraqlarının qeydinə qalır. Liberalizmə görə, hər bir insanın öz hüquqları və azadlıq haqda öz təsəvvürü var, "hamı" bu barədə nə düşünürsə-düşünsün, bunu onun əlindən almaq olmaz.
Ziddiyyət varmı burda? İlk baxışda - yoxdur: əgər hər bir kəsin, fərdin hüquqları varsa, onda edə "hamı"nın da var. Bununla belə, ziddiyyət var və klassik bir nümunə bunu çox parlaq şəkildə nümayiş etdirir. Eramızdan əvvəl 399-cu ildə Afina forumu (Xalq Məclisi) açıq-aşkar, vicdanla və şəffaflıq şəraitində keçirilən səsvermə nəticəsində belə bir qərar çıxarır ki, şəhər camaatının fikrincə, orda-burda artıq-əskik söhbətlər elədiyinə görə şəhər sakini Sokrat zəhər içib intihar etməlidir. Tarixdən də məlumdur ki, Sokrat məhz zəhər içib özünü öldürmüşdür. Ola bilsin ki, bu, demokratiyanın azad fikir və söz üzərində tarixdə ilk qeydə alınmış qələbəsidir.
Zaman etibarı ilə bizə daha yaxın misallar da var.
Böyük fransız inqilabı, məlumdur ki, xalqa demokratiya verib. Amma bununla belə, onun bir çox azadlıqlarını əlindən alıb. Məsələn, vəkilsiz-filansız İctimai qurtuluş komitəsinin 5 dəqiqəlik məşvərətinin qərarı ilə başın gilyotinlə kəsilməməsi azadlığını, şikayət vermə, əfv edilmə və heç olmasa sabaha kimi yaşamaq haqqını. Özü də adı çəkilən İctimai qurtuluş komitəsi demokratik yolla seçilmiş Konventin (Məclisin) demokratik təsisatları çərçivəsində yaradılmışdı.
Bonapart Napoleon demokratik təsisatları ləğv edir. Lakin nəticədə, sıravi fransız liberal azadlıqlar əldə edir. Fransada məhz Napoleonun vaxtında ilk dəfə onun adını daşıyan Vətəndaş Kodeksi yaradılır. Bu kodeks qanun qarşısında hamının eyni olduğunu, şəxsi mülkiyyətinin toxunulmazlığını elan etdi, məzhəb azadlığı da daxil olmaqla, vətəndaş azadlıqlarına zəmanət verdi. Seçkiləri qadağan etmiş, sərt senzura yaratmış, nəhayət, başına imperatorluq tacı qoymuş bu insan, nə qədər qəribə də olsa, nəticə etibarı ilə müasir fransız (özü də təkcə fransız yox) liberal demokratiyasının əsasını qoymuşdur.
Azadlığa meyilli olmaqla yanaşı, demokratiyaya nifrətdə Napoleon tək deyildi. Müasir Amerika demokratiyasının əsasını da demokratlar yox, liberallar qoymuşlar. Bununla belə, siyasi mövqelərini çox aydın müəyyənləşdirmişlər.
Dəlilsiz olmasın deyə, tarixi şəxsiyyətlərdən üç sitat:
Amerika Birləşmiş Ştatlarının ikinci prezidenti Con Adams: "Demokratiyanın ömrü heç zaman uzun olmur. O tezliklə korlanır, tükənir, özü-özünü məhv edir. Özü-özünü məhv etməyən demokratiya ola bilməz".
ABŞ-ın üçüncü prezidenti, Müstəqillik Bəyənnaməsinin müəllifi Tomas Cefferson: "Demokratiya - kütlənin hakimiyyətindən başqa bir şey deyildir; bu 51% insanın yerdə qalan 49%-i hüquqlarından məhrum etməsi deməkdir".
ABŞ-ın dördüncü prezidenti, ölkə Konstitusiyasının müəlliflərindən biri Ceyms Medison: "Demokratiya - idarəetmənin ən mənfur üsuludur".
Müasir demokratiyanın bünövrəsini qoyanlar yalnız sözlə kifayətlənməyiblər. Onlar ABŞ Konstitusiyasına edilmiş 10 düzəliş, məşhur "Hüquqlar barədə Bill"i tərtib etmişlər. Məhz bu düzəlişlər vətəndaşların söz, dini seçim, toplaşmaq haqlarını, eləcə də andlılar məhkəməsi və s. hüquqlarını təsbit etmişdir. Bu düzəlişlər paketinin xüsusiyyəti ondan ibarətdir ki, onlar heç bir səsvermə ilə ləğv edilə bilməz; heç zaman heç bir çoxluq tərəfindən. Beləliklə, Amerika Birləşmiş Ştatlarında lap əzəldən ölkə Konstitusiyasına azadlığın demokratiyadan müdafiəsi mexanizmi də salınmışdır.
Çox da uzaq olmayan keçmişdən ibrətamiz misallar gətirmək də mümkündür. Almaniya demokratiyanın təntənəsi sayılan Reystaqa seçkilərdə Almaniya Millətçi-Sosialist Fəhlə Partiyasının qələbəsi nəticəsində daha çox azadlıq əldə etdimi? Heç kim 1978-ci il İslam inqilabı nəticəsində İranın şah idarəçiliyi zamanına nisbətən daha artıq demokratikləşdiyini inkar edə bilməz. Lakin ölkə vətəndaşları daha artıq dərəcədə azadlıq əldə etdilərmi?!
Sözümün canı odur ki, əsasında liberalizm prinsipləri durmadan demokratiya azadlığa və tərəqqiyə deyil, zənnimcə, əks istiqamətə aparır. Ən yaxşı halda, həddini aşmış populizmə, pis halda isə, əhalini elə bir vəziyyətə salır ki, insanlar belə demokratiyadansa, diktaturaya daha çox üstünlük verirlər.
Bu gün "Qərbdəki" ictimai quruluş çoxlarının xoşuna gəlir. Və bu xoşagəlimlik, bu cazibə o liberal demokratiyanı "yerli zəminə" köçürməyə sövq edir. Təəssüf ki, çox zaman demokratiya cücərti verir, liberalizm isə - yox. Tamamilə düzgün və ədalətli seçkilər nəticəsində hakimiyyətə ya faşistlər, ya separatçılar, ya mövhumatçılar, ya da ancaq yalançı vədlər verməyə mahir dələduzlar gəlirlər. Tamamilə demokratik yolla seçilmiş hökumət başçıları, görürsən ki, dönüb diktator olurlar və vətəndaşları ən əsas insan hüquqlarından və azadlıqdan məhrum edirlər. Zimbabvedən tutmuş Əfqanıstana qədər, onlarla misal gətirmək olar.
Niyə belə olur? Səbəb məncə odur ki, insanlar, hətta bəzən xoşniyyətli rəhbərlər əks-məntiqlə düşünürlər. Hesab edirlər ki, əsas - demokratik quruluş təsis etməkdir. Demokratiyadan isə özü-özünə vicdanlı ədalətli məhkəmə, mülkiyyət toxunulmazlığı, sonra hökumətdən asılı olmayan müstəqil biznes və bütün bunların nəticəsi olaraq, iqtisadi tərəqqi cücərəcək.
Təəssüf ki, hər şey bunun əksinə baş verir. Sonuncudan başlayaq. Yol liberal demokratiyadan bolluğa, firavandığa doğru getmir, əksinə, zənginlikdən liberal demokratiyaya gedir. Təcrübə göstərir ki, kasıb ölkələrdə o, şəraitə uyğunlaşa bilmir, hətta bu ölkələr demokratik inkişaf yolunu "doğma" "avtoritarizm" iflasa uğradıqdan ya milli-azadlıq hərəkatının qələbəsindən sonra seçirlərsə də; fərqi yoxdur. Məşhur Amerika politoloqu, həftəlik Newsweek jurnalının baş redaktoru Fərid Zəkəriyyə dünya ölkələrinin 1950-1990-cı illər ərzində siyasi-iqtisadi vəziyyətinin tədqiqindən çıxarılan nəticələri açıqlayıb. Məlum olur ki, əhalisinin adambaşına düşən gəlirin həcmi ilə, həmin ölkədə demokratiyanın ömrünün müddəti arasında birbaşa asılılıq var. Adam başına illik gəlirin səviyyəsi 1500 dollar (pulun bugünkü dəyəri ilə) olan ölkələrdə demokratiyanın ömrü səkkiz ildən artıq olmur. Gəlirin səviyyəsi 1500-3000 dollar arasında olduqda demokratiyanın ömrü 18 ilə qədər çatır. Və yalnız gəlirin 6000 dollardan artıq səviyyəsi ona yaşamaq şansı verir.
Ancaq yalnız şans verir. Məsələ təkcə var-dövlətdə deyil. Məsələn, İran körfəzi ölkələri vətəndaşlarını kifayət qədər yüksək, hətta Avropa ölkələri ilə müqayisədə belə, yaşayış səviyyəsi ilə təmin edir, lakin orda liberal demokratiyanın izi-tozu da yoxdur.
Məsələ ondadır ki, "liberal demokratiya" adlı tandemdə liberalizm demokratiyadan doğmur, ondan əvvəl gəlir; onun ərəfəsidir. Özü də uzun müddət ictimai həyatda kök salıb qol-qanad açır; hər şeydən də əvvəl əsas prinsipləri - müstəqil məhkəmə sisteminə rəvac verən mülkiyyətin toxunulmazlığı və qanunun aliliyi. Bütün o biri atributları (mətbuat azadlığı, sərbəst toplaşmaq hüququ, seçkiləri və sairəni) sonradan əldə edib gözəl oyuncaqlar kimi bu küknar ağacından (yolkadan) asmaq olar. Amma əvvəlcə küknar ağacı boy atmalıdır.
İngiltərədə bu liberal küknar ağacını 1215-ci ildə - kral, yepiskoplar, baronlar və tacirlər cəmiyyətə azadlıqlar verən Böyük Xartiyaya imza atdığı zaman əkmişlər. Çoxlu sayda başqa maddələrlə yanaşı, orda çox mühüm bir 39-cu maddə vardı. O maddə andlılar məhkəməsinin hökmü olmadan həbs etmək, həbsxanaya salmaq, mülkiyyət hüququnu əlindən almaq, qanundan kənar elan etmək və sürgün qadağan edilirdi. Mətbuat azadlığı qəbilindən oyuncaqlar o küknar ağacından hələ asılmamışdı, amma mülkiyyət və qanun kimi əsas köklərini bu ağac artıq atmışdı.
O biri avropalılar da bir müddət sonra həmin yolla getdilər. Məsələn, Prusiyada hakimiyyətə gələn kral II Fridrix işkəncə verməyi ləğv etdi, təbəələrinə mülkiyyət hüququ verdi, məhkəmə sistemini mərkəzləşdirib onu icra hakimiyyətindən, yəni özündən ayırdı. Tarixə haqlı olaraq Böyük Fridrix kimi düşmüş bu kral sonralar siyasi vəsiyyətnaməsində belə yazdı: "Mən qərara gəldim ki, artıq heç zaman məhkəmə işlərinə qarışmayım. Məhkəmə salonlarında qanun danışmalıdır, hakimiyyət təmsilçisi susmalıdır". Və o, yalan demədi; bunun tamamilə konkret təsdiqi var.
Fridrix 1745-ci ildə Potstamda tikilməkdə olan San-Susi kral sarayının ətrafındakı parkı genişləndirməyə başladı. Memarlar tikintinin planını təqdim etdikdə, məlum oldu ki, kral malikanəsinin ərazisinə girən kiçicik bir torpaq sahəsini almaq lazımdır. Fridrix tapşırır torpaq sahibi dəyirmançıdan soruşub öyrənsinlər ki, öz sahəsinin müqabilində nə qədər pul istəyir. Dəyirmançı kralın adamlarına bildirir ki, o, ümumiyyətlə, torpağı satmaq fikrində deyil, çünki həmin ərazidə ulu babasından ona qalmış dəyirman var.
Aydındır ki, bu problemin bir neçə həll yolu olub:
- əvvəla, dəyirmançının üstünə atlı jandarmlar göndərib onu it kimi döydürmək olardı ki, səhv elədiyini başa düşüb özü yalvarsın ki, dəyirmanı ondan alsınlar;
- ikincisi, dəyirmanı heç almamaq, sadəcə dəyirmançı ilə birlikdə yandırmaq;
- nəhayət, dəyirmançını yandırıb eləməmək, onu cəsusluqda günahlandırıb asmaq. Vəssalam.
Kral isə çox qəribə bir həll yolu seçdi. Seçkilər institutu olan bir çox ölkələrdə bu yol bu gün də çox qəribə görünə bilər. O, dəyirmançını məhkəməyə verdi. Kral! Dəyirmançını!! Məhkəməyə verdi?! Bircə bu addımı ilə hökmdar liberal demokratiya sisteminə, bu gün əmək kitabçalarında "demokrat" yazılmış bizim bir çox müasirlərimizdən daha qiymətli töhvə vermiş oldu.
Bununla qurtarsaydı, nə vardı ki?! Məhkəmə, əvvəla, "kimin kim olduğunu", ikincisi, ali maraqları nəzərə alıb (hər halda dövlət başçısı üçün iqamətgah tikilirdi) dəyirmançıya buyura bilərdi ki, üç gün ərzində şələ-küləsini yığışdırıb ərazini tərk etsin. Bunun əvəzində, məhkəmə işə baxıb kralın iddiasına rədd cavabı verdi.
Burda da mövzumuzla əlaqədar maraqlı bir cəhət diqqətimizi cəlb edir. Lap elə deyək ki, kral orijinallıq edib dəyirmançı ilə məhkəmə çəkişməsinə girişməyi özünə rəva bilib; məzələnib. Onsuz da hamı kralın da, dəyirmançının da qiymətini bilir. Və hamı da bu işə, sadəcə, güləcək. Kral üçün ən xoşagəlməz o ola bilər ki, canı-dildən, ürəkləri gedənəcən gülməsinlər, elə yüngülvari gülümsəsinlər.
Bəs hakim?! O belə orijinallığa cürət eləməzdi. Hakim kralın nə istədiyini başa düşürdü axı. Nəticənin də nə ola biləcəyini dərk eləyirdi. Bununla belə, dəyirmançının tərəfini saxlayır. Bu, hələ 250 il əvvəl avropalıların beyinlərinin necə işlədiyi barədə çox şey deyir.
Fridrix məhkəmənin qərarı ilə razılaşdı. Xatırladım ki, söhbət XVIII əsrin ortalarından gedir. o dövrdə Prusiyada mövcud dövlət quruluşu qeydsiz-şərtsiz monarxiya adlanırdı. Heç kim heç bir demokratiya-filan barədə heç düşünmürdü də. Lakin 200 ildən sonra ölkənin əsaslanacağı prinsiplərin bünövrəsi artıq qoyulmuşdu.
Özü də yalnız mülkiyyətin toxunulmazlığı və qanunun aliliyi məsələlərində yox.
II Fəridrix deyirdi: "Bütün dinlər eyni dərəcədə yaxşıdırlar; əgər tərəfdarları təmiz, vicdanlı adamlardırlarsa. Və əgər türklər və bütpərəslər gəlib bizim ölkədə yaşamaq istəsələr, biz onlar üçün məscidlər və ibadətxanalar tikərik. Bu - liberal avtokratın (mütləq hökmdarın) mövqeyidir. Qeyri-liberal demokratiya bir neçə ay öncə Moskvada Manej meydanında öz mövqeyini bütün "gözəlliyi" ilə nümayiş etdirdi.
Amma sonuncu misal sadəcə, müasir liberal demokratiyanın hansı əsas amillər - mülkiyyətin toxunulmazlı və qanunun aliliyi üzərində durduğuna əlavədir. Bu əsas amillərdə elə bir incə nöqtə də var ki, o, demokratiyanın yerli zəminə nisbətən asan köçürməsinə baxmayaraq, cəmiyyətin liberalizmi zorla ondan ayırdığı hallarda, sonradan bunun nəticəsi kimi demokratiyanı da itirməsinin səbəbini izah edir. Bu incə nöqtə mülkiyyətlə hakimiyyət arasındakı səbəb və nəticə əlaqəsidir.
Məhz bu cəhətə Amerika tarixçisi və politoloq Riçard Payps xüsusi diqqət yetirmişdir. Tarixən belə gətirmişdir ki, artıq lap çoxdan müasir liberal-demokrat sivilizasiyasından əvvəlki cəmiyyətlərdə mülkiyyətə nisbətən hakimiyyətə münasibət ikinci dərəcəli olub. Avropada mülkiyyət (hər şeydən də əvvəl, torpaq mülkiyyəti) məsələsi orta əsrdə dövlətlərin, deməli həm də hakimiyyətlərin yaranmasından əvvəl olmuş və rəsmiləşdirilmişdir. Məsələn, hələ 987-ci ildə fransız hersoqları və baronları yığılıb Paris qrafı Quqo Kapetanı Fransanın ilk kralı seçəndə, onlar öz torpaqlarının sahibləri kimi hüquqlarını bilərək bu məsuliyyəti üzərlərinə götürmüşdülər. Və onlar təbii ki, torpaqlarının sahibləri olaraq da qaldılar. Kapeta kral oldu, Fransa ərazisini təşkil edən torpaqların sahibi yox. Hətta sonralar kralların hakimiyyətləri möhkəmləndiyi vaxtlarda kral baronu asdıra bilərdi, amma onun torpaqları ailəsinin mülkiyyəti olaraq qalırdı və böyük oğlunun ixtiyarına keçirdi. Kral, məsələn, Burqundiyada vergi yığa bilərdi, amma o torpaqları nə sata bilərdi, nə girov qoya bilərdi, nə də dəyişə bilərdi. Burqundiyanın yiyəsi, sahibi vardı və ərazinin Fransanın tərkibində olması mülkiyyət sahibliyi məsələsində heç bir şey dəyişmirdi. Beləliklə, Qərbdə dövlət (o cümlədən də, hakimiyyət) şəxsi mülkiyyətdən törəyib. Başqa səciyyəli cəmiyyətlərdə tamam fərqli olub. Məsələn, Çin, Rusiya, Osmanlı imperiyalarında bütün mülkiyyət imperatorun, çarın və ya sultanın timsalında hakimiyyətə məxsus imiş. Həmin dövlətlərdə mülkiyyətçini hakimiyyət yaradıb. Avropa ilə müqayisədə proses tamamilə əks istiqamətdə gedib.
Nəticələr də elə bu səbəbdən müxtəlifdir. Avropalı mülkiyyətçi, hətta xırda mülkiyyətçi (ələxüsus xırda!) mərkəzi dövlət formalaşdıqca və kral hakimiyyəti möhkəmləndikcə malikanəsinin getdikcə güclənən hakimiyyət tərəfindən əlindən alınmayacağına zəmanəti olmasını istəyirdi. Artıq gücünə arxayın deyildi. Ona görə də bir qanun qalırdı, bir də bu qanunu həyata keçirə biləcək mexanizm olan məhkəmə. Hakimiyyətin bölünməsi prinsipi də (müasir liberal demokratiyanın əsaslarından biri) elə bu ehtiyacdan irəli gəlmişdi. İngiltərə Böyük Xartiyasında bu - andlılar məhkəməsi idi. Fransada məhkəmənin görkəmli olduğu işi XII əsrin sonunda İngiltərədə Azadlıq xartiyasının imzalanması ilə təxminən eyni vaxtda yaradılmış Paris parlamenti yerinə yetirirdi.
Beləliklə, Avropada hələ uzaq orta əsrlər dövründə sonralar liberalizmin əsasını təşkil etmiş ictimai mexanizmlər meydana gəlmişdir. Bu münvalla ənənələr yarandı və insanlar onlara öyrəşdi.
Şərqdə bu baş vermədi. Sözün əsil mənasında mülkiyyət deyilən şey orda yox idi. Hədiyyələr vardı, imperatorların, sultanların və çarların sədaqətli xidmətlərinə görə təbəələrinə və əsabələrinə payladıqları hədiyyələr. Özünü pis aparanda hədiyyə həmin adamların əlindən alınırdı. Bir halda ki, mülkiyyət yox idi, deməli, onu qoruyan qanunlar da lazım deyildi; onsuz da hər şeyi başçı - hakimi-mütləq həll edirdi. Qanun yoxdursa, deməli, bu qanunları həyata keçirəcək hakimiyyət bölgüsünə də ehtiyac yoxdur. Ənənə də yaranmadı.
Ənənə - yüz illərin işidir. Əlbəttə, müddəti azaltmaq olar, amma hər halda, iki-üç ilə heç nə alınmaz. Tez bir zamanda onu yaratmaq mümkün olmadığı kimi, az bir vaxtda da illərlə mövcud olmuş ənənənin kökünü məhv etmək mümkün deyil. Bax, eyni zamanda, müstəqillik əldə etmiş keçmiş sovet respublikalarının bu qədər müxtəlif yollarla getmələrinin izahı da, mənim zənnimcə, bundadır. Estoniyada nisbətən qısamüddətli sovet quruluşu orta əsrlərdən gələn liberalizm ənənələrini məhv edə bilmədi. Və onlarda demokratiya peyda olanda onu qurmaq üçün bünövrələri vardı. Bizdə isə, əksər qonşularımızdakı kimi, belə bir bünövrə yox idi. Və ona görə də, Xalq cəbhəsi mənim inamıma görə, ən xoş niyyətlə demokratiya qurmağa başlasa da, gördüyü işdən nə alına bilərdisə, o da alındı.
Bu problemlə xüsusi məşğul olan, artıq adını çəkdiyimiz Fərid Zəkəriyyə hesab edir ki, inkişaf edən ölkələrin müasir liberal demokratiyaya doğru gedən yol sarıdan seçimləri bir o qədər də çox deyil. Əslinə qalanda, cəmi iki variant var. Onların da içində, necə deyərlər, hər cəhətdən rahat, səfalı biri də yoxdur.
Amerika politoloqunun "qeyri-liberal demokratiya" adlandırdığı birinci variant. "Rejimin qurbanları" "zindandan" çıxırlar. Azadlıq mübarizlərini və xalq natiqlərini kütlə əlləri üstə gəzdirir. "Partiya həyatı" fəallaşır. Yürüşlər, nümayişlər, mitinqlər və televiziya müzakirələri ilə müşayiət olunan açıq, vicdanlı seçkilər keçirilir. Nəzəri cəhətdən bütün bunlar, həqiqətən də "Qərbin" ən başlıca nailiyyəti sayılan firavan, rahat və dinc azad həyata aparıb çıxara bilər. Nəzəri cəhətdən! Real həyatda isə, XX əsrdə belə bir nəticə əldə etmək şansı sıfıra bərabərdir. Reallaqda hər şey belə nəticələnir: liberal dayaqların və ənənələrin olmadığı bir şəraitdə "rejimin qurbanlarının" yerinə "zindanlara" "rejimə qulluq göstərənləri" salırlar. Əlbəttə, hamısını yox, yalnız o kəsləri ki, demokratiyanın təntənəsinin ilk saatlarında macal tapıb asmayıblar. Heç şübhəsiz mülkiyyətin yenidən "ədalətli" bölüşdürülməsi əməliyyatı başlayır; özü də bu idman növünə xas olan akrobatika elementləri ilə. Belə bir maraqlı tamaşa bizim günlərdə Qırğızıstanda oynanılır; o tamaşada Baş prokurorluq və maliyyə polisi xüsusi təyinatlı dəstələrin yardımı ilə Meqakom mobil operatorunu öz aralarında bölüşdürürlər.
Sonra irqi, milli, məhəlli incikliklərin növbəsi gəlir. Və bu söz-söhbəti elə bilavasitə incidənlərin yaşayış yerində "çözürlər", "ədalət bərpa olunur". Demokratiya genişləndikcə, insanların azadlığı məhdudlaşır, azalır. Və onlar böyürdən biri çıxıb "növbəti seçkilər müvəqqəti təxirə salınır" deyə elan etdikdə, rahatca köks ötürürlər. Qırx ildən sonra o şəxsin şəklindən bezirlər və hər şey yenidən başlayır.
Afrika ölkələrinin əksəriyyəti təxminən belə bir dairə boyunca hərlənirlər. İndi də meydana Yaxın şərq ölkələri çıxıb. Və üsyanlarını qalibiyyətlə başa vurduqdan bir müddət sonra, onlar demokratiyanın məğlub olmasına kədərlənib onun xiffətini çəkəcəklər. Daha ağıllarına da gəlməyəcək ki, demokratiya qalib gəlməyinə qalib gəlib və bu üzləşdikləri də məhz elə vaxtsız qələbənin nəticələridir.
Fərid Zəkəriyyənin göstərdiyi ikinci variant isə "liberal avtokratiya"dır (yəni - "liberal mütləqiyyət"dir). Bunun da sxemi belədir: demokratik mexanizmlər ölkədə minimum həddə endirilir. Əli-qolu nə seçkiqabağı vədlər və nə də seçicilərin dəyişkən əhval-ruhiyyəsi ilə bağlı olmayan güclü lider liberal prinsipləri cəmiyyətdə bərqərar edir. Artıq deyildiyi kimi, hər cəhətdən xoşa gələn variant yoxdur və bu yolun da müəyyən əyər-əskiyi var. Lakin tarix göstərir ki, XX əsrdə inkişaf edən ölkələrin transformasiyasının (daha proqressiv cəmiyyətə keçid yolunun), istisnasız olaraq ən uğurlu proyektləri məhz bu ssenari üzrə mümkündür.
Məsələn, XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk faktiki olaraq öz diktator səlahiyyətlərini ona yönəltmişdi ki, Türkiyədə yeni, Avropa modeli əsasında hazırlanmış Mülki və Cinayət kodekslərini qəbul etdirsin, dünyəvi təhsil sistemi tətbiq olunsun, milli banklar və milli sənaye sektorları yaradılsın, qadınlara seçib seçilmək hüququ verilsin. Və uzaqgörənliklə insan azadlıqlarını demokratiyadan qorumaq üçün etibarlı vasitə saydığı ordunu saxladı.
Başqa bir dahi islahatçı olan Sinqapurun baş naziri Li Kuan Yu "Sinqapur tarixi. Üçüncü dünyadan birincilər sırasına" adlı çox ibrətamiz bir xatirələr kitabı yazıb qoyub. Bu kitabda o, bir qədər öncə söylədiyimiz üsulla hərəkət edərək, sonralar hətta Marqaret Tetçer kimi böyük dövlət xadimini heyrətləndirmiş nəticələrə necə nail olması barədə söhbət açmışdır. Soyuqqanlı və təkəbbürlü bir siyasətçi olan M.Tetçer heyrətini çox özünəməxsus bir şəkildə belə etiraf etmişdir: "Bir zamanlar Sinqapur Böyük Britaniyadan öyrənmişdir, indi biz Sinqapurdan öyrənirik".
Tayvan, Cənubi Koreya, Çili və Çin də "liberal mütləqiyyət" yolu ilə getmişlər, daha doğrusu, hələ də gedirlər, çünki bu iş bir onilin, iki onilin işi deyil...
İstəməzdim belə başa düşülsün ki, guya demokratiya özü-özlüyündə ziyanlı bir şeydir. Yox, müəyyən yerdə, müəyyən vaxtda və müəyyən cəhətlərin uyuşduğu hallarda cəmiyyət üçün kifayət qədər xeyrli və gərəklidir. Məsələn, kərə yağını götürək - yaxmacın çox vacib bir tərkib hissəsidir. Amma ayrılıqda, çörəksiz yeyəndə adamın ürəyi götürmür.
Rauf Talışinski
"Exo" qəzetinin baş redaktoru
Bakı, 2011