Əli Əhmədov: “Ermənilərin danışıqlar prosesini uzatmasına imkan verməməliyik”
22 Aprel 2011 13:09
"Nə qədər ki Dağlıq Qarabağ münaqişəsi aradan qaldırılmayıb, bu münaqişənin həlli yollarından biri də danışıqlardır. Azərbaycan olaraq biz buna belə yanaşırıq. Ancaq təəssüflər olsun ki, indiyə qədər aparılan danışıqlar nəticəsiz qalıb, münaqişə həllini tapmayıb".
APA-nın məlumatına görə, bunu YAP-ın icra katibi, partiyanın sədr müavini Əli Əhmədov Moskvada keçirilməsi gözlənilən Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin görüşünə münasibət bildirərkən deyib. O bildirib ki, indiyədək münaqişənin həll olunmamasına səbəb Ermənistan tərəfinin öz qeyri-konstruktiv mövqeyindən çəkilməməsi olub: "Təəssüf hissi ilə deyirəm ki, Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyindən əl çəkmək niyyətində deyil. Ancaq bir halda ki, Azərbaycan tərəfi olaraq biz bu gün də danışıqları münaqişənin həllinə kömək edəcək bir amil olaraq qəbul edirik, hesab edirəm ki, danışıqlarda iştirak etmək lazımdır. Təbii ki, Azərbaycan öz mövqeyini dəfələrlə ortaya qoyub. Danışıqları Ermənistan tərəfinin münaqişənin həllinin uzadılması üçün bir vasitə kimi istifadə etməsini Azərbaycan məqbul saymır. Ermənilərin danışıqlar prosesini bu məqsədlə uzatmasına imkan verməməliyik".
Milli.Az