Yanacaqdoldurma məntəqəsində qan töküb gizlənən şəxs yaxalandı

22 Aprel 2011 13:03
Bakının Nərimanov rayonunda yerləşən yanacaqdoldurma məntəqəsində qanlı hadisə törədən şəxs yaxalandı. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, cinayəti törətdikdən sonra qaçıb gizlənən 35 yaşlı Süleyman Haqverdiyevi 2 il sonra tutmaq mümkün olub.

Qanlı hadisə 2 il əvvəl metronun "Gənclik" stansiyasının yaxınlığındakı "Azpetrol" yanacaqdoldurma məntəqəsində baş verib. Yanacaq doldurmağa gələn S.Haqverdiyev orada operatorla mübahisə edib və ona bıçaq xəsarətləri yetirib.

Uzun müddət istintaqdan yayınmağa müvəffəq olan S.Haqverdiyev barəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə (127-ci) və xuliqanlıq (221-ci) maddələri ilə axtarış elan olunub. Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları S.Haqverdiyevi ötən gün yaxalayaraq istintaq orqanına təhvil verib. 

Anar Məmmədov
Milli.Az