"Klassik cəbhəçilər"ə kim və necə təsir edir?

22 Aprel 2011 11:51
"Partiyamızın passivlikdə və ya hansısa bloklara qoşularaq, sonradan həmin qurumları tərk etməklə kimlərisə zəiflətmək barədə səslənən iddialar gülüncdür".

Bu fikirləri Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Bəybala Əbilov Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, təmsil etdiyi struktur İctimai Palatanın fəaliyyətində aktiv iştirak edir, qurumun regional şöbələrinin yaradılmasına qatılıb, eyni zamanda partiya olaraq  işini əvvəlki intensivliklə davam etdirir.

"Ona görə də bizə qarşı səslənən belə mənasız və yersiz iddiaları qətiyyən qəbul etmirik. Hazırda fəaliyyətimizi daha da intensivləşdirmək fikrindəyik. İctimai Palataya gəldikdə isə, bu təşkilatda siyasi spektrin daha geniş müstəvisinin təmsilçilərinin təmsil olunmasını istərdik", - B. Əbilov söylədi.

Azadlıq Partiyasının sədri, Demokratiya Uğrunda İttifaqın (DİU) həmtəsisçisi Əhməd Orucun "KXCP-nin DUİ-ni tərk etməsi partiyaya kənar təsirlərin nəticəsidir" açıqlamasına gəldikdə isə, B.Əbilov dedi: "Bu sözlər Əhməd Orucun şəxsi fikridir və deyilənlərlə də razı deyiləm. Partiyamıza kim və necə kənardan təsir edə bilər ki?! Bütün hallarda KXCP ən azı Azərbaycanın siyasi səhnəsində kifayət qədər tanınmış təşkilatdır, kimsədən də asılı deyil. Əhməd Orucun dedikləri dedi-qodulardır. Partiyamızla yanaşı, Böyük Azərbaycan Partiyasının da Demokratiya Uğrunda İttifaqı tərk etməsi tarixi şəraitin diqtəsindən asılı idi. Bu ittifaqın da öz funksiyasını yerinə yetirdiyini düşünürəm. Müxalifət qüvvələrinin daha geniş formatda birləşməsinə ehtiyac duyulduğu üçün belə addım atmışdıq".

Orxan Hun
Milli.Az