Prezident İlham Əliyev: "Gənclərimizin xaricdə təhsil alması üçün əlavə tədbirlər görüləcək" - FOTO-YENİLƏNİB
23 Aprel 2011 10:46
Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış
bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul
edib.
Prezident İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib:
-
Bu ayın əvvəlində, daha doğrusu, iki həftə bundan əvvəl mənim tərəfimdən
"Azərbaycan gəncliyi Dövlət Proqramı" haqqında Sərəncam imzalanmışdır.
Sərəncamda Prezident Administrasiyasına tapşırıq verilib ki, iki ay
müddətində Dövlət Proqramı hazırlansın, daha doğrusu, onun layihəsi
hazırlansın və mənə təqdim edilsin. Proqramın layihəsinin hazırlanması
ilə bağlı işçi qrupu yaradılmışdır və o, fəal işləməlidir ki, biz
konkret proqramı qəbul edək. Bu proqram 2011-2015-ci illəri əhatə
etməlidir. Proqram çox konkret olmalıdır, çox dəqiq vəzifələr
qoyulmalıdır və əlbəttə ki, orada icra mexanizmləri göstərilməlidir.
Proqram sadəcə olaraq, hansısa xoş niyyətin ifadə edilməsi üçün deyil,
konkret nəticələrə gətirib çıxarmalıdır. Eyni zamanda, yenə də deyirəm,
proqram elə olmalıdır ki, orada hazırda gəncləri narahat edən məsələlər
öz əksini, öz həllini tapsın.
Ümumiyyətlə, son illərdə bu
istiqamətdə böyük işlər görülmüşdür və bu gün Azərbaycan gəncləri
ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayırlar.
Gənclərimiz dövlətçiliyə sadiqdirlər, vətənpərvərlik ruhunda tərbiyə
alırlar, bu, çox vacibdir. O ki qaldı proqrama, hesab edirəm ki, orada
ilk növbədə gənclərin məşğulluğu məsələləri öz həllini tapmalıdır. Son
illərdə ölkəmizdə işsizliyin aradan qaldırılması üçün böyük işlər
görülmüşdür, yüz minlərlə yeni iş yerləri, yeni müəssisələr açılmışdır.
Ancaq yenə də işsizlik problemi var, bu problem bizi narahat edir və elə
etməliyik ki, işsizliyin aradan qaldırılması üçün daha da fəal olaq.
Ölkəmizin
əhalisi də artır, bu, çox müsbət haldır. Keçən il 9 milyonuncu vətəndaş
dünyaya gəlibdir. Bu, bizi Cənubi Qafqaz məkanında digər ölkələrdən
fərqləndirir və əhalimiz nə qədər artsa, bizim potensialımız da bir o
qədər artacaqdır. Ancaq əhalinin artması, əlbəttə ki, işçi qüvvəsinin də
artmasına gətirib çıxarır və biz buna hazır olmalıyıq. Hazırda ölkədə
aparılan iqtisadi islahatlar və siyasi islahatlar yeni iş yerlərinin
açılmasına gətirib çıxarır və biz artan maliyyə imkanlarımızı da bu
məqsədlərə yönəldirik. Biz böyük nailiyyətlərə çatmışıq, ancaq
işsizliyin aradan qaldırılması üçün daha da fəal olmalıyıq. Ümid edirəm
ki, bu proqramda gənclərin işlə təmin olunması məsələləri öz konkret
həllini tapacaqdır.
Gənclərin yaşayış problemlərinin həlli üçün,
şübhəsiz, daha da ciddi addımlar atılmalıdır. Son illərdə Azərbaycanda
ipoteka kreditləşməsi məsələləri həll olunmağa başlanmışdır. Ancaq deyə
bilərəm ki, bu təşəbbüs hələ ibtidai səviyyədədir. Biz elə etməliyik ki,
həm güzəştli şərtlər daha da məqbul olsun, həm də ipoteka layihəsinin
əhatə dairəsi genişlənsin. Bu, gənclər üçün yaxşı imkanın yaradılmasına
xidmət göstərəcəkdir. Əlbəttə, bu məsələ də öz həllini tapmalıdır və
yenə də deyirəm, konkret təkliflər irəli sürülməlidir.
Gənclərin
peşə hazırlığı ilə bağlı məsələlər çox aktualdır. Xüsusilə ölkəmizin
indiki inkişaf dinamikası bunu tələb edir. Bizim qarşımızda duran ən
ciddi məsələlərdən biri peşəkar kadrların hazırlanmasıdır. Çünki bizim
artan iqtisadi potensialımız, yeni yaradılan sənaye müəssisələrimiz
peşəkar kadrlar tələb edir. Biz inkişaf etmiş ölkələrin təcrübəsini
yaxşı bilirik və görürük ki, orada peşəkar kadrlar, menecerlər elə
hazırlanır ki, onlar istənilən sahədə işləyə bilərlər. Bizdə də elə
olmalıdır. Misal üçün, böyük, transmilli şirkətlərin başında duran
insanalr bir gün neft şirkətinin prezidenti vəzifəsində işləyirlər,
sonra İKT şirkətinə cəlb olunurlar, ondan sonra inşaat şirkətinə
rəhbərlik edirlər. Yəni bizdə də hazırlıq səviyyəsi elə olmalıdır ki,
menecerlər istənilən sahədə çalışa bilsinlər. Buna böyük ehtiyac var.
Hazırda Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlərin filiallarında
xaricilərin sayı kifayət qədər çoxdur. Biz bunu alqışlayırıq, çünki indi
Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və açıq ölkədir,
investisiyalar üçün açıqdır və biz bütün müsbət meyillərə xoş münasibət
göstəririk. Ancaq əlbəttə, çox istərdik ki, yeni müəssisələrdə, xüsusilə
xidmət sektorunda, turizm sektorunda, İKT sektorunda yerli kadrlar
üstünlük təşkil etsinlər.
Bilirsiniz ki, mən bölgələrdə tez-tez
oluram, eyni zamanda, Bakı şəhərində böyük müəssisələrin açılışlarında
iştirak edirəm və görürəm ki, bir çox hallarda onlara başçılıq edən
insanlar xarici vətəndaşlardır. Mən yenə də deyirəm ki, Azərbaycanın bu
sahədəki siyasəti çox açıqdır və biz xarici menecerlərin Azərbaycana
cəlb olunmasını alqışlayırıq. Onların buradakı fəaliyyəti və
ümumiyyətlə, ölkəmizə xarici investisiyaların cəlb olunması müsbət rol
oynayıbdır və oynayır. Ancaq əlbəttə, mən çox istərdim ki, bax bu mühüm
vəzifələrdə yerli kadrlar işləsinlər. Xüsusilə nəzərə alsaq ki, yenə də
deyirəm, ölkəmizin bugünkü iqtisadi inkişafı və gələcək planlarımız bunu
tələb edir. Çünki burada ən müasir, qabaqcıl texnologiyalar tətbiq
olunmalıdır.
Ölkəmiz müasir dövlətə çevrilməlidir və bu
istiqamətdə biz çox vacib addımlar atırıq. Müasirləşmə, əlbəttə ki,
dövlət siyasətinin düzgün qurulmasından və bununla bərabər, gənclərin
fəaliyyətindən asılıdır. Siz gənc nəslin nümayəndələrisiniz, Azərbaycan
gəncləri müasir, Vətənə bağlı, millətə bağlı, dövlətçiliyə sadiq
olmalıdırlar. Ancaq eyni zamanda, gənclərimiz bütün mütərəqqi təcrübəyə
də açıq olmalıdırlar. Ona görə mən hesab edirəm ki, bu proqramda peşə
hazırlığına xüsusi diqqət göstərilməlidir. Texniki peşə təhslinin
təkmilləşdirilməsi işində daha da böyük işlər görülməlidir. Çünki
hazırda bizə daha çox bu kateqoriya peşəkarlar lazımdır və bütövlükdə
təhsillə bağlı məsələləri daha da uğurla həll etməliyik. Bu sahədə də
işlər görülür. Həm orta təhsildə, həm ali təhsildə irəliyə doğru
addımlar atılır. Ancaq hələ ki, bu məsələlər istədiyimiz səviyyədə deyil
və məhz buna görə Dövlət Neft Fondunun xətti ilə gənclərin xaricdə
təhsil alması üçün vəsait ayrılır. Əgər bizdə təhsil istədiyimiz
səviyyədə olsaydı, yəqin ki, buna ehtiyac olmazdı. Ancaq biz hər iki
istiqamətdə çox fəal iş aparmalıyıq. İlk növbədə, Azərbaycanda təhsilin
səviyyəsinin qaldırılması üçün əlavə konkret addımlar atılmalıdır və
hesab edirəm ki, proqramda bu məsələlər də öz həllini tapmalıdır,
baxmayaraq ki, bu, təhsil sahəsinə aiddir. Amma təhsil sahəsi, ilk
növbədə, gənclərə bağlıdır və xaricdə gənclərimizin təhsil alması üçün
əlavə tədbirlər görüləcəkdir. Biz ölkəmizin gələcək inkişaf
perspektivlərini yaxşı bilirik və iqtisadiyyatımızın inkişaf
istiqamətlərini bilirik. Ona görə də kadrların hazırlanması ölkənin
ümumi iqtisadi inkişafı ilə bağlı olmalıdır.
Yenə də deyirəm, bu
proqramda gənclərin bütün problemləri əks olunmalıdır. Fiziki sağlamlığı
yaddan çıxarmamalıyıq. Bu məsələyə xüsusi diqqət göstərilir və indi
bütün bölgələrdə idmanla məşğul olmaq üçün şərait yaradılır.
İdmançılarımıza dövlət tərəfindən qayğı göstərilir, onların fəaliyyəti
üçün bütün tədbirlər görülür. Biz burada iki məqsəd güdürük. İlk
növbədə, idmanın kütləviliyini təmin etməliyik. Bu, birinci məsələdir.
İkinci məsələ, əlbəttə ki, Azərbaycanın idman şöhrətinin qaldırılması
üçün peşəkar idmançılar da hazırlamalıyıq. Bu istiqamətdə böyük uğurlar
əldə edilibdir. Eyni zamanda, bu, gənclərdə və bütövlükdə cəmiyyətdə
vətənpərvərlik hisslərinin güclənməsinə də xidmət göstərir. Hər bir
beynəlxalq yarışda, hər bir mötəbər yarışda Azərbaycan bayrağının
qaldırılması bizdə haqlı olaraq qürur hissi doğurur və fəxr edirik ki,
idmançılarımız, bizim yığma komandalarımız beynəlxalq arenalardan
qələbələrlə qayıdırlar.
Fiziki sağlamlıqla bağlı məsələlər deyə
bilərəm ki, həllini tapmaqdadır. Yəqin ki, əlavə hansısa məsələlər də
proqrama daxil edilməlidir. Hərbi hazırlıqla bağlı proqramda mütləq
xüsusi yer ayrılmalıdır. Bu bizim üçün çox vacib məsələdir. Biz müharibə
şəraitində yaşayırıq. Torpaqlarımız işğal altındadır. Biz hər an hazır
olmalıyıq ki, torpaqlarımızı azad edək, ərazi bütövlüyümüzü bərpa edək.
Biz bu məsələni diplomatik yollarla həll etməyə çalışırıq. Ancaq bununla
bərabər, hərbi potensialımız, diplomatik danışıqlara da müsbət təsir
göstərir. Biz artıq bunun şahidiyik.
Mənim proqramla bağlı
fikirlərim demək olar ki, bundan ibarətdir. Mən yenə də hesab edirəm ki,
istiqamətlər düzgün seçilməlidir. Ən önəmlisi, proqramda konkret
tədbirlər planı da əksini tapmalıdır ki, bu, konkret proqram olsun. Bir
də demək istəyirəm ki, Azərbaycanda son illər ərzində qəbul edilmiş
bütün proqramlar konkret xarakter daşıyır. Heç biri şüar naminə qəbul
edilməyib. Məhz buna görə bu proqramların icrası da təmin edilir.
Regional inkişaf proqramı 2004-cü ildən bu günə qədər icra edilibdir və
çox gözəl nəticələr vardır. İndi digər proqramlar, Bakı qəsəbələrinin
sosial-iqtisadi inkişafı proqramı hazırlanır. O cümlədən bu proqramın
konkret olması çox vacibdir. Bu proqramda nəzərdə tutulmuş bütün
vəzifələr real olmalıdır ki, bütün məsələlər öz həllini tapsın.
Nəzərə
alsaq ki, proqram 2011-2015-ci illəri əhatə edəcək, çox yığcam və
konkret bir proqram olmalıdır. O demək deyildir ki, 2015-ci ildən sonra
bu məsələ kənarda qalacaqdır. Əlbəttə ki, yox. Ancaq daha da real
vəzifələri müəyyən etmək və həll etmək üçün hesab edirəm ki, bu, ən
optimal müddətdir. Ümid edirəm ki, siz də öz fikirlərinizi
bildirəcəksiniz, həm bu gün, həm proqramın hazırlanması ilə bağlı fəal
iştirak edəcəksiniz.
Prezident yanında Dövlət İdarəçilik
Akademiyasının hüquqşünaslıq üzrə ikinci kurs tələbəsi, test
imtahanlarında 700 ballıq maksimum nəticə əldə etmiş, Prezident
təqaüdçüsü Fəridə Musayeva gənclərlə belə bir görüşün keçirilməsinə və
"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını
imzaladığına görə Prezident İlham Əliyevə minnətdarlıq edərək deyib:
-Bugünkü
görüş hər bir gənc üçün çox əhəmiyyətlidir. Bizim məktəbin girişində
məktəbimizin məzunu olan ümummilli lider Heydər Əliyevin şəkli var idi.
Mən hər dəfə məktəbə daxil olanda, o şəklin qarşısında ayaq saxlayıb
arzulayırdım ki, nə vaxtsa mənim də Prezidentlə görüşüm olar. Təbii ki,
Prezidentlə görüşmək hər bir gəncə nəsib olmur. Mən buna layiq olmaq
üçün öz üzərimdə daha çox işləyirdim, daha çox çalışırdım. Bu bir növ
mənə stimul verirdi. Bunun üçün Sizə təşəkkür edirəm.
Ölkədə
gedən sürətli iqtisadi inkişaf və yeni iş yerlərinin açılması məsələsinə
toxunan Azərbaycan Tibb Universitetinin altıncı kurs tələbəsi Hikmət
İsmayılov Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi ilə
bağlı fikirlərini bildirərək deyib:
Cənab Prezident, əmək
bazarında olan imkanla texniki peşə sahəsində verilən təhsili müqayisə
etdikdə, müəyyən uyğunsuzluqlar nəzərə çarpmaqdadır. Peşə məktəblərində
verilən təhsil heç də müasir dövrün tələblərinə bir o qədər uyğun
gəlmir. Deyə bilərəm ki, Azərbaycanda bir çox texniki peşə məktəbləri
artıq köhnəlmişdir. Çünki artıq onlar illərdir yeni avadanlıqlar və
cihazlarla təmin edilməyibdir. Bu öz növbəsində təbii ki, gənclərimizin
müasir peşələrə uyğunlaşmasına mənfi təsirini göstərməkdədir. Hətta
müəyyən xırda peşələr vardır ki, biz həmin işləri icra etmək üçün
xaricdən mütəxəssis dəvət etmək məcburiyyətində qalırıq.
Fikrimi
xırda bir misalla ifadə edərək əsaslandırmaq istərdim. 2011-ci ili
ölkəmizdə "Turizm ili" elan etmisiniz və yeni tikilən beşulduzlu çox
görkəmli hotellər, idman və istirahət mərkəzləri, həmçinin təmir olunan
və yenidən qurulan tarixi mədəniyyət abidələrimiz, eyni zamanda,
müxtəlif beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ölkəmizə böyük
turist axınına səbəb olmuşdur. Düşünürəm ki, texniki peşə təhsilin
təkmilləşdirilməsi turistlərə ən gözəl, ən yüksək səviyyədə xidmət
göstərməyimizdə bizə müsbət mənada kömək edəcəkdir. Dəyərli vaxtınızı
çox almaq istəmirəm. Sizdən rica edirəm ki, bu istiqamətdə müasir
təcrübələrin tətbiqinə kömək edəsiniz.
Prezident İlham Əliyev:
Sağ olun, buna doğrudan da böyük ehtiyac vardır. Mən də çıxışımda bunu
qeyd etdim. Xüsusilə turizm sahəsində, bilirsiniz, indi ölkəmizdə bu
sahəyə çox böyük diqqət göstərilir. Doğrudan da, biz ölkə
iqtisadiyyatının neft, qaz amilindən asılılığını gərək, kəskin şəkildə
azaldaq. Əgər fikir vermisinizsə, son zamanlar ümumiyyətlə neft-qaz
sektorunda görülən işlər haqqında o qədər də çox söhbət aparılmır. Çünki
bu sahədə hər şey yaxşıdır. Ondan başqa mən çox istəyirəm ki,
Azərbaycanı dünyada neft hasil edən ölkə kimi deyil, müasir, yüksək
intellektual potensiala malik olan ölkə kimi tanısınlar.
Beləliklə,
qeyri-neft sektorunun inkişafı üçün konkret addımlar atılır. Turizmin
inkişafı burada xüsusi əhəmiyyət daşıyır. Çünki xoşbəxtliyimiz ondadır
ki, bizim çox gözəl ölkəmiz vardır. Bəlkə dünya xəritəsində çox nadir
hallarda belə gözəl, təbii imkanlara malik ölkəyə rast gəlmək olar.
Bizim
doqquz iqlim qurşağımız, gözəl dənizimiz, dağlarımız, çaylarımız,
bulaqlarımız vardır. Ona görə turizmin inkişafında, xüsusilə coğrafi
vəziyyətimizi və Azərbaycanda hökm sürən sabitlik, ictimai-siyasi
asayiş, təhlükəsizlik - bütün bu amillər turistlərin cəlb olunmasında
xüsusi rol oynayır.
Hazırda Bakıda beşulduzlu mehmanxanalar
tikilir. Özü də bu mehmanxanalar brendlərdir. Orada əlbəttə ki, xidmət
səviyyəsi çox yüksək olmalıdır. Mən fikirləşirəm ki, həmin mehmanxanalar
bu il və gələn il açılacaqdır. Biz bu qədər kadrı haradan tapıb işə
götürəcəyik. Yenə də deyirəm ki, xarici mütəxəssislər, xarici
xidmətçilər gələcəklər. Ona görə tapşırıq verilibdir ki, təkcə Bakıda
deyil, bölgələrdə də turizm sahəsi üzrə peşə məktəblərinin sayı
artırılsın. Çünki mehmanxanaların bir neçəsi bölgələrdə yerləşir. Bizim
indi xizək kurortumuz da yaradılır.
Hesab edirəm ki, bu da
ölkəmiz üçün tarixi bir hadisədir. Hesab edirəm ki, bu ilin sonuna qədər
artıq vətəndaşlarımız bu gözəl imkandan istifadə edəcəklər. O ki qaldı
bütövlükdə peşə məktəblərinin fəaliyyətinə, əvvəlki illərdə bu sahəyə
lazımi diqqət göstərilməmişdir. Çünki yəqin ki, qarşıda bundan da ciddi
problemlər dayanmışdı. Qəzalı məktəblərin təmiri, məktəblərin tikintisi -
vəsait daha çox bu istiqamətə gedirdi. Bunun nəticəsində 2000-dən artıq
yeni məktəb tikilmişdir. Məktəblərdə kompyuterləşmə prosesi sürətlə
gedir.
Mən hesab edirəm ki, biz bir neçə il ərzində inqilabi
dəyişiklik edə bilmişik. Çünki biz bu proqrama başlayanda hər 1000
şagirdə 1 kompyuter düşürdüsə, indi hər 20-30 şagirdə 1 kompyuter düşür.
Yəni, əvvəlki dövrdə mən bölgələrdə olarkən maraqlanırdım ki, kompyuter
sinfi, kompyuterlər var, yoxsa yox?! Bəzi hallarda kompyuterləri mənə
göstərmək üçün quraşdırırdılar. Amma yaxınlaşanda görürdüm ki, onlar
işləmir. Ancaq hazırda hər bir məktəbdə, hər bir rayonda, yəni yeni
tikilmiş məktəblərdə kompyuter sinifləri vardır. Ona görə, indiki
mərhələdə peşə məktəblərinin fəaliyyətinə xüsusi diqqət göstərilməlidir.
Təhsil Nazirliyinə konkret tapşırıqlar verilmişdir. Hesab edirəm ki,
gənclərlə bağlı proqramda da bu məsələ öz əksini tapmalıdır.
Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının dördüncü kurs tələbəsi Alyona Bandurina
akademiyanın müəllim və tələbələri adından bu təhsil ocağında aparılmış
təmir və yenidənqurma işlərinə görə dövlət başçısına minnətdarlıq
edərək bildirib:
- Buraxılış kursunda olan bir tələbə kimi, məni
həllini tapmayan bir məsələ narahat edir. Bu, gənc rəssamların ölkə
mədəniyyətinin inkişafına xüsusi xidmət göstərmələri üçün
emalatxanaların çatmamasıdır. Bu, Dövlət Proqramının olmamasının
nəticəsidir. Bir məsələ də vardır ki, mən təklif irəli sürmək istərdim.
Bu, mədəniyyət, elm, intellektual oyunlarda və digər sahələrdə fəaliyyət
göstərən istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin illik
təqaüdünün təsis edilməsidir. Bu təqaüdün təsis edilməsi hər il bütün
sahələrdə yüksək nailiyyətləri ilə fərqlənən gənclərin seçilməsinə və
həmçinin gənclərin daha yüksək nailiyyətlər əldə etməsi üçün əsas
məqsədə çevriləcəkdir. Cənab Prezident, Azərbaycanda və ya onun
hüdudlarından kənarda "Azərbaycançılıq" sözünü söylədikdə müəyyən fərqli
təəssüratlar yaranır. Biz bilmək istəyərdik ki, bu söz Sizin üçün
Azərbaycançılıq məfhumu kimi hansı təəssürat yaradır?
Prezident
İlham Əliyev: Sağ olun. İlk növbədə Azərbaycan dilində belə gözəl
danışdığınıza görə mən sizə minnətdarlığımı bildirmək istəyirəm. Çünki
bilirsiniz ki, ölkəmizdə bu barədə heç bir məhdudiyyət yoxdur. Rus
dilində də danışa bilərsiniz, biz də rusca danışa bilərik. Hesab edirəm
ki, Azərbaycan bu məsələlərlə bağlı da dünyada fərqlənir. Amma sizin
Azərbaycan dilində belə yaxşı danışmağınız əlbəttə ki, çox müsbət
haldır. Sizin qaldırdığınız məsələlərlə - emalatxanalarla bağlı müvafiq
tapşırıqlar verilmişdir. Xüsusi bir yer seçilsin, orada ümumiyyətlə
rəssamlar, heykəltəraşlar üçün şərait yaradılsın ki, onlar burada işləyə
bilsinlər. Bu məsələ ilə bağlı mən lazımi tapşırıqları verəcəyəm.
Rəssamlıq Akademiyası binasının tikintisi davam edir. Bu binanı biz daha
da böyüdəcəyik, gözəl memarlıq abidəsidir, eyni zamanda, orada bütün
şərait də yaradılacaqdır. Təqaüdlərə gəldikdə, mən bu təşəbbüsü
alqışlayıram. Hesab edirəm ki, proqramda bu məsələ öz həllini
tapmalıdır. Xüsusilə istedadlı gənclər üçün təqaüdlər verilməlidir. Biz
hazırda daha çox ölkə həyatında uzun illərdir ki, fəal rol oynamış,
böyük töhfələr vermiş yaşlı nəslə bu təqaüdləri veririk. Hesab edirəm
ki, gənclərə də bu təqaüdlərin verilməsi ədalətli olar. O ki qaldı
Azərbaycançılıq ideologiyasına, Azərbaycançılıq məfkurəsinə bu barədə
ulu öndər Heydər Əliyev dəfələrlə öz fikirlərini bildirmişdir. Məhz onun
təşəbbüsü ilə Azərbaycançılıq məfkurəsi Azərbaycanda güclənmişdir.
Bildiyiniz
kimi, ondan əvvəlki dövrdə müxtəlif fikirlər, müxtəlif yanaşmalar var
idi. Ancaq bu, ölkəmizi gələcəyə aparan yoldur. Çünki bu, ölkəmizi
birləşdirən, ölkəmizdə yaşayan bütün xalqların, bütün millətlərin
nümayəndələrini birləşdirən məfkurədir və məhz Heydər Əliyevin təşəbbüsü
ilə və onun fəaliyyəti nəticəsində azərbaycançılıq ideologiyası
Azərbaycanda oturuşdu və bu gün bizim dövlət və milli ideologiyamızdır.
Azərbaycanda
bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi
yaşayırlar və bu, sadəcə olaraq, xoş sözlər deyil, reallıqdır. Bu, bizim
keçmişimizi də əks etdirir və ən önəmlisi, müstəqil ölkə kimi
Azərbaycanın inkişaf dövründə bu prinsiplərə həmişə çox böyük diqqət
yetirilmişdir. Təsadüfi deyil ki, dünya birliyi, dünya ictimaiyyəti
artıq bunu anlamağa başlayır və Azərbaycanda keçirilən beynəlxalq
tədbirlər bunu bir daha təsdiqləyir.
Biz müstəqil ölkə kimi cəmi
20 ildir yaşayırıq. 20 il həm qısa bir tarixi dövrdür, eyni zamanda, 20
il ərzində çox iş görmək olar. Mən hesab edirəm ki, 20 il ərzində
Azərbaycanın dövlətçiliyi tam bərqərar olmuşdur. Biz müstəqil ölkə kimi
öz taleyimizi özümüz müəyyən edirik və bütün məsələlərlə bağlı, bütün
istiqamətlər üzrə bizim dövlətimizin çox dəqiq mövqeyi vardır.
İlk
növbədə, ölkə daxilində gedən proseslərlə bağlı və ölkənin gələcək
inkişaf istiqamətləri ilə bağlı cəmiyyətdə fikir ayrılığı yoxdur. Biz
güclü dövlət qururuq. Müasir dövlət, eyni zamanda, güclü milli dəyərlərə
söykənən dövlət qururuq. Biz, əlbəttə ki, ümumbəşəri dəyərləri
bölüşürük, Avropa dəyərlərinə də hörmətlə yanaşırıq. Ancaq bizim öz
dəyərlərimiz var. Bu, bizim ənənələrimizdir, tariximizdir, bizim
mədəniyyətimizdir, dilimizdir. Biz haqlı olaraq, fəxr edirik ki, biz
müstəqil ölkə kimi öz taleyimizi özümüz müəyyən edirik. Azərbaycanda
tarixi keçmişə, mədəniyyətimizə, milli köklərimizə qayğıkeş münasibətə
söykənən müasir dövlət quruculuğu prosesi gedir və elə etməliyik,
dövlətçiliyimizin əsasları sarsılmaz olsun. Çünki Azərbaycanın həm
coğrafi vəziyyəti, həm geosiyasi əhəmiyyəti, həm də zəngin təbii
resurslarımız və bölgədə artan təsir imkanlarımız, əlbəttə ki, bütün
diqqətləri Azərbaycana yönəldir. Ölkəmizi, əgər belə demək mümkünsə, öz
tərəfinə çəkmək cəhdləri hələ ki, səngimir. Baxmayaraq ki, biz bu
cəhdlərə qarşı ardıcıl mübarizə aparır və sübut etməyə çalışırıq və
hesab edirəm, müvəffəq olmuşuq ki, Azərbaycanın öz siyasəti var, öz
məqsədləri var.
Biz bütün ölkələrlə xoş münasibətlər qurmaq
əzmindəyik və qururuq. Biz əsrlər boyu müstəmləkə, yaxud da ki,
yarımmüstəmləkə vəziyyətində yaşamışıq. Baxmayaraq ki, zəngin tarixə,
böyük mədəniyyətə malikik, lakin müstəqil xalq kimi yaşamamışıq. İndi
isə bizim üçün fürsət və bütün imkanlar var ki, - güclü iqtisadiyyat,
formalaşan siyasi sistem, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı
prinsipial məsələlərdə fikir ayrılığının olmaması, maliyyə
resurslarımız, təbii resurslarımız, coğrafi vəziyyətimiz, - Azərbaycan
sözün əsl mənasında uğurla inkişaf etsin.
Biz tam şəkildə
müstəqil siyasət aparırıq və yenə də deyirəm, bizim siyasətimiz
xoşniyyətlidir. Biz istəyirik ki, qarşılıqlı hörmət əsasında,
bir-birinin işinə qarışmamaq şərti ilə bütün ölkələrlə münasibətlərimizi
gücləndirək. Buna nail olmaq üçün, əlbəttə ki, təkcə enerji, yaxud da
maliyyə resursları kifayət etmir. Buna nail olmaq üçün cəmiyyətdə
dövlətçiliyə bağlılıq daha da güclü olmalıdır. Gənc dövlət üçün dövlət
atributlarına hörmət, bizim dövlətçilik prinsiplərimizə sədaqət,
gənclərin vətənpərvərlik ruhunda tərbiyə alması xüsusi məna daşıyır.
Biz
hələ ki, gənc müstəqil dövlətik, baxmayaraq, mən hesab edirəm ki, biz
artıq keçid dövrünü başa vurmuşuq. İqtisadi göstəricilər və reallıq da
bunu göstərir. Ona görə gələcək uğurlu həyatımızı təmin etmək üçün
mütləq dövlət ideologiyası güclü olmalıdır və bu ideologiya
azərbaycançılıq ideologiyasıdır. Mən çox şadam ki, siz bu sualı
verdiniz. Hesab edirəm ki, bunlar vacib məsələlərdir və biz bu
məsələləri daim diqqət mərkəzində saxlamalıyıq, proqramda bu məsələlər
də nəzərdə tutulmalıdır.
Xəzər Mühəndisləri Cəmiyyətinin sədri,
Britaniya Materiallar İnstitutunun üzvü, kimya elmləri namizədi Rüfət
Əzizov ölkəmizdə elmi-texnoloji inkişafla və peşəkar kadrların
hazırlanması ilə bağlı təkliflərini söyləyib:
-Hazırda neft
sənayesindəki inkişaf və digər sənaye sektorlarının inkişaf etdirilməsi
və ən əsası, gələcəkdə Azərbaycanın neft ixrac edən ölkədən bilik və
texnologiyalar ixrac edən ölkəyə və yaxud da bilik və texnologiyalar
mərkəzinə çevrilməsi üçün bizə, həqiqətən də, müasir biliklərə,
təcrübələrə yiyələnmiş kadrlara, texniki sahələrdə kadrlara böyük
ehtiyac vardır. Əgər biz Qərbin təcrübəsinə baxsaq, orada sənaye, təhsil
və elm üçbucağı yaradılmışdır, onlar inteqrə olunmuş şəkildə birgə
inkişaf edir və bir-birinin tələblərini ödəyir. Bizdə də ilk olaraq bu
yola çıxmaq lazımdır. Bunun üçün də ən münasib yol, - bu, Qərbdə də
geniş yayılmışdır, - elmi-texniki sahələrdə peşəkar təşkilatların təsis
olunması və artıq fəaliyyət göstərən təşkilatların dəstəklənməsidir.
Qloballaşan
dünyada təhsil, sənaye texnologiyaları çox sürətlə inkişaf edir və bu
sürətə çatmaq üçün, müasir dünya elminə inteqrasiya olunmaq üçün,
əlbəttə ki, Azərbaycanın ilk növbədə daim, davamlı olaraq yeniləşən,
yeni texnologiyalarla, yeni bilgilərlə, təcrübələrlə zənginləşən təhsil
sisteminə ehtiyacı vardır.
Təhsil sistemində yeniliklər dedikdə,
kurikulumlardan başlayaraq, laboratoriya avadanlıqları ilə təchizat,
prosedurlar, dərs metodikaları, müəllim-tələbə münasibətlərinin
yenilənməsi kimi məsələlərə kompleks şəkildə baxılmalıdır.
Hesab
edirəm ki, xaricdə təhsil alıb gəlmiş gənclərimizin birbaşa bu işlərə
cəlb olunması, onların xaricdə gördükləri təcrübəni təhsilə və böyük
sənaye müəssisələrimizə gətirməsi bu sahədə böyük imkanlar yarada bilər.
Digər
tərəfdən, gələcəkdə Azərbaycanın texnologiyalar ixrac edən ölkəyə
çevrilməsi üçün biz qloballaşan elmi dünya ilə ayaqlaşmalıyıq. Gələcəkdə
özümüz texnologiyalar ixrac etmək istəyiriksə, nəinki həmin o qlobal
elmə çatmalı, hətta onu ötüb keçməliyik. Bunun üçün də bizə yenə də
müasir kadrlar lazımdır. Bütün bu prosesləri uzunmüddətli etmək üçün isə
Azərbaycanda məktəb yaşlarından başlayaraq, elmi-texniki sahələrdə
yaradıcı gənclərin ortaya çıxarılması əsas məqsədlərimizdən biri
olmalıdır.
Son illərdə idman və mədəniyyət sahələrində çox geniş
inkişaf vardır. Bu sahələrdə olan gənclər müxtəlif layihələr vasitəsilə
ortaya çıxırlar. Lakin təəssüf ki, elmi-texniki sahələrdə hələ ki, az iş
görülübdür. İdman yarışında qalib gəlmiş gənc ilə elm olimpiadasında,
elm yarışında qalib gəlmiş gənc arasında, yəni fərq olmamalıdır, hər
ikisinə yüksək səviyyədə qiymət verilməlidir.
Bütün bu məsələlərdən
irəli gələrək, iki təklif vermək istərdim: peşəkar mühəndislik və
elmi-texniki təşkilatların inkişafına dövlət dəstəyi; həmin sahələrin
inkişafı üçün Azərbaycan Respublikası Prezidentinin illik mükafatlarının
təsis olunması. Hesab edirəm, bunlar bir qədər yüksək səviyyəli
mükafatlar olmalıdır ki, gəncləri elmi-texniki axtarışlara
istiqamətləndirsin.
Təşəkkür edirəm.
Prezident İlham Əliyev:
Sağ olun. Mən hesab edirəm ki, sizin fikirləriniz bu proqramda öz əksini
tapmalıdır. Sirr deyil ki, hər bir ölkənin inkişafını müəyyən edən
enerji resursları deyil, intellektual potensialdır. Bizim məqsədimiz
gələcəkdə, sözün əsl mənasında, inkişaf etmiş ölkələrin sırasına daxil
olmaqdır. Hesab edirəm ki, son illərdə Azərbaycanda sənayenin
inkişafına, elmin inkişafına göstərilən dəstək, yaxın gələcəkdə öz gözəl
nəticələrini verəcəkdir. Ölkəmizdə hazırda sənaye mərkəzləri
formalaşmaqdadır.
Bu barədə mən bir müddət bundan əvvəl öz
fikirlərimi bildirmişəm. Hesab edirəm ki, əsas üç mərkəz yaradılmalıdır.
Biri Sumqayıt. Biz Sumqayıtı müasir sənaye mərkəzinə çevirməliyik.
Gəncə şəhəri və Bakının Qaradağ rayonu. Çünki orada həm ərazi, həm də
infrastruktur baxımından kifayət qədər yaxşı imkanlar vardır. Bu sənaye
mərkəzləri, eyni zamanda, elmin inkişafı ilə də bağlı olmalıdır. Elmimiz
daha da sürətlə inkişaf etməlidir və ölkə qarşısında duran vəzifələrin
həllinə kömək göstərməlidir. Misal üçün, Sumqayıtda böyük texnopark
yaradılır. Artıq 10-a yaxın müasir müəssisə yaradılmışdır. Mən göstəriş
vermişəm ki, o texnoparkın nəzdində texniki peşə məktəbləri də
fəaliyyətə başlasın ki, kadr hazırlığı prosesi istehsalla uzlaşsın.
Yaradıcı
gənclərin dəstəklənməsi məsələləri də xüsusi diqqətə layiqdir.
Mükafatlarla bağlı məsələni də biz proqramda nəzərdə tuta bilərik. Hesab
edirəm ki, cəmiyyətdə də elm sahəsində, idman sahəsində uğurlar
qazanmış gənclərə eyni münasibət olmalıdır. Ancaq dünyada gedən
proseslər də müəyyən qədər bu fərqli yanaşmanı şərtləndirir. Çünki hər
hansı bir dünya çempionatında medal qazanmış insan dərhal dünyada məşhur
olur. Bəzi idman növlərində uğur qazanmış insanlar dərhal zənginləşir,
varlanır, amma istedadlı alim öz kitablarının hesabına dolanmağa
məcburdur. Yəni bu, dünya reallıqlarıdır. Ancaq biz çalışmalıyıq ki,
müəyyən dərəcədə bu ayrı-seçkiliyi aradan qaldıraq. Hesab edirəm ki,
ölkə daxilində bu məsələlərin ədalətli həlli üçün imkanlar vardır.
Mükafatlar hesabına, ola bilsin ki, gənclər fondu yaradılsın - daha
doğrusu hesab edirəm ki, yaradılmalıdır, - dövlət büdcəsindən ora vəsait
ayrılsın və gənclər özləri müəyyən etsinlər, bu vəsait hansı
istiqamətlər üzrə xərclənməlidir. Bu, həm mükafatlandırmaya da
yönəldilməlidir. Eyni zamanda, gənclərin elmi araşdırmalar aparmaları,
texniki məsələləri həll etmələri üçün vəsait olmalıdır. Yəni, mən hesab
edirəm ki, biz bu məsələ ilə ciddi məşğul olacağıq. Demək istəyirəm ki,
ölkəmizin uğurlu inkişafı diqtə edir ki, biz elmi-texniki tərəqqiyə daha
da böyük diqqət göstərək. Bu istiqamətdə informasiya-kommunikasiya
texnologiyalarının inkişafı xüsusi əhəmiyyət daşıyır. Çünki bu sahə həm
intellektual potensialın güclənməsinə xidmət göstərəcək, eyni zamanda,
kommersiya cəhətdən çox əlverişlidir. Gələcəkdə İKT sektoru Azərbaycan
iqtisadiyyatında daha da təsirli rol oynayacaqdır. Bildiyiniz kimi, biz
kosmik sənayenin yaradılması ilə məşğul olmağa başlamışıq. Süni peykin
orbitə çıxarılması ilə məşğuluq. Biz gələcəyə baxırıq. Gələcək də elmi
ixtiraların uğurundan asılı olacaqdır.
Hazırda Azərbaycan kimi
resurslarla zəngin olan ölkələr xaricdən texnologiyaları alırlar. Bu, ən
asan yoldur. Halbuki burada da siyasət düzgün aparılmalıdır, bizə lazım
olan texnologiyalar alınmalıdır. Ancaq uzun illər bundan sonra belə
davam edə bilməz. Biz texnoloji inkişafın bir parçası olmalıyıq. Ona
görə hazırda Azərbaycanda İKT sektorunda, hərbi sənaye sektorunda birgə
müəssisələrin yaradılması məsələləri öz həllini tapır. Bəlkə də bu
müəssisələrin yaradılması daha da çox vaxt və daha da çox vəsait tələb
edir. Xaricdən texnologiyanı, yaxud da avadanlığı almaq bəlkə də daha da
asandır və bəzi hallarda daha da ucuzdur.
Ancaq biz Azərbaycanda
bu texnoloji proseslərin qurulması ilə ona görə məşğuluq ki, həm
peşəkar kadrlar yetişsin, həm də hər bir elmi-texniki istiqamətdə
atılmış addım, ondan sonra o sahədə inkişafı şərtləndirir. Necə ki,
vaxtilə neft sektoruna, neft quyularına qoyulan investisiyalar xidmət
sektoruna sərmayə yatırılmasına gətirib çıxarmasına xidmət edibdir. Bu
məsələlər öz həllini tapmalıdır. Hesab edirəm ki, siz qaldırdığınız
məsələlərlə bağlı müraciət etməlisiniz və biz bunu proqramda nəzərə
alaq.
"Nə? Harada? Nə vaxt?" televiziya verilişinin Azərbaycanda
rəsmi təmsilçisi və aparıcısı Balakişi Qasımov çıxışında ölkəmizin hər
bir rayonunda Olimpiya komplekslərinin, ayrı-ayrı idman mərkəzlərinin
açılmasının idmana dövlət qayğısının nümunəsi kimi qiymətləndirdi. Şəhər
və kəndlərimizdə intellektual klubların təşkil olunmasının zəruriliyini
vurğulayaraq dedi:
- Həmin klublarda gənclər intellektual
oyunlar üzrə yarışlar keçirə bilər. Bu klublar kitab klubları kimi də
fəaliyyət göstərə, hansısa əsərləri müzakirə edə, yəni bir-birilərinə
kitablarla paylaşa və öz asudə vaxtlarını səmərəli keçirə bilərlər.
Kəndlərarası, rayonlararası, şəhərlərarası yarışlar keçirmək olar.
Ümumrespublika finalını isə hansısa bir televiziya kanalında göstərmək
olar. Bu da gənclərdə biliyə, elmə, kitaba maraq yarada bilər. Yəni,
belə bir təklif vardır. Bundan başqa, istəyərdim, belə bir təklif irəli
sürüm ki, bu gün Azərbaycan Televiziyası, sağ olsunlar, intellektual
verilişləri və gənclərdə milli dəyərləri kifayət qədər təbliğ edirlər,
elmlə bağlı verilişlərə vaxt ayırırlar. Dövlət tərəfindən kommersiya
televiziyalarına belə bir məsləhət olsa idi ki, onlar da intellektual
verilişlərə müəyyən vaxt ayırsınlar, milli dəyərləri, kitabı təbliğ
etsinlər, bu gün gənclərə lazım olan dəyərlər haqqında söhbət açsınlar.
Bir
də icazə versəniz, cənab Prezident, belə bir sualım vardır. Yəqin ki,
tək məni maraqlandırmır. Biz bilirik ki, Sizin iş qrafikiniz çox sıxdır.
Yəni bu, təbii ki, belədir. Ancaq belə bir sual var ki, boş vaxtınız
olanda hansı kanalları izləyirsiniz, hansı qəzetləri, jurnalları
oxuyursunuz?
Prezident İlham Əliyev: Sağ ol Balakişi, sualına
görə. Çalışım cavab verim. Birincisi, mən intellektual klubların
yaradılması ideyasını dəstəkləyirəm. Hesab edirəm ki, biz bu təşəbbüsü
reallaşdırmalıyıq. Hazırda bizim bəzi bölgələrdə Gənclər evləri
fəaliyyət göstərir. Bu yaxınlarda mən Astara rayonunda olmuşam. Orada da
yeni Gənclər evi yaradılmışdır. Orada həm kompyuterlər, kitabxanalar,
müxtəlif dərnəklər fəaliyyət göstərir. O klubların, bazasında belə
intellektual tədbirlərin keçirilməsi yaxşı olar. Ölkə üzrə çempionatlar
da keçirilsin. Sizin yaxşı təcrübəniz var və mən bu məsələni ürəkdən
bəyənirəm. Hesab edirəm ki, özəl kanallarda da bu məsələlərə daha da
böyük diqqət göstərilməlidir. Mən də hesab edirəm ki, özəl kanallarda
ölkəmizin, gənclərin intellektual imkanlarını təqdim edən, yəni, milli
dəyərlərə söykənən verilişlər nə qədər çox olsa, daha yaxşı olar. Bəzi
hallarda daha çox əyləncəli verilişlərə üstünlük verilir. Bu da yəqin
ki, bir növ zəmanənin tələbidir, çünki daha çox reklam verilir, daha çox
auditoriyanı cəlb edir.
Ancaq əlbəttə televiziya yəqin ki, daha
çox həm təhsil, həm intellektual hazırlıq, həm milli dəyərlərə
bağlılığımızı da təbliğ etməlidir. O ki qaldı, mənim asudə vaxtıma,
doğrudan da çox azdır. Mən demək olar ki, gecə-gündüz işlə məşğulam.
Sərbəst vaxt olanda çalışıram daha çox idmanla məşğul olum. Çünki
keçmişdə də həmişə idmanla məşğul olurdum, bu gün də çalışıram ki,
vaxtımı bu məqsədlər üçün sərf edim. Televiziya kanallarına gəldikdə,
əgər hansınınsa adını çəksəm yaxşı olmaz. Mən daha çox pultla işləyirəm.
Ona görə bəzi hallarda verilişlər elədir ki, pult həmişə əlinin altında
olmalıdır. Mən axtarışdayam, belə desəm daha düzgün olar.
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
beynəlxalq münasibətlər fakültəsinin tələbəsi, Prezident təqaüdçüsü
Günay Daşdəmirova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə
toxunaraq dedi:
- Bilirsiniz ki, bu gün Azərbaycan
Respublikasının, ümumiyyətlə Azərbaycan xalqının ən böyük problemi
Dağlıq Qarabağ problemidir. Hesab edirəm ki, təkcə Azərbaycan
Respublikasının Prezidenti yox, Azərbaycan Respublikasının hər bir
vətəndaşı, hər bir fərdi bu problemlə məşğul olmalıdır, bu problemin
həlli üçün öz töhfəsini verməlidir.
Cənab Prezident, Siz
Azərbaycan gənclərindən - biz gənclərdən bu problemin həlli ilə bağlı
nələr gözləyirsiniz? Biz Qarabağ üçün nələr etməliyik?
Prezident
İlham Əliyev: Bilirsiniz, doğrudan da bu, bizim ən ağrılı
problemimizdir. Əfsuslar olsun ki, Azərbaycanın müstəqil həyatı bu
problemlə üzləşib. Hətta müstəqillikdən əvvəl erməni separatçıları bu
məsələni qaldırmışlar və azərbaycanlılara qarşı cinayətlər törətmişlər.
Müstəqilliyimizin ilk illərində baş vermiş hadisələr və ölkədə hökm
sürən anarxiya, xaos və vəzifə uğrunda, iqtidar uğrunda mübarizə,
vətəndaş müharibəsi bu vəziyyətə gətirib çıxardı. Biz çalışırıq ki,
məsələ öz həllini tapsın. Azərbaycanın mövqeyini siz bilirsiniz, bu,
prinsipial mövqedir. Bu mövqe həm ədalətə, həm tarixə, eyni zamanda,
beynəlxalq hüquq normalarına əsaslanır. Ancaq əfsuslar olsun ki, dünyada
mövcud olan ikili standartlar, ayrı-seçkilik, fərqli yanaşmalar imkan
vermir ki, bu məsələ öz həllini tapsın.
Mən bu yaxınlarda Liviya
ilə bağlı hadisələrlə əlaqədar öz fikrimi bildirmişəm. Demişəm ki, necə
ola bilər ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi qəbul olunandan bir
neçə saat sonra dərhal hərbi əməliyyat başlayır. Ancaq bizim işğal
edilmiş torpaqlarla bağlı on səkkiz il bundan əvvəl dörd qətnamə qəbul
edilib və hələ də məsələ danışıqlar mövzusudur.
Ermənistan tərəfi
hesab edir ki, mahiyyət ondan ibarətdir ki, Dağlıq Qarabağa müstəqillik
verilsin. Bu, heç vaxt olmayacaqdır. Amma reallıq ondan ibarətdir ki,
məsələnin həlli üçün işğal edilmiş torpaqlardan erməni qoşunlarının
çıxarılması baş verərsə, o zaman Ermənistan ilə Azərbaycan arasında sülh
müqaviləsi bağlana bilər. Dağlıq Qarabağda hazırda yaşayan insanlar və
oraya qayıdacaq Azərbaycan vətəndaşları muxtariyyət şəraitində
yaşayacaqlar. Yəni, bu, dünya praktikasında tanınmış bir yanaşmadır və
məhz belə də həll olunmalıdır. Əgər biz dünya birliyi üçün hələ ki öz
əhəmiyyətini itirməmiş Helsinki Yekun Aktına baxsaq, görərik ki, orada
xalqların öz müqəddəratını təyin etmək məsələləri ölkələrin ərazi
bütövlüyü məsələləri ilə ziddiyyət təşkil etmir. Onu inkar etmir və
ərazi bütövlüyü çərçivəsində bu məsələlər öz həllini tapmalıdır. Yenə də
deyirəm, necə ki bəzi ölkələrdə, o cümlədən Avropada muxtariyyətlər
vardır və o muxtariyyətlər mərkəzi icra orqanları tərəfindən, necə
deyərlər, daha da böyük diqqət görürlər. Yəni məsələnin həlli məhz
bundan ibarətdir. Azərbaycan dövləti heç vaxt - nə bu gün, nə on ildən,
nə də yüz ildən sonra razı olmayacaq ki, Dağlıq Qarabağa müstəqillik
verilsin. Bu, ümumiyyətlə danışıqlar mövzusu deyildir. Ermənistan tərəfi
isə çalışır ki, müxtəlif yollarla vaxtı uzatsın. Məsələn, danışıqlar
prosesində müəyyən irəliləyiş əldə olunur, ondan sonra yenə də geriyə
addım atılır. Sadəcə olaraq, vaxt uzadırlar, hesab edirlər ki, dünyadakı
erməni lobbisi və bəzi dövlətlərdəki ermənipərəst qüvvələr mövcud
status-kvonun saxlanmasında onlara kömək göstərəcəklər.
Mən hesab
edirəm ki, son dövrün mühüm əlamətlərindən biri də odur ki, artıq
həmsədr ölkələr status-kvonun saxlanmasının qəbuledilməz olduğu haqqında
bəyanatlar verirlər. Yəni bu, çox vacib məsələdir və dəfələrlə
Azərbaycan tərəfi çox təkidlə, israrla tələb etmişdir ki, status-kvo
dəyişdirilməlidir. Bu o deməkdir ki, bizim torpaqlarımızdan erməni
işğalçı qüvvələrin çıxarılması prosesi başlanmalıdır. Hazırda danışıqlar
masasında mövcud olan təkliflər bütövlükdə qəbul edilə bilər. Bu
təkliflər Azərbaycanın ərazi bütövlüyünü qoruyur. Eyni zamanda, Dağlıq
Qarabağda yaşayan insanlar üçün özünüidarə imkanları da yaradır. Hesab
edirəm ki, bu düstur gərək əsas götürülsün. Bunun əsasında məsələ öz
həllini tapsın.
O ki qaldı məsələ ilə bağlı gənclərin
fəaliyyətinə, hesab edirəm, gənclər və cəmiyyətimizin bütün üzvləri hərə
öz yerində ölkəmizin güclənməsinə xidmət etməlidir. Kimin imkanı var,
təbliğat işini daha da fəal qurmalıdır. Bizə qarşı dünya erməniliyi
müharibə aparır. Bu, reallıqdır. Bəlkə biz nadir ölkələrdənik ki, bizə
qarşı mütəşəkkil qrup, - özü də bir ölkədə deyil, müxtəlif ölkələrdə, -
gündəlik fəaliyyət göstərir. Azərbaycanı qaralamaq üçün, Azərbaycanı
gözdən salmaq üçün, Azərbaycanı ləkələmək üçün. Bu addımlarla onlar bir
neçə məqsəd güdürlər. Çünki hazırda dünya erməniliyi üçün bir nömrəli
düşmən Azərbaycandır. Bu, reallıqdır.
Bilirsiniz ki, onlar maliyyə
imkanlarına malikdirlər. Müxtəlif ölkələrdə ermənipərəst siyasətçilər də
vardır və bu imkanlardan, mətbuatdan istifadə edirlər. Digər məqsəd
daha da praqmatik xarakter daşıyır, baxmayaraq ki, o da düşmənçilik
üzərində qurulubdur. O da dünya birliyinə sübut etməkdir ki, Azərbaycan
qeyri-demokratik ölkədir, burada milli azlıqlar əzilir, onların
hüquqları pozulur və Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibində
yaşaya bilməyəcəklər. Əgər bu, nə vaxtsa baş verərsə, burada erməni
qalmayacaq, azərbaycanlılar hamısını məhv edəcəklər.
Bu tezis
kökündən yanlışdır. Çünki bizim keçmiş tariximiz və indiki vəziyyətimiz
onu göstərir ki, Azərbaycan bütün xalqların nümayəndələri üçün doğma
vətəndir. Burada heç vaxt nə milli, nə də dini zəmində ayrı-seçkilik
olmamışdır və olmayacaqdır. Mən buna tam əminəm. Artıq bizim siyasətimiz
o qədər güclüdür ki, heç kim bu siyasətdən kənara çıxa bilməz.
Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlər, xüsusilə
mədəniyyətlərarası dialoqla bağlı tədbirlər bu mövqeyi daha da
gücləndirir. Ona görə biz gənclərdən daha da fəal olmağı gözləyirik.
Xüsusilə internet vasitəsilə. İndi Azərbaycanda internet
istifadəçilərinin sayı təxminən 50 faizə yaxındır. Bizim gənclərimiz çox
fəal, çox müasirdirlər. İmkanı olan hər bir gənc bizim təbliğat işimizə
öz dəstəyini verməlidir. Çünki bizim təbliğatımız reallıq əsasında
qurulur, ermənilər kimi miflər əsasında, yaxud da ki, yalan məlumat
üzərində yox. Haqq, ədalət bizim tərəfimizdədir.
Bügünkü Ermənistan
dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi
həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların
əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla
qopardılıb ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq
vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır. Mən şübhə
etmirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunun iki yolu
vardır - ya hərb yolu, ya sülh yolu. Hələ ki, biz sülh yoluna üstünlük
veririk. Çünki ümidlərimiz vardır ki, bu yolla məsələ öz həllini tapar.
Əgər hazırda danışıqlar masasında olan təkliflər ermənilər tərəfindən
qəbul olunarsa, o zaman məsələ tədricən, mərhələli yolla öz həllini
tapmağa başlayacaqdır. Bizim mövqeyimiz həmişə ondan ibarət olmuşdur ki,
bu məsələ ancaq mərhələli yolla öz həllini tapmalıdır. Belə olan halda,
Azərbaycan vətəndaşları hazırda işğal altında olan torpaqlara
qayıdandan sonra və biz orada bütün şəhərləri bərpa etdikdən sonra,
hesab edirəm ki, məsələ ədalətli həllini tapacaqdır.
Ancaq bir də
demək istəyirəm ki, bu məsələ ilə bağlı bizim mövqeyimiz birmənalıdır,
qətidir. Azərbaycanın ərazi bütövlüyü məsələsi heç vaxt müzakirə mövzusu
olmayıbdır. Bu məsələ ilə bağlı heç vaxt güzəşt olmayacaqdır.
Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər
yaxşıdır. Çünki vaxt bizə işləyir. Bu, reallıqdır. Baxmayaraq ki, bizim
vətəndaşlarımız əziyyət çəkirlər, ancaq həm iqtisadi, həm siyasi
cəhətdən, həm də geosiyasi maraqlar baxımından bu gün Ermənistan və
Azərbaycan müqayisəedilməz səviyyədədir. Bizim aramızda olan bu böyük
məsafə, bu uçurum getdikcə daha da böyüyür və Azərbaycan kimi dinamik,
müasir, inkişafda olan və böyük hərbi gücə malik ölkə Ermənistan üçün
daim təhlükə mənbəyidir. Bu təhlükəni aradan qaldırmaq üçün onlar,
sadəcə olaraq, işğal edilmiş torpaqlardan çıxmalı və beynəlxalq hüquq
normalarına əməl etməlidirlər.
İngiltərənin Mançester
Universitetində insan resurslarının təhsil vasitəsilə inkişaf
etdirilməsi ixtisası üzrə magistr elmi dərəcəsi almış Şahin SEYİDZADƏ
məşğulluq məsələlərindən danışdı:
- Azərbaycanda hər il 100 mindən
artıq orta məktəb məzunu var və onlardan 20 mindən bir az çoxu ali
məktəblərə qəbul olur. 80 min gənc isə kənarda qalır. Bunu nəzərə
alaraq, məşğulluq problemini iş yerlərinin açılmasından savayı, başqa
bir yolla həll etmək lazımdır. Yəqin ki, gənclər də buna yanaşmanı
dəyişməli, yəni, başa düşməlidirlər ki, onlar da sahibkar ola bilərlər.
Onlar da iş yeri aça bilərlər və bu bacarıq onlara lazımdır.
Bununla
bağlı təklifim var ki, ilk növbədə, regionlarda gənc sahibkarlara
xüsusi diqqət göstərilsin, onlar başqa yerdə iş axtarmasınlar, özləri də
iş yerləri yaratsınlar və bunun əsasında gənc menecer nəsilləri
yetişsin.
Xaricdə belə bir praktika var ki, universitetlərin
nəzdindəki inkubatorlar tələbələrə - gənc sahibkarlara mini-qrantlar
verirlər ki, onlar hər hansı bir ideyanı, təklifi reallaşdıra, hansısa
bir məhsulu ortaya çıxara bilsinlər. Bu inkubator modelləri çox
aktualdır və Azərbaycanda bununla bağlı təklifim var.
Toxunmaq
istədiyim ikinci məsələ çox yaralı yerimizdir. Azərbaycanda boşanmaların
sayı ildən-ilə artır. 2011-ci ilin birinci rübündə 15 mindən artıq
nikah bağlanıb, 2016 boşanma olubdur. Sonuncu böyük rəqəmdir. Bununla
bağlı kifayət qədər işlərin görülməsinə ehtiyac vardır.
Prezident
İlham Əliyev: Sağ olun. Siz konkret təkliflərinizi verin, biz baxaq ki,
bu məsələ ilə bağlı hansı addımlar atıla bilər. Əlbəttə, boşanmanın
artımı bizi də narahat edir. Ancaq burada düzgün addımlar atılmalıdır.
Əlbəttə, biz inzibati yollarla heç nə əldə edə bilmərik. Konkret
mexanizmlər olsun, biz bu məsələni dərindən araşdırmalıyıq. Konkret
təkliflər olarsa, müəyyən mənada bu məsələni də proqramda nəzərə ala
bilərik.
Hesab edirəm ki, biznes inkubatorlarının yaradılması çox
vacibdir. Biz buna diqqət göstərəcəyik və proqramda öz əksini
tapmalıdır. Gənc sahibkarlara kreditlərin verilməsi məsələsinə də baxmaq
olar. Bilirsiniz ki, ümumiyyətlə, sahibkarlığın inkişafı üçün dövlət
tərəfindən verilən kreditlər mühüm rol oynayır. Hər il güzəştli
şərtlərlə təxminən 120-125 milyon manat həcmində kreditlər verilir. Bu
məbləğin müəyyən hissəsi sırf gənc sahibkarlar üçün də nəzərdə tutula
bilər. Düzdür, burada təcrübə məsələsi ortaya çıxa bilər. Çünki hər bir
kredit biznes plan əsasında verilir, onu hazırlamaq üçün, əlbəttə ki,
müəyyən təcrübə olmalıdır. Kreditləri alanlar müəyyən illər ərzində daha
çox sahibkarlıqla məşğuldurlar. Ona görə bu xüsusiyyəti nəzərə almaqla,
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə xüsusi bir məbləğ nəzərdə
tutula bilər. Bu təkliflər də öz həllini tapmalıdır.
Azərbaycan
İqtisad Universitetinin tələbəsi Könül Aslanova çıxışında gənc pedaqoji
kadrların ali məktəblərdəki rolundan danışaraq deyib:
- Təhsilin
dövlət siyasətinin əsas hissələrindən biri olduğunu nəzərə alsaq, məncə,
bu problem də diqqət mərkəzində olmalıdır. Danılmaz faktdır ki, hazırda
universitetdə dərs deyən müəllimlərin əksəriyyəti təqaüd yaşına çatmış
və müasir dövrün yeniliklərini mənimsəməkdə çətinlik çəkən insanlardır.
Bu da tələbənin əldə etdiyi biliyə, bacarığa, ümumiyyətlə, onun
inkişafına birbaşa mənfi təsir göstərir. Universitetdə tələbə nəzəri
biliklərlə yanaşı, müxtəlif bacarıq və vərdişlərə də yiyələnməlidir.
Əldə etdiyi biliyi təcrübədə həyata keçirməyi bacarmalıdır. Bazar
iqtisadiyyatı şəraitində rəqabət qabiliyyətli olmalıdır. Faktdır ki,
bakalavr pilləsini bitirmiş tələbələrin bir qismi işsizliklə üzləşir.
Çünki universitetdə ona əmək bazarına lazım olan bilik verilməyibdir.
Mən hesab edirəm ki, bu problemi həll etmək üçün indiki müəllim
heyətinin tədricən cavan, müasir təfəkkürlü, xarici dilləri bilən
kadrlarla əvəzlənməsi daha yaxşı olardı.
Başqa bir alternativ
həll yol kimi, inkişaf etmiş ölkələrin təcrübəsini misal göstərmək olar.
Məsələn, xarici universitetlərdə təkcə həmin ölkənin vətəndaşları
deyil, başqa ölkələrdən olan müəllim heyəti də çalışır. Məncə, bu
təcrübəni Azərbaycana tətbiq etsək, yəni xaricdən müəllimlər dəvət
etsək, onların təcrübələrindən faydalansaq, faydalı olar.
Prezident
İlham Əliyev: Bu, çox ciddi məsələdir. Bu məsələ ilə bağlı müvafiq
göstərişlər verilmişdir. Mən hesab edirəm ki, biz daha çox buna üstünlük
verməliyik, çünki xaricdə gənclərimizin oxuması da vacibdir. Çünki
onlar gediblər, başqa ölkələrdə yaşayırlar, müstəqil həyat sürürlər.
Ancaq ölkə daxilində də təhsilin səviyyəsi elə olmalıdır ki, buna
ehtiyac qalmasın. Ona görə xarici müəllimlərin Azərbaycana cəlb edilməsi
ilə əlaqədar müvafiq göstərişlər verilmişdir və bu proses tədricən
başlayır. Əlbəttə ki, burada əsas məsələ maliyyə məsələsidir. Biz bunu
hesablamalıyıq. Çünki yüksək peşəkarlığa malik olan xarici müəllim ancaq
əlavə imtiyaz hesabına başqa ölkəyə gedə bilər. Ona görə maliyyə
məsələləri, əlbəttə ki, əsas məsələlərdir. Amma tədricən biz bu işə
başlamışıq. O ki qaldı yaşla bağlı sizin fikirlərinizə, mən hesab
edirəm, burada biz gərək çox dəqiq siyasət aparaq. Çünki elə yaşlı
müəllim var ki, o, öz təcrübəsini bölüşərək, gənclərə böyük bilgilər
verir. Sadəcə olaraq, burada yaş senzi əsas rol oynamamalıdır. Digər
tərəfdən, mən tam əminəm ki, indi bu, nəinki təhsil sahəsinə, bütün
sahələrə aiddir. Pensiya yaşına çatmış insanlar pensiyaya getməlidirlər.
Hazırda pensiyaya çıxanların sosial problemlərinin həlli işində müvafiq
göstərişlər verilmişdir. Məsələn, 2006-cı ilə qədər pensiyaya
çıxanların pensiya təminatı yaxşılaşdırılacaqdır. Eyni zamanda, digər
başqa həvəsləndirici amillərdən də istifadə etmək olar ki, pensiya
yaşına çatanlar pensiyaya çıxsınlar. Pensiyanın da məbləği elə olmalıdır
ki, onları təmin etsin. Xüsusilə biz bunu Avropada, Asiyada da çox
görürük, insanlar tələsirlər ki, pensiyaya çıxsınlar. Hesab edirlər ki,
ondan sonra həyat başlayır. Çünki onlar ömür boyu işləyirlər, pul
qazanırlar, uşaqları böyüdürlər. Pensiyaya çıxandan sonra gedirlər
səyahətlərə, gəzməyə, yəni həyatı görməyə başlayırlar. Bizdə isə
əksinədir. Bizdə heç kim pensiyaya çıxmaq istəmir. Hamı, demək olar,
əksəriyyət istəyir ki, vəzifələrdə axıra qədər işləsinlər. Beləliklə,
həm dediyiniz məsələ ortaya çıxır, eyni zamanda, iş yerləri də boşalmır.
Bu, daimi proses olmalıdır, gənc kadrlar üçün iş yerləri olmalıdır. Hər
bir vətəndaş bilməlidir ki, müəyyən yaşa çatandan sonra pensiyaya
getməlidir, o vəzifədən, o işdən yapışmamalıdır. Pensiya təminatı da elə
olmalıdır ki, onu qane etsin. Ona görə bu məsələ ilə bağlı bir müddət
əvvəl mənim tərəfimdən ümumi göstəriş verilmişdir ki, yaşı çatmış
insanların pensiyaya çıxması ilə əlaqədar çox ciddi və dəqiq siyasət
aparılsın ki, bu proses müsbət istiqamətdə getsin.
Ancaq yenə də
mən hesab etmirəm ki, hər bir yaşlı müəllim lazmi biliyi verə bilməz.
Halbuki, digər tərəfdən, bu gün dünya elə dəyişir, texnoloji tərəqqi elə
sürətlə gedir ki, müasir biliklərə malik olmaq üçün xarici dilin
öyrənilməsi çox vacibdir.
"Microsoft Azərbaycan" şirkətində
maketinq şöbəsinin rəhbəri Əsmər Daşdəmirova insan resursları və
intellektual potensial məsələlərindən danışaraq dedi:
- Hörmətli
cənab Prezident, intellektual mülkiyyətin qorunması sahəsində müəyyən
işlər görülmüşdür. Biz bilirik ki, Siz və "Microsoft" şirkətinin
rəhbərliyi bu il Davosda müzakirələr aparmısınız. Mən əminəm ki, bu
razılaşmalar İKT marketinqinin sürətli inkişafına gətirib çıxaracaq, bu
isə gənclər üçün külli miqdarda iş yerləri yaradacaqdır. Elə iş yerləri
ki, gənclər orada öz intellektual potensiallarını həyata keçirməyə imkan
tapacaqlar.
Prezident İlham Əliyev: Sağ olun. Bu məsələ ilə mən
tanışam. "Microsoft" şirkətinin Avropa üzrə prezidenti ilə görüşüm
olubdur. O da mənə dedi, bu, məni də çox narahat edir. Mən müvafiq
göstəriş vermişəm. Burada, əlbəttə ki, müxtəlif tədbirlər görülməlidir.
Nəzarət olmalıdır, həm də ictimai nəzarət. Hansısa mexanizmlər
olmalıdır, çünki bu sahəyə nəzarət etmək o qədər də asan məsələ
deyildir. Bizdə də o qədər böyük təcrübə yoxdur. Bu işə bələd adamlar da
o qədər də çox deyil, bilsinlər ki, pirat məhsuldur, yoxsa intellektual
mülkiyyətdir. Əgər bu məsələ ilə bağlı konkret təklifləriniz olarsa,
yaxşı olar ki, biz bu mexanizmi işləyək. Mən hesab edirəm ki, bu, vacib
məsələdir. Çünki ümumiyyətlə, İKT sektorunun inkişafına biz böyük diqqət
veririk. Bu sektorun inkişafı bizim üçün prioritetdir və növbəti
illərdə də prioritet kimi qalacaqdır. Mən çox şadam ki, beynəlxalq
qurumlar da Azərbaycanın bu sahədəki təcrübəsini alqışlayırlar. Məsələn,
Dünya İqtisadi Forumu - Davos forumu Azərbaycanı İKT hazırlığı üzrə MDB
məkanında birinci sıraya layiq görmüşdür. Bu il bu birinciliyi
saxlamalıyıq, əldən verməməliyik. Yenə də deyirəm, bu sektor həm
intellektual potensialın inkişafına xidmət edir, həm ölkənin imici üçün
çox vacibdir, həm də burada biznes imkanları da kifayət qədər genişdir.
Azərbaycan
Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov tələbə
gənclər təşkilatlarının fəaliyyətinə toxunaraq deyib:
-Əfsuslar
olsun ki, axır vaxtlar universitetlərdə tələbələr ancaq tədris
prosesində iştirak edirlər. Universitetlər, belə deyək, tələbə həyatı
üçün o qədər də maraqlı deyildir. Bizim 39 universitetdə təşkilatımız
var, hamısında da müəyyən problemlər ortaya çıxır. Belə ki, tələbə
gənclər təşkilatlarının tələbələri öz arxasınca aparmasında, onların
problemlərini qabartmasında, həlli isitqamətində, demək olar ki, rolu
yoxdur. Tələbə təkilatlarının universitetin həyatında, universitetin
idarə olunmasında iştirakı əksər hallarda çox aşağı səviyyədə olur.
Məsələn, biz 29 universitetdə araşdırma aparmışıq və məlum olub ki, cəmi
üç tələbə gənclər təşkilatının sədri rektoratlıqda və yaxud elmi şurada
təmsil olunur. Bəzi hallarda rektorlar tələbə təşkilatları
rəhbərlərinin seçkilərinə müdaxilə edirlər. Bu, ümumilikdə tələbə
həyatının nisbətən sönük keçməsinə səbəb olur, tələbələrin asudə
vaxtının səmərəli təşkilində müəyyən problemlər yaradır.
Bilirsiniz
ki, tələbələr sosial cəhətdən nisbətən kasıb kütlə sayılırlar. Müəyyən
dövrdə biz onlarla sıx şəkildə işlədik. Müəyyən sualları olur və bu gün
çox gözəl imkan yaranıb ki, bu sualları mən sizə çatdıram. Onlar
tələbələrə xüsusi güzəştlərin tətbiq olunmasını istəyirlər. Bu sahədə
Avropada, ümumiyyətlə, dünyada olduqca böyük təcrübə vardır. Tələbələrə
xüsusi endirim kartları tətbiq olunur və onlar həmin kartlardan
endirimlər əldə edə bilirlər. Təklif etmək istərdim, əgər mümkün olsa,
vahid tələbə kartı yaradılsın və tələbələr bundan müəyyən güzəşt kimi
istifadə edə bilsinlər.
Bir məsələyə də toxunmaq istərdim.
Universitetlərdə tələbə gənclər təşkilatları ilə yanaşı, tələbə
həmkarlar təşkilatları da fəaliyyət göstərir. Araşdırsaq məlum olar ki,
ən cavan tələbə həmkarlar təşkilatının sədrinin ən yaxşı halda yaşı 26,
ən yaşlısının isə 50-dən yuxarıdır. Bu da müəyyən suallara gətirib
çıxarır, tələbələrin təşkilatlardan uzaqlaşmasına səbəb olur.
Cənab
Prezident, çox gözəl fürsət düşüb, tələbələrin bizə ən çox sual verdiyi
məsələ təqaüdlərin artırılması ilə bağlıdır. Fürsətdən istifadə edib bu
sualı Sizə ünvanlamaq istərdim ki, yaxın gələcəkdə tələbə təqaüdlərinin
artırılması ilə bağlı hər hansı planlar varmı?
Prezident İlham
Əliyev: Sağ olun, qaldırdığınız məsələlərlə biz məşğul olacağıq. Əlbəttə
ki, tələbələrin asudə vaxtlarının keçirilməsi üçün konkret təkliflər
olarsa, məmnuniyyətlə baxıb məsələni həll edəcəyik. Vahid tələbə
kartının tətbiq olunması ilə əlaqədar: əgər dünyada belə praktika varsa,
onu öyrənək və biz də onu tətbiq edə bilərik ki, müəyyən güzəştlər
edilsin. Əlbəttə, elə etməliyik ki, tələbələrin həyatı həm mənalı olsun,
həm dolğun olsun, həm də iqtisadi cəhətdən lazımi səviyyədə təmin
edilsinlər. Tələbə təqaüdlərinin qaldırılması bizim planlarımızda var.
Ancaq tələbə təqaüdləri bizdə minimum əmək haqqının səviyyəsi ilə
bağlıdır. Belə bir fikir var ki, minimum əmək haqqının səviyyəsindən
üstün olmamalıdır. Hazırda Azərbaycanda minimum əmək haqqı 85 manatdır.
Biz yaxın vaxtlarda onu qaldıracağıq və beləliklə, tələbə təqaüdlərinin
qaldırılması üçün də imkan yaranacaqdır. Onu da qeyd etməliyəm ki,
baxmayaraq, təqaüdün məbləği bizi qane etmir, amma MDB məkanında ən
yüksək səviyyələrdən biri də Azərbaycandadır.
Konkret təkliflər
olarsa, proqramda öz əksini tapa bilər. Mən çox şadam ki, siz bu
məsələni qaldırdınız. Çünki bizdə 100 mindən artıq tələbə var və onlar
gənc yaşlarından yaxşı yaşamalı, yaxşı da oxumalıdırlar.
Xaricdə
Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun
həmtəsisçisi və sədri Orxan Əkbərov xaricdə təhsil alan məzunların ali
təhsil məktəblərinə tədris işinə cəlb olunması məsələlərindən danışıb:
-Azərbaycan
gənclərinin xaricdə təhsil almalarına gənclərimiz bir xülya kimi
baxırdılar. İndi isə Sizin imzaladığınız Fərmanla təsdiqlənmiş Dövlət
proqramı çərçivəsində dünyanın 24 ölkəsinin 200-dən çox ən yaxşı
universitetlərinə azərbaycanlı tələbələr təhsil almağa gedirlər.
Ümumiyyətlə, hazırda dünyanın 30-dan çox ölkəsində azərbaycanlı gənclər
təhsil almaqdadırlar. Onların bir qismi təhsilini bitirdikdən sonra
orada qalıb işləyir, digərləri isə Azərbaycana qayıdır. Mən konkret
olaraq bəzi məsələlərə öz münasibətimi bildirmək istəyirəm. Bu gün
xaricdə təhsil alan Azərbaycan gəncləri pərakəndə şəkildə azlığı deyil,
intellektual çoxluğu təşkil edirlər. Düşünürəm ki, bu fürsətdən maksimum
şəkildə istifadə edərək, onların intellektual bacarıqlarını və
qabiliyyətlərini Azərbaycanımızın inkişafı üçün, gələcəyi üçün düzgün
istiqamətləndirə bilməliyik. Bu, nədən ibarətdir? Az öncə toxunulan
məsələ Azərbaycanda təhsilin inkişafı məsələsi. Dövlət proqramı xətti
ilə xaricə göndərilən tələbələr geri qayıtdıqdan sonra 5 il dövlət
orqanlarında çalışmalıdırlar. Mənə elə gəlir ki, buna bir əlavə olaraq
onların Azərbaycanda ali təhsil ocaqlarında dərs demələri də nəzərdə
tutulsa, bu, təhsilimizin inkişafına çox gözəl töhfələr verə bilər.
Mənim dostlarımdan bir çoxları var ki, bu gün Azərbaycanın bir çox
universitetlərində həqiqətən çox uğurla dərs deyirlər. Bu, ilk
təklifimdir.
Digər təklifim, cənab Prezident, Bakıda gənclər
mərkəzinin açılmasına böyük ehtiyac var. Bu ehtiyacı belə açıqlaya
bilərəm: Azərbaycanda bir çox fəal gənclər təşkilatı var və onların heç
də həmişə maddi imkanı olmur ki, bir hoteldə konfrans zalını kirayə edib
tədbir keçirsinlər. Əslində bizə bir çox şey verəcək tədbirlər maliyyə
problemləri üzündən təxirə salınır. Bütün bunlar olmasın deyə,
ümumiyyətlə gənclərimiz asudə vaxtlarını dəyərləndirsin deyə, sürətli
internetlə təchiz olunmuş, beynəlxalq və yerli tədbirlərimizi keçirə
biləcəyimiz konfrans və iclas zallarının olduğu və hətta xaricdən
qonaqlarımız gəldikdə onları yerləşdirə biləcəyimiz Gənclər Mərkəzinin
tikilməsi çox yaxşı olardı. Məsələn Strasburqdakı İnternational Youth
Center kimi.
Digər təklifim bundan ibarətdir ki, xaricdə biz bir çox
tədbirlər keçiririk. Əlbəttə ki, böyük tədbirləri Gənclər və İdman
Nazirliyi maliyyələşdirir. Amma elə hallar olur ki, biz mütləq ona qarşı
cavab tədbiri keçirməliyik, lakin maliyyə məsələlərinə görə baş tutmur.
Mənə elə gəlir ki, bunu dediyiniz Gənclər Fondu tərəfindən aktiv
maliyyələşmə, - yəni uzun sənədləri doldurmaq vasitəsilə deyil, - yolu
ilə həll etmək olar.
Son olaraq demək istədiyim bir məsələ var.
Cənab Prezident, Sizinlə ilk görüşümüzdə - 2009-cu ilin martında mən
hərbi geyimdə idim, əlimdə silah vardı. Bu gün Sizin qarşınızda əlimdə
qələmlə, əynimdə kostyumlayam. Amma əmin ola bilərsiniz ki, Siz bizim
yalnız Prezidentimiz deyil, həm də Ali baş komandanımızsınız.
İstədiyiniz vaxt biz Qarabağ problemini həll etməyə hazırıq. Hər zaman
əlimizdəki qələm silahla, əynimizdəki kostyum hərbi geyimlə əvəz oluna
bilər. Sağ olun.
Prezident İlham Əliyev: Çox sağ ol, bu
məsələləri biz proqramda nəzərə almalıyıq. Bakıda Gənclər Mərkəzinin
tikintisi ideyası mənim xoşuma gəlir. Hesab edirəm ki, bu, yaxşı layihə
ola bilər. İndi siz qeyd etdiniz Strasburqda belə bir mərkəz var, yəqin
ki, başqa paytaxtlarda da var. Onların təcrübəsini öyrənməliyik, bəlkə
layihə də hazırlansın. Əsas odur ki, bu mərkəz funksional baxımdan
səmərəli olsun, - orada hansı tədbirlər keçiriləcəkdir. Maliyyə
məsələlərini də həll edə bilərik. Gələn ilin büdcəsində nəzərdə tutula
bilər ki, belə bir mərkəz tikilsin. Gənclər Fondu ilə əlaqədar
təklifinizlə bağlı mən də hesab edirəm ki, burada çeviklik çox vacibdir.
Yəni biz bürokratik əngəllərdən uzaq olmalıyıq və vəsait səmərəli
şəkildə istifadə olunmalıdır. Ona görə ki, xaricdə keçirilən tədbirlərin
xüsusi əhəmiyyəti var. Hazırda bizim xarici ölkələrdəki
səfirliklərimizin sayı da artıbdır, 50-dən yuxarı səfirlik var. Onların
əksəriyyəti son illər ərzində yaradılmışdır. Eyni zamanda, diaspor
təşkilatlarının formalaşmasında müəyyən addımlar atılmışdır. Hazırda biz
istənilən paytaxtda istənilən aksiyanı keçirə bilərik. Bizim diaspor
təşkilatlarımız və xaricdə oxuyan gənclərimiz də fəal iştirak edirlər.
Mən bunu alqışlayıram və belə də olmalıdır.
Xaricdə oxuyan
gənclərin sayı artmaqdadır və dövlət tərəfindən ayrılan vəsait də artır.
Əgər birinci illərdə on milyon manat nəzərdə tutulmuşdusa, bu il bu
məbləğ 15 milyon manatdır. Lazım olanda biz bu məbləği artıracağıq ki,
bu proqramı davam etdirək. Bilirsiniz ki, bu proqram Dövlət Neft
Fondunun xətti ilə icra edilir. Dövlət Neft Fondunun xətti ilə icra
edilən layihələr xüsusi əhəmiyyət kəsb edən layihələrdir. Xaricdə
gənclərin oxuması layihəsi proqrama daxil edilərkən biz öz niyyətimizi
göstərmişik. Çünki doğrudan da hazırda xaricdə oxuyan gənclərin həm
təhsil səviyyəsi, həm peşəkarlığı müsbət cəhətdən fərqlənir. Məqsəd
ondan ibarətdir ki, - hesab edirəm ki, burada bu barədə fikir ayrılığı
yoxdur, - Azərbaycanda təhsilin səviyyəsi o qədər yüksək olsun ki, o
fərq aradan qalxsın.
Azərbaycan Gənclərinin Avropaya
İnteqrasiyası İctimai Birliyinin sədri Gülsel Səfərova ideoloji baxımdan
gənclərin qarşısında duran məsələlərdən danışıb:
-Zənnimcə,
bütün burada deyilənlərin üst qatında ideoloji aspektlər durur. Cənab
Prezident, Sizin də qeyd etdiyiniz kimi, dövlətçilik, azərbaycançılıq,
milli mənəvi dəyərlərə sahib çıxma özündə bir ideologiya formalaşdırır.
Düşünürəm ki, bu gün Azərbaycan gəncliyində kifayət qədər potensial var.
Eyni zamanda, dövlətin də kifayət qədər potensialı var ki, Azərbaycan
gəncliyi modelini dünyaya çıxaraq. Avropaya inteqrasiya təşkilatı olaraq
biz və eyni zamanda, digər gənclər Avropada qurumlarda təmsil olunuruq,
Azərbaycanın haqq və ədalət səsini dünyaya çıxarırıq. Belə bir anda
Azərbaycan gənclik modelinin formalaşdırılıb dünyaya təqdim edilməsi,
düşünürəm ki, çox mütərəqqi hal olardı. Onu da qeyd edim ki, artıq bu
model formalaşmağa doğru gedir, sadəcə, bunda azərbaycançılıq
ideologiyasının hökm sürməsi daha yaxşı olardı. Belə bir anda mən çox
istərdim ki, Azərbaycan gəncliyində intellektual təhlükəsizlik
formalaşsın. İntellektual təhlükəsizlik özündə keyfiyyətli düşünməni
ehtiva edir. Bir neçə on illər öncə Azərbaycanda fundamental elmlərlə
bağlı böyük işlər görülüb. Bizim komanda belə düşünür ki, bu fundamental
elmlərin daha da inkişafı sayəsində keyfiyyətli düşünmənin yeni
mərhələsi başlayacaqdır. Bunun nəticəsində isə intellektual
təhlükəsizlik formalaşacaq, biz öz sözümüzü intellektual gücümüzlə deyə
biləcəyik. Burada mən konkret təklif vermək istəyirəm. İlk addım kimi
biz belə düşünürük, bir ixtiraçılıq mərkəzinin, ixtiraçılıq institutunun
açılması yaxşı olardı. Çünki düşünürəm ki, Azərbaycan həm sosial,
iqtisadi, elmi, siyasi potensialına görə fərqlənən bir dövlətdir. Burada
Azərbaycan gəncinin üzərinə düşən əsas məsələ iddiadır. Misal üçün, mən
çox istərdim ki, Azərbaycan yaxın 20 il ərzində Yaxın Şərqin düşünmə
mərkəzi olsun. Çünki biz o potensiala malikik. Baxın, burada nə qədər
potensiallı gənclər var. Əlbəttə, 4-5 il ərzində ilkin addımlar
atılarsa, düşünürəm ki, 10 ildən sonra biz istədiyimiz nəticəni əldə
edəcəyik.
İkinci bir məsələ barədə qısaca demək istəyirəm. Burada
yəqin regionlardan gələn gənclər də var, yəqin onlar da danışacaqlar.
İstər paytaxt gəncləri, istərsə də region gəncləri olsun, bu Azərbaycan
gəncliyidir. Amma bu gün paytaxt gəncliyində daha çox fəallıq müşahidə
olunur. Bunu Siz də görürsünüz. Biz bir neçə illərdir region gəncləri
ilə kifayət qədər iş təcrübəsinə malik təşkilatıq.
Əgər biz 3
milyon gəncdən danışırıqsa, onun demək olar ki, əksəriyyəti region
gəncləridir. Mən region gəncləri üçün bir forumun keçirilməsini təklif
edirəm.
Prezident İlham Əliyev: Çox sağ olun, sizin təklifinizi
də nəzərə alacağıq. Region gəncləri ilə bağlı təklifiniz dəyərlidir.
Xüsusilə Azərbaycanı intellektual mərkəzə çevirmək təklifinizi qeyd
etmək istəyirəm ki, doğrudan da, belə imkanlar var və biz buna
çalışmalıyıq. Mən yenə də demək istəyirəm ki, biz özümüzü həm dünyaya
olduğumuz kimi təqdim etməliyik, həm də ən önəmlisi, ölkə daxilində
işlər elə qurulmalıdır ki, Azərbaycanın potensialı daha da güclənsin. Bu
potensial isə ilk növbədə intellektual potensialdır. Əgər o dediyiniz
ixtiraçılıq mərkəzi yaranarsa və yaxşı nəticə verərsə, bu, əlbəttə ki,
ölkəmiz üçün böyük töhfə ola bilər. Hesab edirəm ki, biz bu dəyərli
təklifləri mütləq proqramda nəzərə almalıyıq.
Azərbaycanın
inkişaf etmiş ölkələr sırasına daxil olmasından, gənclərin
fəaliyyətindən və gənclər proqramı ilə bağlı maliyyə məsələlərindən
danışan Milli Məclisin deputatı Ceyhun Osmanov deputat seçildiyi rayonun
problemlərinə toxunaraq deyib:
- Mən Milli Məclisə Sabirabad
rayonundan deputat seçilmişəm. İndi seçicilər televizorda izləyirlər ki,
onların deputatı cənab Prezidentlə görüşür və rayonun müəyyən
problemlərini diqqətə çatdırmasam, əlbəttə ki, bunu çox mənfi
dəyərləndirərlər. Oradakı gənclərin bir xahişi vardır. Kənd gənclərinin
həyatında məktəb ən önəmli infrastrukturdur. Onların həm təhsili, həm
mədəni, həm idman həyatı məktəblə bağlıdır. Siz çıxışınızda qeyd etdiniz
ki, Azərbaycanda qəzalı məktəb probleminə son qoyulacaqdır. Təəssüflə
qeyd edirəm ki, mənim seçildiyim rayonda da qəzalı məktəblər vardır.
Onların bərpası kənd camaatının ürəyincə olardı. Kənd yerlərində
gənclərin işlə təminatda problemləri daha çoxdur. Biz çalışmalıyıq ki,
kəndlərimiz boşalmasın, gənclər iş dalınca şəhərə gəlməsin. İri aqrar
layihələr hazırlanıb həyata keçirilsə, bu problem həll oluna bilər.
Məsələn aran rayonunun həmişə ən böyük gəlir mənbəyi pambıqçılıq olub.
İndi ölkəmizin inkişaf prioritetlərinə uyğun yeni böyük aqrar layihələr
reallaşdırılsa, kənd gəncliyi torpağa bağlanar, bilər ki, onun həyatını
stimullaşdıran mexanizmlər vardır. Daha bir məsələ də gənclərlə
bağlıdır. Əslində, ölkədə çox böyük siyasi iradə ortaya qoyuldu.
Azərbaycanda bələdiyyə seçkilərində seçicilər gənclərin təmsilçiliyinə
üstünlük verdilər. Gənclər bələdiyyə seçkilərində uğura nail oldular.
Əlbəttə, bu gəncliyə inam və etimadın təzahürüdür.
Prezident
İlham Əliyev: Qəzalı məktəblərin təmiri ilə bağlı konkret proqram
vardır. Bizdə qəzalı məktəblərin sayı haradasa, 200-300 civarındadır və
onların hamısını yenidən qurmaq, tikmək, təmir etmək müəyyən vaxt
aparacaqdır. Hesab edirəm ki, ən real müddət 2 ildir. Biz 2011-ci və
2012-ci illərdə qəzalı məktəblərin təmiri ilə məşğul olacağıq, onların
hamısını yüksək səviyyəyə çatdıracağıq.
Hesab edirəm ki, hər bir
millət vəkili əlbəttə, seçildiyi dairədə gedən işlərlə məşğul olmalıdır.
Belə olan halda regionlarda işlər daha da sürətlə gedəcəkdir. O ki
qaldı, ölkəmizin inkişaf etmiş ölkələrin sırasına daxil olması ilə
əlaqədar məsələyə, mən tam əminəm ki, biz bu məqsədə çatacağıq. Mən
qarşımıza bu məqsədi qoymuşam. Deyə bilərəm ki, dünyada sözün əsl
mənasında, inkişaf etmiş ölkələrin sayı çox deyildir. Ancaq mən hesab
edirəm ki, nə üçün Azərbaycan onların sırasında olmasın?! Çünki bizdə
bütün imkanlar vardır. Birincisi siyasi iradə vardır. Bu məqsədə nail
olmaq üçün düşünülmüş strategiya vardır. Taktiki addımlarımız da
konkretdir, məqsədyönlüdür və nəticəyə gətirib çıxarır. İkincisi,
ölkəmizin intellektual potensialı kifayət qədər yüksəkdir, xüsusilə
gənclərin. Sizin qaldırdığınız məsələlərin həlli hesabına biz
intellektual potensialımızı daha da artıracağıq. Üçüncüsü, ölkəmiz
müasirləşmə dövrünü yaşayır və bu da bizim strateji seçimimizdir.
Müasirləşmə bütün istiqamətlərdə özünü göstərməlidir. Həm iqtisadi, həm
siyasi islahatlarda, həm də texnoloji inkişafda, sənaye potensialımızın
inkişafında.
Bizim təbii resurslarımız vardır. Bu da böyük
üstünlükdür. Yəni, bu, bizə iqtisadi müstəqillik verir. Biz iqtisadi
cəhətdən heç kimdən asılı deyilik. Bu, bizə imkan verir ki, siyasətimizi
Azərbaycan xalqının maraqları üzərində quraq. Azərbaycan dünya
birliyinin dəyərli üzvüdür. İnkişaf etmiş ölkələrlə bizim çox səmərəli
əlaqələrimiz vardır. Ona görə bizim bütün imkanlarımız var ki, gələcəkdə
inkişaf etmiş ölkələrin sırasına daxil olaq. Həm bütün iqtisadi və
siyasi islahatların aparılması, həm ekoloji standartlar, həm də yaşayış
səviyyəsinin keyfiyyəti baxımından. Son illərdə Azərbaycan bütün
reytinqlərdə çox uğurla inkişaf edir. Birləşmiş Millətlər Təşkilatının,
Davos İqtisadi Forumunun, digər mötəbər beynəlxalq təşkilatların
reytinqlərində uğurlarımız qeyd olunur. Hətta böhranlı illərdə də
reytinq agentlikləri reytinqimizi artırıblar. Yəni, belə imkanlar
vardır. Nəzərə alsaq ki, hazırda Azərbaycanın inkişaf modeli və
strategiyası tamamilə müəyyən edilib və biz bu yolla gedirik, hesab
edirəm, biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq. Bunu etmək
üçün əlbəttə ki, bütün cəmiyyət bir məqsədə can atmalıdır. Xüsusilə
cəmiyyətin fəal təbəqəsi olan gənclər bu təşəbbüslərə bilirəm ki, böyük
həvəslə qoşulurlar. Birgə fəaliyyətin nəticəsində biz ölkəmizi inkişaf
etdirəcəyik. İnkişaf etmiş ölkəyə çevirəcəyik və müstəqilliyimizi daha
da güclü edəcəyik.
Milli Məclisin deputatı Fuad Muradov parlamentdə gənclərlə bağlı qanunvericilik sahəsində görülən işlərdən söz açaraq dedi:
-
Cənab Prezident, zənnimcə, bugünkü görüşün əsas mahiyyəti ondan
ibarətdir ki, Azərbaycan gəncliyi dövlətçiliyimizin, müstəqilliyimizin
möhkəmləndirilməsində, ictimai-siyasi hadisələrdə həmişə öndə olan
gənclikdir. Bu gün bizim burada olmağımız bütün dünyaya, həm də bizi
istəməyənlərə bir mesajdır. Azərbaycan gənclərinin ən böyük sərvəti
ölkəmizin müstəqilliyidir, dövlətçiliyidir. Gənclərimizin ən böyük
sərvəti Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətdir ki, bu gün
gənclərimiz onun bəhrəsini hər yerdə görürlər. Bu gün Azərbaycan
gəncləri həm parlamentdə, həm beynəlxalq təşkilatlarda, həm Prezident
Administrasiyasında, hökumətdə təmsil olunurlar. Bu baxımdan təbii ki,
gənclərimizin arzu və istəkləri çox sürətlə reallaşır.
Cənab
Prezident, Sizin dəstəyinizlə bir neçə il bundan öncə çox geniş bir
proqram başladı. Bu da gənc ailələrə ipoteka proqramıdır. Hətta orada
mütərəqqi ideyalar oldu. Sizin göstərişiniz əsasında qanunvericilikdə
bir neçə pilləli ipoteka təsbit olundu. Həm, deyək ki, sosial ipoteka,
normal ipoteka şərtləri və sosial ipoteka şərtləri. Oraya hərbçilər,
elmlə məşğul olan insanlar daxil oldu. Təbii ki, o vaxt Azərbaycan
inkişafda idi. Bu gün deyə bilərəm ki, Azərbaycan inkişafının yeni
mərhələsindədir. O vaxtkı ipoteka şərtləri, cənab Prezident, təbii ki,
bugünkü reallıqları əks etdirmir. Çünki orada minimal məbləğ 35 min
manat çərçivəsində idi. Amma bu gün artıq Azərbaycanın hər yerində
sürətli inkişaf gedir. Bu gün demək olar ki, heç regionda da belə
qiymətə mənzil tapmaq çətindir.
Biz çox xahiş edərdik ki, - bu,
gənclərin ümumi fikridir, - bu istiqamətdə ilkin ödəniş məsələsinə
baxılsın. İndi biz proqramın həyata keçirilməsini gözləyirik, bu
təklifləri oraya verəcəyik. Eyni zamanda, bu məbləğlə bağlı. Bu gün
Azərbaycanın imkanları çox sürətlə artır. Bu mənada biz çox istərdik ki,
cənab Prezident, bu məsələyə bir də baxılsın. Düzdür, biz parlamentdə
kiçik işçi qrupu yaratmışıq. Məsələn, Skandinaviya modelinin tətbiqi
məsələsini nəzərdən keçirmək olar. Gənc ailələrə dövlət tərəfindən
müəyyən şərtlərlə mərhələlər üzrə ev verilə bilər. Amma gənc də gərək
işləsin, çalışsın ki, özünə mənzil ala bilsin.
Bu, bütün gənclər
adından birinci xahişimdir. İkinci istiqamət isə özünüz burada
vurğuladınız ki, gənclər fondunun yaranmasıdır. Bir neçə il öncə Sizin
tapşırığınız əsasında biz parlamentdə "Dövlət gənclər siyasəti haqqında"
Qanuna Gənclər və İdman Nazirliyi ilə birlikdə baxdıq və oraya çox
mütərəqqi əlavələr etdik.
Əlavənin biri də məhz Azərbaycanda
gənclər fondunun yaranması idi. O gündən bu günə qədər biz demək olar
ki, bunun bütün təcrübəsini öyrənmişik, dünyada olan bütün təcrübə
öyrənilib. Bu gün biz demək olar ki, bu istiqamətdə tam hazırıq, cənab
Prezident. Təbii ki, biz bu təkliflərimizi artıq işçi qrupuna da
vermişik və bütün sənədləri hazırlamışıq.
Siz bayaq vurğuladınız,
əgər məsləhət olsa biz bu işə başlayardıq. Siz vurğuladığınız kimi, biz
bu məsələdə təşkilatlanmış gənclərlə bərabər fərdi gəncləri də yaddan
çıxarmamalıyıq.
Sonda demək istəyirəm ki, cənab Prezident, Siz bütün
məsələləri vurğuladınız. Açığı, burada bütün məsələlərə toxundunuz.
Demək olar ki, bütün məsələlər diqqət mərkəzindədir.
Bu gün
Azərbaycanda gənclər təşkilatları çox fəaldır. Demək olar ki, əksər
böyük tədbirlər məhz gənclər tərəfindən həyata keçirilir. Bu, normal
haldır, çünki Azərbaycan gəncləri sayca da çoxdurlar və intellektual
səviyyəcə də irəlidədirlər, yeni texnologiyadan bacarıqla istifadə
edirlər.
Prezident İlham Əliyev: Fuad, hesab edirəm ki,
qaldırdığın məsələlər də öz həllini tapmalıdır, həm mənzil-qərargahla,
həm də ipoteka ilə bağlı. Əlbəttə ki, həyat yerində durmur. İndi
ölkəmizin imkanları da artır və biz bütün məsələləri gərək ədalətli həll
edək. Hesab edirəm ki, bu məsələ də proqramda öz əksini tapacaqdır.
O
ki qaldı gənclər fondunun yaradılmasına, mən giriş sözümdə bu barədə
dedim və bilirəm ki, sizin də fikriniz eynidir. Tezliklə bu fond
yaradılmalıdır. Yəqin ki, proqramda da onun yaradılması haqqında
göstəriş verilməlidir və dövlət əlbəttə ki, o fondun fəaliyyəti üçün
maliyyə dəstəyini göstərəcəkdir.
Hesab edirəm ki, əgər hazırlıq
işləri ilə bağlı konkret təkliflər hazırlanarsa, orada istiqamətlər üzrə
məsələlərin həlli üçün vəsait nəzərdə tutulmalıdır. Vəsaitin idarə
olunması prinsipləri çox şəffaf olmalıdır. Yəqin ki, biz bu vəsaitdən
gənclər təşkilatlarının birbaşa iştirakı ilə və ən prioritet məsələlərin
həlli üçün istifadə etməliyik. Biz həm ölkə daxilində gənclərlə bağlı
siyasəti gücləndirmək üçün, eyni zamanda, xaricdəki tədbirləri də
müəyyən dərəcədə o fondun hesabına həll edə bilərik.
Mən bugünkü
görüşü çox yüksək qiymətləndirirəm. Biz çox istəyirik ki, gənclərimiz
həm peşəkar, həm bilikli, həm də Vətənə, dövlətə bağlı olsunlar, Vətəni
sevsinlər. Haqlı olaraq, fəxr etsinlər ki, onlar Azərbaycan
vətəndaşlarıdır. Biz çalışırıq öz işimizlə ölkəmizi elə inkişaf etdirək
ki, hər bir vətəndaş haqlı olaraq fəxr etsin ki, müstəqil Azərbaycanın
vətəndaşıdır.
Ölkəmizdə aparılan işlər - həm xarici siyasətimiz,
siyasi islahatlar, iqtisadi təşəbbüslər bütövlükdə müsbət istiqamətdə
gedir. Ancaq biz daim inkişafda olmalıyıq. Biz əldə edilmiş
nailiyyətlərlə kifayətlənməməliyik və daim axtarışda olmalıyıq. Xüsusilə
gənclər. Gənclər həmişə axtarışdadırlar. Gənclər cəmiyyətimizin ən fəal
üzvləridir. Mən çox şadam ki, gənclərimiz Vətənə bağlıdırlar, Vətəni
sevirlər, vətənpərvərdirlər, biliklidirlər, peşəkardırlar və biz bu
müsbət meyilləri gücləndirməliyik.
Belə görüşlərin keçirilməsində
böyük fayda vardır. Çünki mən sizdən sizi narahat edən problemləri
eşidirəm, sizin təklifiniz çox vacibdir. Bütün bu təkliflər
ümumiləşdirilib Dövlət proqramına daxil edilməlidir. Yenə də deyirəm,
Dövlət proqramı konkret xarakter daşımalıdır. Bu gün danışdığımız
məsələlərlə bağlı, əgər, bütün təklifləriniz lazımi səviyyədə öz həllini
taparsa, demək olar ki, bu istiqamətdə çox ciddi addımlar atılacaqdır.
-------------
21 aprel
23:08
Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etmişdir.
Dövlətimizin başçısı dedi:
- Bu ayın əvvəlində, daha doğrusu, iki həftə bundan əvvəl mən "Azərbaycan gəncliyi Dövlət Proqramı haqqında" Sərəncam imzalamışam. Sərəncamda Prezident Administrasiyasına tapşırıq verilib ki, iki ay müddətində Dövlət Proqramının layihəsi hazırlansın və mənə təqdim edilsin. Proqramın hazırlanması ilə bağlı işçi qrupu yaradılmışdır. İşçi qrupu fəal işləməlidir ki, biz konkret proqramı qəbul edək.
Bu proqram 2011-2015-ci illəri əhatə etməlidir. Proqram çox konkret olmalıdır, çox dəqiq vəzifələr qoyulmalıdır. Əlbəttə, orada icra mexanizmləri göstərilməlidir ki, sadəcə olaraq hansısa xoş niyyətin ifadə edilməsi üçün deyil, konkret nəticələrə gətirib çıxarsın.
Eyni zamanda, proqram elə olmalıdır ki, yenə də deyirəm, orada gəncləri hazırda narahat edən məsələlər öz əksini və həllini tapsın. Ümumiyyətlə, bu istiqamətdə son illərdə böyük işlər görülmüşdür. Bu gün Azərbaycan gəncləri ölkəmizin ictimai, siyasi, iqtisadi həyatında fəal rol oynayırlar. Gənclərimiz dövlətçiliyə sadiqdirlər. Gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırlar. Bu, çox vacibdir.
O ki qaldı proqrama, hesab edirəm ki, orada ilk növbədə gənclərin məşğulluğu məsələləri öz həllini tapmalıdır. Son illərdə ölkəmizdə işsizliyin aradan qaldırılması üçün böyük işlər görülmüşdür, yüz minlərlə yeni iş yeri açılmışdır, yeni müəssisələr açılmışdır. Ancaq yenə də işsizlik problemi var, bu problem bizi narahat edir. Biz elə etməliyik ki, işsizliyin aradan qaldırılması üçün daha da fəal olaq.
Prezident İlham Əliyev gənclərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də ciddi addımlar atıldığını dedi. Azərbaycanda ipoteka kreditləşməsinə toxunan dövlətimizin başçısı bildirdi ki, güzəştli şərtlər daha məqbul olmalı, layihənin əhatə dairəsi genişlənməli və bütün bunlar gənclərə yaxşı şərait yaradılması işinə xidmət etməlidir. Gənclərin peşə hazırlığı ilə bağlı məsələlərdən danışan Prezident İlham Əliyev bunun daha aktual və qarşıda duran ciddi məsələlərdən biri olduğunu dedi. "Azərbaycanın artan iqtisadi potensialı, yeni müəssisələrin yaradılması peşəkar kadrlar tələb edir", - deyən dövlətimizin başçısı bildirdi ki, kadrlar elə hazırlanmalıdır ki, onlar istənilən sahədə çalışa bilsinlər.
Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi ilə bağlı böyük işlər görməyin zəruriliyini vurğulayan Prezident İlham Əliyev orta və ali təhsillə bağlı məsələlərin həlli istiqamətində ölkəmizdə irəliyə doğru addımlar atıldığını qeyd etdi, bu sahədə görüləsi işlərin hələ çox olduğunu bildirərək dedi:
- Azərbaycanda təhsilin səviyyəsinin qaldırılması üçün əlavə konkret addımlar atılmalıdır. Hesab edirəm ki, bu məsələlər proqramda da öz əksini tapmalıdır. Baxmayaraq ki, bu məsələlər təhsil sahəsinə aiddir. Amma təhsil sahəsi ilk növbədə gənclərlə bağlıdır və gənclərimizin xaricdə təhsil alması üçün əlavə tədbirlər görüləcəkdir. Biz ölkəmizin inkişaf perspektivlərini yaxşı bilirik. Biz ölkə iqtisadiyyatının inkişaf istiqamətlərini bilirik. Kadrların hazırlanması ölkənin ümumi iqtisadi inkişafı ilə bağlı olmalıdır.
Dövlətimizin başçısı gənclərin fiziki hazırlığı ilə bağlı məsələlərə də toxunaraq bildirdi:
- Gənclərin, yenə də deyirəm, bütün problemləri proqramda əks olunmalıdır. Biz fiziki sağlamlığı yaddan çıxarmamalıyıq. Bu məsələyə xüsusi diqqət göstərilir. İndi bütün bölgələrdə idmanla məşğul olmaq üçün şərait yaradılır. İdmançılarımıza dövlət tərəfindən qayğı göstərilir. İdmançıların fəaliyyəti üçün bütün tədbirlər görülür və biz burada iki məqsədi güdürük. İlk növbədə, idmanın kütləviliyini təmin etməliyik. Bu, birinci məsələdir. İkinci məsələ əlbəttə ki, Azərbaycanın idman şöhrətinin qaldırılması üçün biz peşəkar idmançıları da hazırlamalıyıq. Bu istiqamətdə böyük uğurlar əldə edilib. Eyni zamanda, bu, gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə də xidmət göstərir. Hər bir beynəlxalq yarışda, hər bir mötəbər yarışda Azərbaycan bayrağının qaldırılması bizdə haqlı olaraq qürur hissi oyadır. Biz fəxr edirik ki, idmançılarımız, yığma komandalarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar.
Prezident İlham Əliyev hərbi hazırlıqla bağlı məsələlərin də proqramda yer alacağını qeyd edərək dedi:
- Proqramda hərbi hazırlıqla bağlı mütləq xüsusi yer ayrılmalıdır. Bu, bizim üçün çox vacib məsələdir. Biz müharibə şəraitində yaşayırıq və torpaqlarımız işğal altındadır. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı azad edək, ərazi bütövlüyümüzü bərpa edək. Biz bu məsələni diplomatik yollarla həll etməyə çalışırıq. Ancaq bununla bərabər, hərbi potensialımız, o cümlədən diplomatik danışıqlara da müsbət təsir göstərir və biz artıq bunun şahidiyik.
Görüşdə çıxış edənlər "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması ilə bağlı verdiyi Sərəncama və gənclərlə belə bir görüşün keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlıq etdilər. Gənclər Dövlət Proqramının hazırlanması ilə bağlı təkliflərini bildirdilər. Çıxış edənlər texniki peşə məktəblərində təhsilin təkmilləşdirilməsi, müasir bilik və bacarığa malik olan peşəkar texniki kadrlara olan ehtiyacı həll etmək üçün müxtəlif elmi-texniki təşkilatların inkişafına dövlət dəstəyinin göstərilməsi, yeni menecerlər nəslinin yetişdirilməsi üçün gənc sahibkarların stimullaşdırılması, ali təhsil ocaqlarında pedaqoji kadr məsələləri, xaricdə təhsillərini başa vurmuş gənclərin universitetlərdə pedaqoji işlərə cəlb olunması, gənclərin sosial məsələlərinin həlli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında gənclərin rolu və digər məsələlərlə bağlı fikir və təkliflərini bildirdilər.
Gəncləri dinləyən dövlətimizin başçısı görüşdə səslənən təkliflərin hamısının Dövlət Proqramının hazırlanmasında nəzərə alınacağını dedi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində gənclərin rolu məsələsinə toxunan Prezident İlham Əliyev bildirdi ki, cəmiyyətin bütün üzvləri kimi Azərbaycan gəncləri də ölkəmizin gücləndirilməsi işinə xidmət etməli, hər bir gənc öz imkanı daxilində Qarabağ problemi ilə əlaqədar təbliğat işlərini artırmalıdır. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin dəyişməz mövqeyini bir daha bəyan etdi. Dövlətimizin başçısı bildirdi ki, münaqişə yalnız beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər.
Görüşdən sonra xatirə şəkli çəkdirildi.
/AzərTAc/




