Azərbaycanın tanınmış ziyalısının kitabında ciddi səhv - FOTO - ƏLAVƏ OLUNUB
22 Aprel 2011 08:09
Ölkədə məktəblilər üçün dərs vəsaiti kimi istifadə olunan kitabda yenidən ciddi səhvə yol verilib. Milli.Az xəbər portalının məlumatına görə, bir müddət əvvəl məktəblilərin ən vacib dərs vəsaiti hesab olunan "Məktəbli kitabçası"nın ardınca, Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin baş məsləhətçisi, tanınmış ziyalı Zahid Nağıyevin müəllifi olduğu kitabda Azərbaycanın işğal olunmuş ərazilərinin adı təhrif edilib.
Müəllifin "Təhsil, iqtisadi və sosial məsələr" kitabında Azərbaycanın işğal olunmuş əraziləri göstərilən səhifədə ermənilər tərəfindən zəbt edilmiş rayonlar arasında Xankəndi şəhərinin və Əsgəran rayonunun adı göstərilməyib. Saytımızın oxucusu Əlövsət Yusifovun Milli.Az xəbər portalının "Oxucu məktubları" bölməsinə ünvanladığı məktubda qeyd olunur ki, bu kimi səhvlər vətəndaşlarımızın təfəkküründə, tariximiz barədə məlumatlanmalarında yalnış fikirlər yaradır və bu nöqsan qısa zamanda aradan qaldırılmalıdır.
İşğala məruz qalmış 20% torpaqların arasında Xankəndi və Əsgəranın adının olmamasından hiddətlənən vətəndaşımız bunu "erməni dəyirmanına su tökmək" hesab edir.
Azərbaycanın qədim və əzəli torpaqlarından olan Xankəndi hazırda Qarabağın digər rayonları kimi erməni işğalı altındadır. Üstəlik, Qarabağdakı erməni separatçıları Xankəndini qondarma "respublika"larının "paytaxtı" kimi təqdim edirlər. Azərbaycanın işğal altında olan bütöv Qarabağ bölgəsi, o cümlədən də Dağlı Qarabağa aid olan Xankəndi şəhəri Azərbaycanın BMT tərəfindən tanınan və təsdiqlənən ərazisinə (86,6 min kv km) daxildir. Bütün bunları məktəblilərin bilməsi, ən azı onların təhsil alması qədər vacib məsələdir.
Baxmayaraq ki, Xankəndinin ermənilər tərəfindən ələ keçirilməsi prosesi zaman-zaman həyata keçirilib, yəni, digər 7 rayonumuzun işğalından fərqli şəkildə baş verib, amma bununla belə, Azərbaycan heç vaxt ondan imtina etməyib və istər xəritəmizdə, istərsə Ermənistanla aparılan sülh danışıqlarında Xankəndi hər zaman Azərbaycanın inzibati ərazi vahidi kimi göstərilir, tərəfimizdən qeyd olunur.
Bu baxımdan nəşrlərdə yol verilən bu nöqsanın aradan qaldırılması üçün kitabı nəşr edən "Avropa" nəşriyyatına üz tutduq. Nəşriyyatın direktoru Şöhrət Səlimbəyli Milli.Az xəbər portalına açıqlamasında yol verilən nöqsanın müəllifə aid olduğunu dedi. Direktorun sözlərinə görə, işğal olunmuş rayonların adları olan səhifə müəllif tərəfindən nəşriyyata hazır plyonkada təqdim olunub: "Həmin kitab 500 tirajla nəşr olunub. Amma orada digər səhvlər də var. Bu səbəbdən nəşr dayandırılıb və yeni versiya buraxılacaq".
Ş.Səlimbəyli baş verən səhvə haqq qazandırmır: "Anlaşılmazılıq olub. Fikir verməmişəm, rastlaşsaydım, dərhal düzəliş edərdim".
Kitabın müəllifini də tapdıq. Zahid Nağıyev bu məsələsi başqa cür izah etdi. Deyir ki, işğal olunmuş rayon və şəhərlərin sırasında Xandəndinin adının olmaması onun Xocalının tərkibinə aid edilməsi ilə bağlıdır:
"1991-ci il noyabrın 20-də Martuninin azərbaycanlılar yaşayan kəndlərinə uçan nümayəndə heyətini aparan vertolyot terrora məruz qalaraq partladılır, bundan 6 gün sonra - noyabrın 26-da Azərbaycan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətini milli ərazi qurumu kimi ləğv edir. Bundan sonra tarixi adlar qaytarılaraq "Stepanakert" Xankəndi, Mardakert - Ağdərə, Martuni - Xocavənd adlandırılır. Əsgəran və Hadrut rayonları isə ləğv edilir, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılır. Ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilir. Xankəndiyə isə Xocalının tərkibində şəhər statusu verilir".
"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin üzvü, Xandəndidən olan sabiq deputat Həvva Məmmədova isə hesab edir ki, işğal altındakı ərazilərimizin hər birinin adı göstərilməlidir.
Milli.Az xəbər portalına açıqlamasında Həvva xanım bildirdi ki, Xankəndi
şəhəri Dağlıq Qarabağın mərkəzidir və Dağlıq Qarabağ məsələsi 1992-ci
ildə beynəlxalq müstəviyə keçəndən sonra bu şəhərin əsl adı gündəmə
gəldi: "Xankəndi Dağlıq Qarabağın mərkəzi olmaqla bərabər, orada yaşayan
18-20 min azərbaycanlının didərgin düşməsi, ev-eşiklərinin yandırılması
ilə işğala məruz qalan şəhərdir. Xankəndinin əhalisi 3 dəfə ermənilər
tərəfindən qovulub. Onlar əvvəl Şuşaya, sonra Xocalıya, nəhayət Bakı
şəhərinə pənah gətiriblər".
H.Məmmədova hesab edir ki, Xandəndi
şəhəri də inzibati ərazi vahidi kimi işğal olunmuş şəhərlərimizdən
biridir: "Xankəndinin adını işğal olunmuş ərazilərin sırasında
göstərməmək həmin ərazinin sakinlərini danmaq deməkdir. Digər bir
tərəfdən, Xankəndi heç vaxt Xocalı ərazisinə verilməyib. Xankəndinin
qovulan əhalisi Azərbaycanın 48 rayonunda məskunlaşıb. Biz Xankəndini
yaddan çıxara bilmərik. Xankəndinin öz işğal tarixi var - 1988-ci il
sentyabrın 18-də Xankəndidə azərbaycanlıların evləri yandırılıb və onlar
oradan qovulublar. İşğal olunmuş ərazilərimizi unuda bilərik, bu, bizim
tarixi qan yadaşımızdır".
Anar Məmmədov
Milli.Az



Foto Milli.Az