Hicran Hüseynova: “Azərbaycanda boşanma halları təkcə sosial problemlərlə bağlı deyil”
21 Aprel 2011 15:31
"Azərbaycanda artan boşanma halları tək sosial problemlərlə bağlı deyil". APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
Hicran Hüseynova deyib ki, bu qənaətə son 5 il ərzində aparılan araşdırmalar nəticəsində gəlinib: "2009-cu illə müqayisədə 2010-cu ildə boşanma halları daha çox olub. Araşdırma göstərir ki, boşanma hallarının səbəblərindən biri də kişilərin məsuliyyətlərini bilməməkləridir. Məcburi şəkildə qurulan ailələr də bir neçə ilə keçdikdən sonra dağılır".
H. Hüseynova bəzi şəxslərin Azərbaycanda qərb ənənələrinin tətbiqinin əhəmiyyəti barədə fikirlərinə də münasibət bildirib: "Qərbdə vətəndaş nikahı deyilən bir ənənə və anlayış var. Mən bunun tam əleyhinəyəm. Məsələn, əvvəllər Azərbaycanda elçiliyə gedən ailə başçıları, nəslin ağsaqqalları gənc ailədə baş verən anlaşılmazlıqların da həllinə kömək edirdilər. Yəni necə ailənin qurulmasında vasitəçilik edirdilərsə, elə də dağılmasına imkan vermirdilər. İndi isə bu məsələdə problemlər var".
Nikah müqaviləsi ilə bağlı məsələyə də toxunan H. Hüseynova boşanma zamanı mülkiyyətin bölünməsi problemi haqda da danışıb: "Bu məsələ Azərbaycan üçün ciddi problemlərdən biridir. Komitəyə bununla bağlı çoxlu sayda qadınlar müraciət edir. Çünki çox zaman mülkiyyətin və əmlakın böyük qismi kişinin yox, onun yaxın qohumlarının adına olur. Bu zaman məhkəmə qadının əleyhinə qərar çıxarır. İslam ölkələrində bu məsələ şəriət qanunları ilə həll olunub. Ailə qurulan zaman qadına düşən malın qədəri müəyyənləşdirilir. Biz bu məsələdə ortada qalmışıq".
H. Hüseynova nikah müqaviləsinin imzalanmasının zəruri olduğunu qeyd edib.
Milli.Az