Xəzər dənizində balıqçı qayığı batdı: 4 nəfər boğuldu - YENİLƏNİB
21 Aprel 2011 17:02
Fövqəladə Hallar Nazirliyi dənizdə baş vermiş bədbəxt hadisə ilə bağlı
rəsmi məlumat yayıb. Milli.Az Nazirliyin saytına istinadən xəbər verir
ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində sahildən 10 km
aralıda dənizdə çevrilmiş qayığın aşkarlanması barədə məlumat daxil
olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri
axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib.
Görülən tədbirlər nəticəsində 21 aprel 2011-ci il tarixində saat 11:52
və 12:45 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində sahildən
3 km aralıda 1989-cu il təvəllüdlü Bəylər Mövlanverdi oğlu Hətəmov və
1980-cı il təvəllüdlü Pavel Viktoroviç Vasilyevin cəsədləri suda
aşkarlanaraq çıxarılıb. Hazırda hadisə zamanı qayıqda olduğu ehtimal
edilən digər 2 şəxsin axtarışları davam etdirilir.
-----------
15:25
Dörd balıqçı dünən şər qarışan vaxtı Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsindən dənizə çıxıb. ANS-in hadisə yerində olan müxbirinin məlumatına görə, xeyli vaxtdan sonra balıqçıların gəlməməsindən narahat olan ailə üzvləri Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər. Ərazidə dərhal axtarışlara başlanılıb.
Nəticədə bu gün günorta saatlarında qayıqda olan 4 nəfərdən ikisinin meyiti sudan çıxarılıb. Bunlar 22 yaşlı Bəylər Mövlanverdi oğlu Hətəmov və 31 yaşlı Pavel Vasilyeviçdir. Onların meyiti qayığın batdığı yerdən xeyli uzaqda, dəniz sularının Corat qəsəbəsinə aid hissəsindən çıxarılıb. Meyitlərin küləyin təsiri nəticəsində uzağa getdiyi bildirilir.
Hazırda digər iki nəfərin axtarışları davam etdirilir.
Milli.Az