Azərbaycan AÇ-yə uğurlu start verə biləcəkmi?
21 Aprel 2011 09:40
Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin də mübarizə apardığı turnirin ilk günündə 5 idmançımız şansını sınayacaq.
60 kq-dakı təmsilçilərimizdən Nicat Şıxəlizadə yenidən özünü sübut etməlidi. 4 il müddətində diskvalifikasiyaya məruz qalan idmançımız bu günlərdə bağışlanıb və bu, onun qayıdışından sonrakı ilk sınağıdı. Şıxəlizadənin ilk rəqibi isə Rusiyalı Beslan Mudranov olacaq.
Bu çəki dərəcəsindəki digər təmsilçimiz İlqar Muşkiyev Avropa birinciliyində debüt edir. O, startda britaniyalı Eşki Makkenzini mübarizədən kənarlaşdırmağa çalışacaq.
66 kq çəki dərəcəsində də ölkəmiz iki idmançıyla təmsil olunur. Samir Dadaşzadə ilk mərhələdə istirahət edəcək və yalnız növbəti mərhələdəki rəqibinin kimliyini gözləyəcək. Onun rəqibi isə Laslo Joke (Rumıniya) - Georgi Şoşiaşvili (Gürcüstan) cütünün qalibi olacaq. Lakin həmin vaxt Tərlan Kərimov da fransalı David Larosla münasibətlərinə aydınlıq gətirəcək.
Qadın cüdoçularımızdan isə yarışların ilk günündə yalnız Kifayət Qasımova (57 kq) qızıl medal qazanmaq yolunda şansını sınayacaq. Onun ilk rəqibi isə Andrea Stefaniya Çitudu (Rumıniya).
Qeyd edək ki, bu Avropa çempionatı lisenziya xarakterlidi. Turnirin hər bir qalibi 180 reytinq xalı toplamış olacaq.
Milli.Az