Bakıda iki biznesmen qız üstündə vuruldu

20 Aprel 2011 17:36
Bakıda iki biznesmen qız üstündə bıçaqlanıb. Qanlı hadisə ötən gecə Bakının Nərimanov rayonu ərazisində baş verib. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilə nməlumata görə, hadisə zamanı 28 yaşlı İsrafil Kərimov və 32 yaşlı Rəşad Eyvazov müxtəlif dərəcəli xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar.

Naməlum şəxslərlə mübahisə edən zaman bıçaq xəsarətləri alan İsrafil və Rəşad özlərini yaxınlıqda taksi kimi fəaliyyət göstərən "Tofaş" markalı avtomobilə çatdıraraq xəstəxanaya gəliblər. Xəstəxanaya çatdırılan Rəşad Eyvazov və İsrafil Kərimovun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Nərimanov rayon polis idarəsi və 16-cı polis bölməsində araşdırma başlanılıb. Bölmədən Milli.Az-a bildirildi ki, Rəşad və İsrafilə bıçaq xəsarətləri yetirən şəxs artıq müəyyən edilib. Həmin şəxsin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Qanlı hadisənin dəqiq səbəbləri məlum olmasa da, münaqişənin qız üstündə yaranması dəqiqdir. Bıçaqlanan hər iki şəxsin şərik biznesləri olduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən iki və ya daha artıq şəxsə xəsarət yetirmə (126.2-ci)maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az