“Xalq diplomatiyası”: Qarabağı xilas edəcəkmi?

20 Aprel 2011 13:39
"Xalq diplomatiyası" na gerçək baxış...

və yaxud məğlub vəziyyətdə sülh axtaranların nəsibi köləlikdir

Xalq diplomatiyası dünya praktikasında münaqişələrin nizama salınması üçün istifadə olunan təsirli vasitələrdəndir. Bu formanın ibrətamiz tarixi, real nəticələri ilə bağlı bilgilər mövcuddur. Lakin bu gün bəzi beynəlxalq mərkəzlərin Azərbaycana sırımaq istədikləri proseslə xalq diplomatiyasının heç bir əlaqəsi yoxdur. "Xalq diplomatiyası" adı altında baş verənlər Azərbaycan cəmiyyətinin təslimçi sülhə məcbur edilməsindən başqa bir şey deyildir. Ona görə də "xalq diplomatiyası" ifadəsini dırnaq arasında verməyə məcburuq.
Bu gün Azərbaycanda "xalq diplomatiyası" ilə bağlı müxtəlif fikirlər mövcuddur. Onun tərəfdarları və əleyhidarları vardır. Bu prosesdə yanılaraq iştirak edənlər və bilərəkdən təmənna güdərək fəallıq göstərənlər vardır. Bir çox hallarda cəmiyyət bu məsələ ətrafında ikiyə bölünür, bəzən qarşıdurmalar da yer alır. Ona görə də bu məsələyə öz mövqeyimi, gerçək hesab etdiyim baxışı
açıqlamağa təşəbbüs etdim.

Ermənistan Qarabağ müharibəsində özünü qalib hesab edir və hərbi yolla əldə etdiyi "nailiyyətləri" möhkəmləndirmək üçün müxtəlif vasitələrdən istifadə etməyə, prosesin geriyə dönmək ehtimalını heçə endirməyə çalışır. Ermənistan maraqlıdır ki, Azərbaycan mövcud reallıqlarla, işğal faktı ilə barışsın, torpaqlarını işğaldan azad etmək təşəbbüslərindən əl çəksin. Ermənistanın strategiyası iki ölkə arasında münasibətlərin işğal faktının üzərindən sakit keçməklə normallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə istifadə olunan vasitələrdən biri "xalq diplomatiyası"dır. Bunu biz doğruçu xalq diplomatiyası kimi qarşılaya və qəbul edə bilərikmi? Normal düşüncə ili düşünsək, yox! Bəs onda nə üçün bu xəttin bizdə hələ də tərəfdarları, iştirakçıları var? Bəlkə biz yanılırıq, nəyisə başa düşmürük? Doğrudanmı onların ciddi tutacaqları, arqumentləri var? Onların arqumentləri üzərində dayanaq.

Birincisi, belə bir fikir geniş yayılıb ki, biz ermənilərlə qonşuyuq, köçüb harasa gedəsi deyilik, deməli, münasibətləri normallaşdırmalıyıq. Mənə qalsa, biz ermənilərlə qonşuluq vəziyyətinin bitməsi yollarını aramalıyıq. Bu qonşuluq qaldıqca, problemlər də qalacaq və daha da böyüyəcək. Yüz il bundan əvvəl İrəvanı istəyirdilər ki, paytaxtımız yoxdu, indi az qala Gəncəyə, Bakıya da şərik çıxırlar. Onlar qonşuluğumuzda qalsalar, yüz il bundan sonrakı iştəhaları və hərəkətlərini proqnozlaşdırmaq çətin deyil. Onların qonşuluğumuzda qalmaları bizə sərf eləmir, onların gəldikləri yerə çıxıb getmələri daha yaxşı olardı. Bizdə kimlərinsə bu qonşuluğun qalması yönündə çalışmasını başa düşmək olmur. Bu qonşuluğun qalmasında ermənilər daha çox maraqlıdırlar, ona görə də daha çox səy göstərməlidirlər. Yəni, azərbaycanlılara qarşı məkrli əməllərindən əl çəkməlidirlər. Bunu isə hələ ki, müşahidə etmirik. Elə isə, biz nə üçün bu qədər canfəşanlıq etməliyik.

İkincisi, guya biz dünyaya nümayiş etdirməliyik ki, ermənilərlə bir yerdə yaşaya bilərik. Çox qəribə və gülünc məntiqdir. Torpaqlarımızı işğal edən, hələ də işğal altında saxlayan, tarix, mədəniyyət, dini abidələrimizi darmadağın edən, 250 min soydaşımızı Ermənistandan, 700 min soydaşımızı Qarabağdan qovub çıxaran, Xocalı, Meşəli, Qaradağlı, Ağdaban faciələrini başımıza gətirən erməni olduğu halda, biz nəyi isə sübut eləmək zorunda qalırıq. Bəli, azərbaycanlılarla ermənilərin bundan sonra bir yerdə yaşaması çox çətin məsələdir. Amma bunun günahı bizim üzərimizdə deyil. Ermənilər öz işğalçı və terrorçu hərəkətləri ilə, insanlığa sığmayan vəhşilikləri ilə bu imkanların üzərindən xətt çəkiblər. Ona görə də təşəbbüs onların tərəfindən gəlməlidir, cinayətlərini etiraf etməlidirlər. Yalnız bundan sonra başqa proseslərə rəvac vermək olar.

Üçüncüsü, deyirlər ki, həmişə müharibə vəziyyətində olmayacağıq ki, gec-tez sülh gəlməlidir, indidən cəmiyyətləri sülhə hazırlamalıyıq. Müharibə vəziyyətində olan xalqları, cəmiyyətləri sülhə hazırlamaq mümkün deyil. Qalib tərəfin sülhə razılaşması təbiidir, bununla qələbəsini təsbit edir. Məğlub tərəfin sülhə razılaşması və çalışması təslim olması deməkdir. Deməli, sülh və barış əhvalının yaradılması təslimçiliyə xidmət edir. Belə bir deyim var ki, "ən pis sülh ən yaxşı müharibədən önəmlidir". Düşünürəm ki, bu, qaliblərin ortaya atdığı kəlamdır. Qədim Romada belə bir kəlam da geniş yayılmışdı ki, "sülhə aparan yol müharibədən keçir". Bu, məğlubiyyəti qələbəyə çevirmək istəyən insanların mövqeyidir və bizim bugünkü vəziyyətimizə daha çox uyğun gəlir. Məğlubiyyətinin içindən çıxıb qələbəyə doğru gedə bilən toplum millətə çevrilir. Məğlub vəziyyətdə sülh axtaranların nəsibi köləlikdir.

Dördüncü, tezisin tərəfdarları hesab edirlər ki, erməniləri Bakıya gətirib, qurub-yaratdıqlarımızı göstərməklə təcavüzkar fikirlərindən daşındıra bilərlər. "Pisi yaxşı nümunə ilə tərbiyə etmək" məntiqindən yanaşsaq, bəlkə də haqlıdırlar. Amma bu, erməniyə tətbiq ediləsi metod deyil. "Erməni xəstəliyi" onları büsbütün bürüyüb, bütün hüceyrələrinə işləyib. Onların psixologiyasında gördükləri yaxşıları dərhal məhv etmək meyli, yaxşılığa pisliklə cavab vermək istəyi daha güclüdür. Belə olmasaydı, Anadolu və Azərbaycan türklərinin son 500 ildə etdikləri yaxşılıqları belə tezliklə unutmaz, hər şeyin üstündən xətt çəkib yağı düşmənə çevrilməzdilər. Ermənilərlə münasibətdə daha çox "pazı pazla..." prinsipi uyğun gəlir. Həm də onların kor olmuş gözləri bizə, Türkiyəyə yox, həmişə Rusiyaya dikilib, daha çox oraya inteqrasiya etməyə çalışıblar. Bizim səylərimizin heç bir mənası yoxdur. Onlar ağılları ilə deyil, kor gözləri ilə düşünürlər.

Beşincisi, deyirlər ki, ermənilərin içərisində sağlam fikirli adamları tapıb, özümüzə cəlb etməliyik. Erməni toplumunda belə adamlar yoxdur, bunu tam məsuliyyətlə deyirəm. Bu günə qədər müxalifətində, QHT-lərində və sair qurumlarında bir dəfə də olsun Azərbaycana qarşı törədilmiş işğalı və vəhşilikləri pisləyən bəyanat səslənməyib. Petrosyandan tutmuş Şarl Aznaura qədər, erməni milyarderlərindən tutmuş erməni katolikosuna qədər bir nəfər də tapılmayıb ki, erməni vəhşiliklərini lənətlənsin. Armen Ciqarxanyan bir neçə dəfə Azərbaycanın haqlı olduğuna eyham vurdu. Hər tərəfdən ona hücum çəkdilər. Bir nəfər də müdafiə edən tapılmadı, "təlxək" adlandırdılar. Dünyanın ən qəddar diktatoralarından biri faşist Almaniyasında olub. O cür dəhşətli rejim şəraitində tək-tək də olsa, mübariz insanlar tapılır, təşkilat yaradır, faşist rejimini ittiham edir, mübarizə aparırdı. Görmədik ki, Ermənistanda da belə bir qrup yaransın, öz hakimiyyətini ittiham etsin. Totalitar Sovet rejimi də qoşunlarını Əfqanıstana yeridəndə yüzlərlə ziyalı ayağa qalxdı, etiraz etdi, cəzalandılar, amma mövqelərindən geri çəkilmədilər. Bəs ermənilərin ziyalısı haradadır? Azərbaycanlılara qarşı törədilən vəhşilikləri görmürlər? Hərdən bizim "sülh göyərçinləri" üzlərinə tutmaq üçün Mikael Danielyanın, Georgi Vanyanın, Anahit Bayandurun adlarını çəkirlər. Mikael Danielyan heç vaxt erməni təcavüzünü pisləməyib, hərdən qrant almaq xatirinə Avropa Şurasına yazır ki, Ermənistan hakimiyyəti erməni əsgərlərini Azərbaycanın işğal olunmuş ərazilərinə göndərir. Onun "qəhrəmanlığı" bundan oyana keçmir. Georgi Vanyan bizə məktub yazmışdı ki, əməkdaşlıq etmək istəyir. Biz bir şərtlə razılaşdıq ki, öz hökümətinin işğalçı siyasətini pisləyən bəyanat versin. Müraciətimizə heç cavab da göndərmədi. İndi İrəvanda Azərbaycan filmlərini nümayiş etdirməklə və sair əllaməliklə qrant alır, başqa məqsədi yoxdur. Anahit Bayandur Bakıda tədbirə qatılmışdı, biz həmin tədbiri pozmaq üçün konfrans zalına daxil olduq, bizim "xalq diplomatları" məni ittiham etdilər ki, tədbiri pozursunuz, Azərbaycanı rüsvay edirsiniz və.s. Mən onda dayandım və Anahitdən soruşdum ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsınızmı? O da bildirdi ki, bu suala cavab vermək istəmir, bu məsələ ilə bağlı ölkəsinin mövqeyi var, və əlavə heç nə demək istəmir. Ermənilərin iç üzü və mahiyyəti budur. Ona görə də heç kəs özünə əziyyət verib, "yaxşı erməni" axtarmasın. Ermənilərin yaxşısı yoxdur və hamısı Azərbaycana qarşı törədilimş cinayətlərə görə toplum şəklində məsuliyyət daşıyırlar.

Altıncısı, bəziləri deyirlər ki, Dağlıq Qarabağ öz torpağımızdı, oradakılar öz vətəndaşlarımızdı, oraya Azərbaycan ərazisindən gedirik, bununla ermənilərə zərbə vururuq və.s. Bütün bunlar özünü aldatmaqdan, yanlış hərəkətlərinə bəraət qazandırmaq cəhdindən başqa bir şey deyil. O torpaqlar, o vətəndaşlar vaxtı ilə bizim olub, amma indi bizim deyil. Bizim olması üçün isə oraya Azərbaycan qanunları və bayrağı qaytarılmalıdır. Oraya erməninin icazəsi ilə gedirsənsə, orada erməni nəzarəti altında hərəkət edir, erməni bayrağı altında oturursansa, pasportuna erməni "viza"sı vurulursa, haradan keçməyinin və nə düşünməyinin heç bir mənası yoxdur. Sadəcə, erməni siyasətinə xidmət göstərir, erməni siyasətini leqallaşdırırsan. Digər xırda arqumentlərin üzərində dayanmaq istəmirəm. Amma istəyirəm ki, hər kəs atdığı addımın məsuliyyətini hiss etsin, mümkün nəticələrini əvvəlcədən hesablasın və milli maraqlara təhlükə olan məqamlarda konyuktur və ötəri hisslərinin əsirinə çevrilməsin.

Bir daha əvvəldə dediyimə qayıdıram. Hərbi əməliyyatların dondurulduğu bir dövrdə "xalq diplomatiyası" deyilən alətdən daha çox ehtiyat etməli, bu alətin işə düşməsinə imkan verməməliyik. Qloballaşan dünyada guya hər şeyin dəyişdiyini, yeni dəyərlərin yarandığını, sərhəd, torpaq məsələlərinin öz əhəmiyyətini itirdiyini deyənlərə aldanmayın. Bu fikirləri deyənlərin və bizim buna inanmağımızı istəyənlərin özləri bir qarış torpağını güzəştə getməz, ayağa qalxar, cəllada dönər, vətəndaşın başından bir tükün düşməsinə görə dünyanı dağıdar. Amma bizə "ağıllı" məsləhətlər verməkdən yorulmurlar. Dünya iki min il bundan əvvəl olduğu kimi yalnız və yalnız gücə söykənir, bütün işlər yalnız güc yolu ilə həll olunur. Erməni ilə bir orkestrdə çalıb-oxuyan da, barış axtaran QHT-çi də, "ermənibaycan" romanı yazan da bunu başa düşməlidirlər. Başa düşməyənlər burunlarının ucunda yumruq görəndə inciməsinlər, çünki başqa cür başa düşmürlər. Biz bir millət olaraq, bir dövlət olaraq güclüyük və gücümüzü göstərməliyik. Həqiqi xalq diplomatiyasına qələbədən sonra qayıdacağıq!   

Akif Nağı
Qarabağ Azadlıq Təşkilatının sədri