Politoloq: “Ermənistanı ciddi problemlər gözləyir”

20 Aprel 2011 11:28
Ermənistan bundan sonra "Minilliyin çağırışı" proqramı çərçivəsində yardım ala bilməyəcək. Bu ölkədəki mövcud durum, demokratiyanın vəziyyəti, eləcə də qeyri-demokratik seçkilərin keçirilməsi nəticəsində İrəvan bu hüquqdan məhrum edilib. Politoloq Qabil Hüseynli durumu "525-ci qəzet"ə şərh edərkən deyib ki, adıçəkilən proqram əsasən postsovet məkanında olan ölkələr üçün hazırlanıb.

Əsas məqsədi sülh, demokratiya və insan haqları sahəsinə böyük islahatlar keçirən, vətəndaş cəmiyyəti quruculuğunda müəyyən məsafə qət edən, yaxud da bunun üçün islahatlar bazası hazırlayan ölkələr üçün nəzərdə tutulub: "Çox təəssüflər olsun ki, Ermənistan bu məsələlər ətrafında elə bir ciddi məsafə qət etməsə də, yəni avtoritar rejimin hökmranlığı və bilavasitə Rusiyanın diktəsi ilə hakimiyyətə gələn siyasi qüvvələrin hökmranlığı altında olsa da, Amerika bir neçə il Ermənistana bu proqram çərçivəsində xeyli pul ödədi. Məsələn, birinci il 500 milyon dollar, sonrakı illərdə isə 250 milyon dollar, təxminən üst-üstə 1 milyard dollara yaxın Ermənistana bu proqram çərçivəsində pul ödənildi. Amma Ermənistan demək olar, həmin proqramın nəzərdə tutduğu müddəaların heç birini həyata keçirmədi. Nə plüralist cəmiyyətin yaradılması, nə çoxpartiyalı sistemin otuşdurulması, seçki sisteminin şəffaflığı, insan haqlarına hörmət göstərilməsi, nə də Azərbaycanla sülh istiqamətində addımlar atılması baş verdi. Üstəlik, ölkədə rejimin avtoritarlaşması prosesi, müxalifətə basqı, xüsusilə 2008-ci ilin bir mart hadisələri zamanı 30 yaxın müxalifətçinin öldürülməsi, 300 nəfərin yaralanması onu göstərdi ki, bu rejim Rusiyanın diktəsi altında işləyir və saxta seçkilər yolu ilə hakimiyyətə gəldikdən sonra heç bir güzəştə getmək istəmir".

Politoloqa görə, belə bir şəraitdə ABŞ da xərclədiyi pulların monitorinqini aparır və nəticələrə görə hərəkət edir: "Amerikanın məqsədi Ermənistanı bir növ Rusiyanın cəngindən çıxarıb qərbə doğru meyilləndirmək idi, amma bu da alınmadı. Və ABŞ nəhayət əmin oldu ki, bu ölkədəki yarım hərbi, yarım avtoritar rejim Rusiyanın bir quberniyası kimi fəaliyyət göstərir və heç vaxt qərb dəyərlərinə hörmət göstərməyəcək, həmin dəyərlərin öz ölkəsində bərqərar olmasına şərait yaratmayacaq. Bu səbəbdən də "Minilliyin çağırışı" proqramını dayandırdı".

Onun sözlərinə görə, bu proqram əsasən dünyada yeni dəyərlərə, yeni siyasi sistemə əsaslanan, cəmiyyətdə yeni əxlaq və davranış formalarını müəyyənləşdirməyə yönəlmiş ciddi islahatların həyata keçirilməsini nəzərdə tutur. Amma erməni cəmiyyəti on il bundan əvvəl necə idisə, indi ondan da pis vəziyyətdədir. Üstəlik də Amerikadan həm bu proqram, həm də humanitar yardım proqramı çərçivəsində alınan pulların hamısı silahlanmaya, militarist siyasi xəttin yeridilməsinə və Azərbaycanla münasibətlərin daha da kəskinləşməsinə sərf olunub. Sülhyaratma prosesində isə heç bir nailiyyət yoxdur. Sülh danışıqları demək olar dalana dirənib. Bu məsələdə də əsas günahkar Ermənistanın danışıqlar stolu ətrafında tutduğu qeyri-konstruktiv mövqedir. Politoloqa görə, bunun nəticəsi ya sosial partlayış ola, yaxud da miqrasiya proseslərinin sürətlənməsinə gətirib çıxara bilər. Amma bütün hallarda Ermənistan dövlətçiliyi üçün ciddi problemlərin yaranacağını və ümumiyyətlə indiki rejimin özünün mövcudluğu, fəaliyyətini qoruyub saxlaması üçün ciddi problemlərin yaranacağını qabaqcadan söyləmək mümkündür.

Milli.Az