Olimpiya Oyunlarında Azərbaycan idmançıları üçün ən yüksək nəticələrə görə mükafatlar müəyyən edildi

18 İyul 2016 18:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:

1. XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Milli.Az