2016-cı il 14 iyul tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul olunub.
Enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilb.
Yəni sadə hesablamalar aparsaq, Azərbaycanda orta statistik ailə hər ay elektroenerji üçün ayda 50 manat ödəyirdirsə, indi həmin ödəniş artımdan sonra ən uzağı 7 manat təşkil edəcək.
Artım 16 faizdir və bu, nə "ifrat bahalaşma"dır, nə də ki sosial şəbəkələrdə bəzilərinin qələmə verməyə çalışdığı kimi, "vətəndaşların maddi rifah halını düşünmədən atılmış qərarın fəsad"ı.
Tam əksinə, qərar uzunmüddətli araşdırmalar, təhlillər və müzakirələrdən sonra qəbul olunub.
Rəsmi mövqe
Azərbaycanda axırıncı dəfə elektrik enerjisinin tarifi 2007-ci ilin yanvar ayında dəyişdirilib. Ötən 10 ilə yaxın müddət ərzində istehsal güclərinin artırılması, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması, enerji təchizatının davamlılığının təmin edilməsi üçün böyük həcmdə investisiya qoyulmuş və xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. İstehsalçının və paylayıcı şəbəkənin balansına xeyli tikili, qurğu, ötürücü qurğu, maşın və avadanlıqlar qəbul edilmişdir ki, bu da saxlanma və təmir xərclərinin artımını şərtləndirib.
Son 10 ildə enerji sisteminin istehsal gücü 5590 meqavatdan 7160 meqavata çatdırılıb, abonentlərin sayı təxminən 1 milyona yaxın artaraq 2,5 milyonu ötüb. Qeyd edək ki, əhali qrupu üzrə abonentlərin sayğacla təmin edilməsi ödənişsiz olaraq paylayıcı şəbəkə tərəfindən həyata keçirilir.
Bu illər ərzində transformatorların, elektrik avadanlıqları və komplektləşdirici vasitələrin, digər xammal və materialların qiymətlərində ciddi artım müşahidə olunub. Bununla yanaşı, elektrik stansiyalarının və paylayıcı şəbəkələrin normal istismar vəziyyətində saxlanılması və artan elektrik enerjisi tələbatının ödənilməsi üçün irihəcmli investisiya qoyuluşları tələb olunur.
Təsdiq edilmiş yeni tariflər region ölkələrindəki faktiki tariflərlə müqayisədə aşağı səviyyədədir.
Tarif tənzimləməsindən sonra əldə ediləcək gəlir müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılmasına, bu sistemdə çalışan 18 mindən artıq işçinin əmək haqlarının artırılmasına imkan verəcək.
Yeni tariflər 2016-cı il 15 iyul tarixindən qüvvəyə minəcək. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.
Bəs qonşularda?
Elektrik enerjisinin tarifləri qonşu Gürcüstan, habeldə qonşu olduğu qədər də Azərbaycana düşmən kəsilmiş Ermənistanda əsla ucuz deyil.
Gürcüstanda 1 kVt üçün milli valyutamızla hesabda 8 qəpik ödəmək gərəkdir. Fiziki şəxsin, yəni vətəndaşın elektroenerji israfı 300 kVt-dan artıq olarsa, məbləğ 12 qəpiyə çatır.
Ermənistanda elektroenerji tarifləri 2012-ci illə müqayisədə 96 faiz bahalaşıb və üstəlik, gecə tarifi 144 faiz, yəni 2-2,5 dəfə artıb. Hazırda Ermənistanda vətəndaşlar elektroenerji üçün gündüz tarifi ilə 10 qəpik, gecə tarifi ilə 13,6 qəpik ödəyirlər. Sərfiyyat 300 kVt-ı keçəndə tarif 30 qəpiyə çatır.
Rusiyaya gəldikdə isə, vətəndaşlar üçün tarif 1 kVt /7 qəpik səviyyəsindədir.
İşığı baha və ucuz ölkələr
Çağdaş yaşamı və xüsusilə də sənayeni, iqtisadiyyatı elektroenerji, habelə bu enerjidən istifadəyə görə ödənişlər olmadan təsəvvür etmək mümkündürmü? Çətin. Və təbii ki, müxtəlif ölkələrdə yaşam səviyyəsi, sənaye inkişafı həddi, iqtisadiyyatın durumu və vətəndaşların gəlirlərinin həcmi kimi, elektroenerji tarifləri də fərqlidir.
Tariflərin bahalılığı baxımından dünyada absolyut rekordçu Solomon adalarıdır. Orada 1 kVt üçün 0,95 dollar ödəmək gərəkdir. Bu ada ölkədə elektroenerji təminatı bərbad səviyyədə olduğundan, işıqlar tez-tez söndüyündən yerli sakinlər problemi "fərdi qaydada" həll edirlər. Solomon adalarında dizel və ya külək generatoru, yaxud Günəş batareyaları olmayan az qala tapılmır.
İkinci yerdə Tonqa durur. Bu ada dövlətdə 1 kVt-ın qiyməti 0,5 dollardır.
Üçüncü pillədəki Yamaykada sakinlər 1 kVt üçün 0,45 dollar ödəyirlər.
Yeni Kaledoniyada və Kuk arxipelaqında da ifrat ehtiyac olmadan lampa yandırılmır. Çünki burada bir 1 kVt üçün 0,44 dollar ödəməkdir.
Dünyanın ən qüdrətli, varlı dövləti ABŞ illüziyaların tam əksinə olaraq, ucuz elektroenerjili ölkə deyil. Elektroenerji hasilatının toplam həcminə görə Birləşmiş Ştatlar dünya lideri sayılsalar da, amerikalılar 1 kVt üçün 0,41 sent ödəyirlər.
Elektroenerjinin digər ölkələrdəki qiymətləri belədir:
Danimarka - 0,40 dollar
Almaniya - 0,36
Yaponiya - 0,32
İsveçrə - 0,20
Hollandiya - 0,21
İspaniya - 0,22
Finlyandiya - 0,23
Britaniya - 0,28
İsrail - 0,18
Türkiyə - 0,16
Monteneqro - 0,15
Bolqarıstan - 0,11
Çin -0,07
Hindistan - 0,08
Misir - 0,10
Türkmənistan - 0,09
Paraqvay - 0,08
Vyetnam - 0,08
Birləşmiş Ərəb Əmirlikləri - 0,08
Laos - 0,05
Özbəkistan - 0,05
Tacikistan - 0,03
Venesuela - 0,03
MDB ölkələri arasında elektroenerji tariflərinin ən sürətlə bahalaşacağı ölkə Ukrayna olacaq. Ölkənin milli valyutası qrivnanın ABŞ dollarına nisbətən devalvasiyası böyük olduğundan, qrivna təqribən 2 dəfə dəyərdən düşdüyündən hazırda Ukraynada 1 kVt elektroenerji 0,02 dollardır. Lakin rəsmi Kiyev qiymətləri bu səviyyədə saxlayan deyil: rəsmi açıqlamalara görə, bu ilin sonunadək tariflər ən azı 3,5-4 dəfə artırılacaq.
Dünyada elektroenerji tariflərinin ən ucuz olduğu ölkələrsə Küveyt və Səudiyyə Ərəbistanıdır. Belə ki, Küveytdə 1 kVt-ın dəyəri 0,01 dollar, Səudiyyə Ərəbistanında isə 0,13 dollardır.
Tarifin artması da səbəbsiz deyil
Göründüyü kimi, inkişaf etmiş ölkələrdə elektroenerji tarifləri ucuz deyil. Doğrudur, ABŞ, Almaniya, Hollandiya və ya Yaponiyada əhalinin orta statistik gəlir səviyyəsi, maaşların məbləği də yüksəkdir. Amma bu ölkələrdə hamı yüksək maaş almır, amma işlədilən elektroenerjiyə görə hamı eyni tariflə ödəniş edir.
O da doğrudur ki, Fransa və ya Küveytlə müqayisədə Azərbaycanda əhalinin orta aylıq gəlirləri, maaşları aşağıdır. Lakin iqtisadiyyatın, istehsalatın və sənayenin bütün ölkələr üçün vahid, dəyişməz, eyni qanunları var. Həmin qanunlara görə, elektroenerji hasilatı, nəqliyyatı və paylaşması ilə bağlı xərclər ölkədəki maaşların səviyyəsindən əsla asılı deyil.
Elektroenerji tariflərini ya Danimarka, yaxud Almaniyada olduğu təki vergiləri və ya rüsumları artırmaqla yüksəltmə, ya da Küveyt, Türkmənistan və ya Səudiyyə Ərəbistanında olduğu təki dövlət büdcəsindən külli miqdarda vəsait ayırmaqla "ucuz səviyyə"də saxlamaq olar.
Dünya səviyyəsində isə elektroenerjinin 1 kVt-na görə tariflər vətəndaşların orta statistik gəlirlərindən və ölkə iqtisadiyyatının inkişaf səviyyəsindən, habelə büdcədən ayrılan sosial dotasiyalardan asılı olaraq 0,08-0,2 dollar arasındadır.
Azərbaycanda elektroenerji tariflərinin artırılması ilə bağlı demaqoji, populist çıxışlar edənlər nədənsə nəzərə almaq istəmirlər ki, dünya bazarlarında xam neft və ya təbii qazın qiymətlərinin ucuzlaşması elektroenerji istehsalına, nəqliyyatına və paylaşdırılmasına təsir edən amillər arasında ən son yerlərdən birini tutur. Yəni neft ucuzlaşa bilər, qazın qiyməti aşağı düşə bilər - amma bütün bunlar elektroenerji tariflərinin sabit saxlanılması üçün şərt deyil.
Çünki elektroenerji istehsalı bir çox nəsnələrdən və məqamlardan asılıdır.
"İşıq pulları çox artdı" deyiriksə, orta aylıq maaşımızdan elektroenerji ödənişlərinə ayrılan pulla aylıq gəlirlərimizi, habelə ərzaq, kommunal ödənişlər və s. xərcləri müqayisə edək.
Tarifin artması da səbəbsiz deyil.
Elektroenergetika istehsal, nəqlolunma və satış-paylaşmadan ibarətdir. Bu proseslərin hamısı ilə hazırda "Azərişıq" məşğul olduğundan, xərcləri də bu dövlət qurumu çəkir. Yəni tarifin məbləği istehsalat, elektroenerjinin nəqli (ötürülməsi) və satış əlavəsindən ibarətdir.
Xərclərə gəldikdə isə, onlar istehsalat məsrəflərinin artımı, elektroenerji hasilatı və ötürməsi strukturlarına xidmət, habelə onların normal fəaliyyət rejimində saxlanması, ən nəhayət isə sərf olunan elektroenerjiyə görə istehlakçıların heç də hamısının ödənişləri vaxtında gerçəkləşdirməməsidir.
Orxan Hun
Milli.Az