Düşmən snayperlərinin atəşini necə səngidək?

19 Aprel 2011 11:58
"Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı işğal-ekspedisiya korpusu Azərbaycana qarşı snayper müharibəsi aparır. Erməni snayperlərinin fasiləsiz aktivliyinin qarşısını almaq üçünsə bir yol var".

"Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti" Azərbaycan Mərkəzinin rəhbəri Ələkbər Məmmədov bu fikirləri Milli.Az xəbər portalının əməkdaşı ilə söhbətində açıqladı. Onun dediyinə görə, erməni snayperlərinin hər aktivliyindən sonra bu məsələ beynəlxalq qurumların nəzərinə çatdırılmalı, hadisə faktlaşdırılıb sənədləşdirilməli və Ermənistanın işğalçı siyasətinin daha bir bariz nümunəsi qismində təqdim olunmalıdır.
           
"Dünya ictimaiyyəti, dünyanı idarə edən güc mərkəzləri və beynəlxalq təşkilatlardan bu faktlarla bağlı müstəqil, obyektiv komissiyanın yaradılmasını, həmin qurumun araşdırma aparmasını tələb etməlidir. Ermənilərin snayper atəşləri təki yaramaz əməllərinə dünya birliyi layiqli cavab verməli və bunun qarşısını almalıdır. Eyni zamanda, Azərbaycan vətəndaşlarının erməni snayperlərinin atəşi nəticəsində yaralanma və həlak olmaları ilə bağlı hər faktın cəzasız qalmaması təmin olunmalıdır. Bütün bunlar görüləsi işlərdir. Təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və erməni işğalında olan Azərbaycan ərazilərinin azad edilməsinə yönəlmiş danışıqlar prosesdə ermənilərin snayper atəşləri vasitəsilə mülki vətəndaşlarımızı qətlə yetirmələri ilə bağlı faktlara lazımınca qiymət verilmir", - Ə. Məmmədov dedi.

Onun sözlərinə görə, ermənilərin snayper atəşlərinin intensivliyinin azaldılmasında yalnız hərbçilərimizə güvənmək doğru deyil: "Dünya birliyinin ikili standartlar siyasəti reallıq olsa da, ermənilərin belə vəhşilik faktları ilk əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, sonra da həmsədr ölkələrin diqqətinə çatdırılmalı, onlardan əməli tədbirlərin görülməsi tələb olunmalıdır".

Orxan Hun
Milli.Az