Mənzilə köçməmiş "kupça" alırlar - Tikintidə bir ilk!

14 İyul 2016 15:00

Azərbaycanın mənzil tikintisi sektorunda ilkə imza atılıb. Belə ki, "Melissa Park" yaşayış kompleksinin binalarından birinin tikintisi başa çatdırılıb və mənzillər tam təmirli şəkildə sahiblərinə təqdim edilib. Mənzil sahibləri yaşamağa başlamamışdan əvvəl Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (kupça) və texniki pasport ilə təmin edilirlər.

"Marja" xəbər verir ki, 12 iyul 2016-cı il tarixində əlamətdar hadisə münasibətilə "Hilton" otelində mətbuat konfransı keçirildi.

ƏRAZİNİN 70%-İ YAŞILLIQ ÜÇÜN NƏZƏRDƏ TUTULUB

Mətbuat konfransında "Melissa Group"un baş direktoru Xəzər Məmmədov bildirdi ki, rəhbərlik etdiyi şirkət 20 ildir yaşayış binalarının tikintisi ilə məşğul olur. "Melissa Park" yaşayış kompleksi layihəsi şirkətin indiyədək həyata keçirdiyi ən böyük layihədir. "Melissa Park" yaşayış kompleksi 22 binadan ibarət olacaqdır. Yaşayış kompleksi 5,4 hektar ərazidə tikilir. Tikinti işləri 1,4 hektar ərazidə aparılır. Qalan 4 hektar sahə yaşıllıq, istirahət və əyləncə üçün nəzərdə tutulmuşdur:

"Bu gün Bakı şəhərində tikilən yaşayış binalarının həyətinin, istirahət parkının, uşaq meydançalarının olmaması ən böyük problemlərdən biridir. "Melissa Park"ın ərazisinin 70%-i yaşıllıq, istirahət və əyləncə sahələri üçün nəzərdə tutulub. Hətta, biz daha böyük bir ərazini insanların istifadəsinə vermək üçün layihəmizdə 6 binanı təxirə salmışıq".

"BAKIDA BİR İLKƏ İMZA ATIRIQ"

Xəzər Məmmədov qeyd etdi ki, "Melissa Group" bütün işləri vaxtında həll etdiyi üçün sakinlərə açarları ilə bərabər çıxarış və texniki pasportu təqdim edə bilir.

"Bu ilin iyul ayında, şirkətimizin 20 illik fəaliyyəti ərzində həyata keçirdiyi ən böyük layihəsi olan "Melissa Park" kompleksinin 256 mənzildən ibarət olan iki girişli birinci binasını təhvil verdik. Biz Bakı şəhərində ilk olan bir şeyi edirik: İnsanlar binaya köçərkən çıxarış və texniki pasport ilə təmin olunurlar. İndiyə kimi Bakı şəhərində inşa edilmiş binalarda belə bir hadisə olmayıb".

20 İLLİK İPOTEKA

Xəzər Məmmədov bildirdi ki, "Melissa Park"da mənzillər 20 illik ipoteka ilə satılır:

"Bizim çox sərfəli satış şərtlərimiz var. Biz 20 il müddətinə, illik faiz dərəcəsi 10%, effektiv faiz dərəcəsi isə 5,5% olan ipoteka kreditini təklif edirik. Hətta ilkin ödəniş etmədən mənzil almaq da mümkündür. Bundan başqa, müştərilərimizə digər tikinti şirkətlərində olmayan bir imkanı da veririk. Belə ki, bəzən insanlar mənzili alır və sonra müəyyən problemlər çıxdığından onu qaytarmaq istəyirlər. Biz həmin şəxsin ödədiyi pulu tamamilə qaytarıb, mənzili geri təhvil alırıq".

Evi geri qaytarmaq istəyənlər pullarını tam alacaqlar

"Melissa Group"dan ev almağın digər üstünlüyü odur ki, burada evin pulunu ödəyə bilməyənlərin pulu batmır. X.Məmmədov bildirib ki, yaranan maddi çətinlik üzündən ipoteka kreditini ödəyə bilməyərək evi geri qaytarmaq istəyən müştərilərə də şərait yaradılıb. Belə ki, geri qaytarılan mənzil 2 ay ərzində satılır. Bundan sonra müştərinin ödədiyi məbləğ tam olaraq geri qaytarılır.

İŞIQ, SU, QAZ TƏCHİZATI HƏLL EDİLİB

Şirkətin baş mühəndisi Mübariz Musayev bildirdi ki, "Melissa Park" yaşayış kompleksi Bakının ekoloji cəhətdən ən təmiz rayonlarından biri olan Yasamal rayonunda, Həsən bəy Zərdabi küçəsində, "20 Yanvar" metro stansiyası yaxınlığında inşa edilir. Kompleksin şəhərə 3 istiqamətdən çıxışı mövcuddur:

"Melissa Park" yaşayış kompleksinin tikintisi müasir tələblərə cavab verən tikinti texnikası və avadanlıqları ilə təmin olunub. Layihədə nəzərdə tutulan betonun vaxtında tikinti sahəsinə çatdırılması və keyfiyyətinə nəzarət edilməsi üçün kompleksin ərazisində gücü 50 kub/saat olan beton qovşağı quraşdırılıb. Yükdaşıyan elementlərin tikintisi zamanı istifadə edilən armatur və betondan sınaq üçün nümunələr götürülərək laboratoriyalara göndərilir. Kompleksdə tikilən binaların fasadı yüksək keyfiyyətli ekoloji cəhətdən təmiz, yüngül çəkiyə malik, yanmaya davamlı daş yundan istifadə edilməklə üzlənir. Binaların daş yunla üzlənməsilə mənzillərdə istiliyin uzun müddət saxlanılmasına nail olunur. Pəncərələr Türkiyədə istehsal olunan yüksək keyfiyyətli PVC profillərindən hazırlanaraq yerində quraşdırılır. İstilik sistemi və su təchizatı mərkəzi xəttə qoşulur. Mövsümi vaxtlarda mənzillərin isti su ilə təmin edilməsi üçün qazanxana sistemi quraşdırılıb. Kompleksin elektrik enerjisi və qaz təchizatı başa çatdırılıb. Soyuq su təchizatı nasosxana sistemi ilə ərazidəki su anbarlarlarından götürülməklə yerinə yetirilir. Kompleksdə avtomobillərin saxlanılması üçün zirzəmidə parkinq mövcuddur".

HƏR CİBƏ UYĞUN MƏNZİLLƏR

Şirkətin tikinti departamentinin direktoru Arzuman Murtuzayev bildirdi ki, "Melissa Park" yaşayış kompleksinin layihəsi hazırlanan zaman insanların aldıqları mənzillərin kvadratlarından maksimum istifadəsi məsələsi qarşıya məqsəd qoyulmuşdu:

"Kompleksimizdə mənzillər insanların cibinə uyğun olaraq layihələndirilib. Bir otaqlı mənzillər 25,8m2, 26,8m2, 27,1m2, 41,6m2, 43,4m2,51,5 m2 və 54m2, iki otaqlı mənzillər 68,2m2, 70,7m2 və üç otaqlı mənzillər isə 92,9 m2 layihələndirilib. İki otaqlı mənzillərdə qonaq otağı 27 kvadrat metrə, mətbəxt isə 14 kavadrat metrə qədərdir. Eyvan və dəhlizdən də səmərəli istifadə olunub. İnsanlar istəklərinə uyğun olaraq qonaq otağını və mətbəxti birləşdirib mənzili bir otaqlıdan iki otaqlıya, iki otaqlıdan üç otaqlıya, üç otaqlıdan isə dörd otaqlıya çevirə bilərlər".

Arzuman Murtuzayev əlavə etdi ki, alıcılara 3 formada - ənənəvi, modern və klassik üslubda təmir təklif olunur.

TİKİNTİNİN GEDİŞATINI CANLI İZLƏMƏK MÜMKÜNDÜR

Şirkətin baş direktorunun müavini Faiq Mehdiyev isə bildirdi ki, "Melissa Park" -ın yaşayış kompleksin sakinləri , tikintidə quraşdırılmış kameralar vasitəsi ilə www.melissapark.az saytında canlı nəzarət edə bilərlər.

Mətbuat konfransında qeyd edildi ki, hazırda yaşayış kompleksinin "B" və "E" binalarında tikinti işləri sürətlə davam etdirilir. Qrafikə uyğun olaraq, bu ilin sonunda "B" binasının təhvil verilməsi nəzərdə tutulur. Aylığı 314 manatdan başlayan ipoteka ilə bu binalardan mənzil əldə etmək olar.

Mətbuat konfransının sonunda "Melissa Park"ın iki sakininə Əməlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (kupça) təqdim edildi.