Kəmaləddin Heydərov Latviyanın daxili işlər naziri ilə görüşüb

18 Aprel 2011 16:47
Azərbaycanda rəsmi səfərdə olan Latviya daxili işlər naziri Linda Murniesenin rəhbərlik etdiyi nümayəndə heyətini fövqəladə hallar naziri Kəmaləddin Heydərov qəbul edib.
Milli.Az FHN-in saytına istinadən xəbər verir ki, görüş zamanı nazir Kəmaləddin Heydərov Azərbaycanın son illərdə sosial-iqtisadi həyatın bütün sferalarında əldə etdiyi nailiyyətlərdən danışıb, habelə nazirliyin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

Qonaq da öz növbəsində, Azərbaycanla Latviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini qeyd edib. İki ölkənin fövqəladə halların idarə olunması sahəsində müvafiq qurumları arasındakı mövcud əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Görüş zamanı, həmçinin, 17 yanvar 2011-ci il tarixində Riqa şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"in müddəalarının yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılıb.

Səfər proqramına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə də tanışlıq planlaşdırılır.

Milli.Az