Bakı "avtoş"larına şad xəbər!
18 Aprel 2011 12:04
Bakı sakinlərinin dincliyi yalnız gündüzlər deyil, gecələr də avtomobil səs-küyündən pozulur. Sakinlər gecələr yuxularına haram qatan "avtoş"ların əlindən dad çəkirlər. Üstəlik, ədabaz sürücülər qəzalara da səbəb olur, özlərinin və başqa insanların həyatını təhlükəyə atırlar. Paytaxtın elə bir yeri yoxdur ki, "avtoş"lar orda meydan sulamasın.
Yol Patrul Xidmətinin əməkdaşları, sakinlərin şikayətinə əsasən, bir neçə dəfə ərazilərdə reyd keçirərək yollarda avto-xuliqanlıq edənləri saxlayıb. Çoxsaylı reydlərin keçirilməsinə baxmayaraq, "avtoş"lar yenə də öz vərdişlərindən əl çəkmək istəmir.
Bakının hansı küçələrində maşın oynadılır?
Bu dəfə də "avtoş"ların "məharətindən" söhbət açacağıq. Hər gün eyni vaxtda və eyni məkanda maşın oynadan 10-a yaxın " VAZ-2107" və "BMW-X5" eyni marşrutla şütüyür və öz tryuklarından zövq alırlar. Onların hərəkət marşrutları Füzuli, Rəşid Behbudov, A. Bakıxanov küçələri və Azadlıq prospektidir. "Avtoş"ların daimi hərəkət marşrutuna S.Rüstəm küçəsi də əlavə olunub. Maşınlar hərlənib S.Rüstəm küçəsinə gəlir, Nəsimi prokurorluğunun yanından Rəşid Behbudov küçəsinə keçər-keçməz qazı sıxır və təkərlərin altından tükürpədici səs-küy qalxır. Bakıxanov küçəsindən "Azadıq" prospektinə dönən yerdə yenidən təkər xorultusuna start verilir. Təkər sürüşməsi özü də düz kameraların gözü qarşısında özünü nümayiş etdirir.
"Avtoş"ların idarə etdiyi avtomobillər xüsusi görkəmə salınıb. Görkəmi eybəcər hala salınmış "VAZ-2107" və "BMW-X5"lərin görkəminin yeni "aranjemanı" deyilənə görə, bəzən maşınların özündən baha başa gəlir. Maşının burnu mütləq yeddi barmaq qaldırmalı, ksenon faralar taxılmalı, "basovik" qoyulmalı, arxa yaylar iki barmaq kəsilməlidir. Bu dəstədə olan maşınların görkəmi "norma"ya görə belə olmalıdır.
"Avtoş"luq edən Ramil deyir ki, Bakıda maşınların yüksək sürətlə idarə edilməsi üçün xüsusi meydançalar tikilsə, yaxşı olar: "Belə meydançalar dünyanın bir sıra ölkəsində var. Kimsə sürəti saatda 300-320 kilometr olan avtomobil alıb. Bəs bunu harda idarə etsin? Adamın maşına olan həvəsi də ölür".
Avto-xuliqanlara qarşı hansı tədbirlər görülür?
Bakı Şəhər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, avto-xuliqanlara qarşı mübarizə həmişə aparılır. Şöbə rəisinin sözlərinə görə, gizli müşahidə aparmaqla "avtoş"ları aşkarlayıb onlara qarşı tədbirlər görülür. Artıq 2011-ci il ərzində paytaxt ərazisində 47 avto-xuliqan Bakı Şəhər Yol Polis İdarəsi tərəfindən aşkarlanıb. Onlar barəsində tədbir görülməsi üçün iş məhkəmələrə göndərilib.
V.Əsədov həmin "avtoş"ların hərəkət marşrutları barədə də məlumat verib. Onlar əsasən, beşmərtəbə adlanan ərazi, Zərifə Əliyeva, Bakıxanov, Rəşid Behbudov küçələrində, Neftçilər, Nobel prospektlərində aşkarlanıb.
"Avtoş"lar üçün xüsusi meydança tikiləcək
Şöbə rəisi "avtoş"lara şad xəbər də verdi. O bildirdi ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Azərbaycanda "avtoş"lar üçün xüsusi meydança tikiləcəyi barədə açıqlama verib. İdarə rəsmisi hesab eedir ki, həmin yer açılsa, "avtoş"ların oradan istifadəsinə şərait yaradılsa, bu problem kökündən həll ola bilər: " Bəzən cavan "avtoş"larla söhbət aparanda onlar öz bacarıqlarını harada, necə göstərməsi bardə məsələ qaldırırlar. Gənclərin avtomobili idarəetmə bacarığını nümayiş etdirmək istəyini nəzərə alıb, belə bir yerin olması və avtomobil idmanının yaradılmasının əleyhinə deyiləm. Açıq-aşkar insanların həyatına təhlükə yaratmağın qanun rədd edir və biz də bunun əleyhinəyik. Yol polisi olaraq belə halların qarşısını qətiyyətlə alırıq. Ancaq təbliğat işinin aparmasına da üstünlük veririk ki, bəlkə cavanlar bundan nəticə çıxarsın. Avtomobil idarə etməsinə müəyyən bacarığın var deyə yolun hərəkət hissəsində insanların həyatına təhlükə yaratmaq qanunun tələbinin pozulması deməkdir".
"Gələcəkdə belə bir meydançanın istifadəyə verilməsi, avtomobil yarışlarının keçirilməsi avtomobil həvəskarları üçün geniş perspektivlər açacaq. Avtomobil həvəskarları üçün belə bir yerlərin ayrılması paytaxtda onların sayının və avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verən qəzaların sayının azalması ilə nəticələnəcək" - deyə, V.Əsədov əlavə etdi.
Avtoş meydançası üçün yer ayrılıb
Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətindən də Milli.Az xəbər portalına bildirildi ki, yüksək sürətlə idarə edənlər avtomobillər üçün xüsusi meydança tikiləcək. Deyildi ki, Bakının Güzdək qəsəbəsində yerləşən və sovet ordusu tərəfindən dağıdılmış Aviasiya Mərkəzinin ərazisində belə bir meydançanın tikilməsi üçün müvafiq iş aparılır. Həmin mərkəzin ərazisində çoxlu miqdarda partlamamış minalar var. Ərazinin minalardan təmizlənməsi üçün cəmiyyət ANAMA-ya müraciət edib. Mərkəzin yerləşdiyi ərazi minalardan təmizlənəndən sonra təmir işlərinə başlanılacaq. Artıq layihə və smeta sənədləri hazırdır. Layihənin dəyəri təxminən 30 milyon manatadək qiymətləndirilir.
Anar Məmmədov
Milli.Az