Təzə Pirə namaz qılmaq yox, maşın oğurlamaq üçün getdi...
18 Aprel 2011 10:40
Bakıda sərnişin Allah evinə gedəcəyi adı ilə taksi sürücüsünü maşınsız qoyub. Cinayət hadisəsi Yasamal rayonu ərazisində törədilsə də, taksi sürücüsü arzuolunmaz müştəri ilə Xətai rayonu ərazisində rastlaşıb.
Yasamal rayon Polis İdarəsindən əldə etdiyimiz məlumata görə, naməlum şəxs metronun "Əhmədli" stansiyasının yaxınlığında Bakı şəhər sakini Rafiq Hacıyevin taksi kimi idarə etdiyi "VAZ-2107" markalı avtomobilə oturaraq Təzə Pir məscidinə gedəcəyini bildirib.
Sürücü müştəririsini mənzil başına çatdırıb, pulunu isədikdə, boğazına bıçaq dirənib. Həmin şəxs Təzə Pir məscidinin yaxınlığında Rafiq Hacıyevi bıçaqla hədələyərək avtomobilini əlindən alıb. Maşınsız qalan sürücü dərhal polis bölməsinə üz tutub. Sürücünün verdiyi məlumat əsasında əməliyyat qrupu yaradılıb. Axtarışlar davam etdirilsə də, cinayətkarı yaxalamaq mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az