Ərdoğan Obamanı tənqid edib

14 Fevral 2015 20:25

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan ABŞ-da öldürülən üç müsəlman barədə susduğuna görə ABŞ prezidenti Barack Obamanı tənqid edib.

O deyib ki, ölkələrində baş verən hadisələrə görə siyasətçilər məsuliyyət daşıyır və bu hadisələrə münasibətlərini aydınlaşdırmalıdırlar.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, Meksikaya səfəri zamanı danışan cənab Ərdoğan cənab Obamanı, Dövlət Katibi John Kerrini və vitse-pezident Joe Baydeni "üç müsəlmanın" qətli barədə heç bir bəyanat vermədiklərinə görə tənqid edib.
 

"Belə bir insidentlə üzləşəndə səsin çıxmasa, bəyanat verməsən, dünyanın da sənin [başına gələnlərə] səsi çıxmayacaq", o deyib.

Şimali Karolina ştatının Çapel Hill şəhərində öldürülən tələbələrin dəfn mərasimində 5000-dən çox adam iştirak edib.
 

Öldürülənlərin ailəsi deyir ki, hadisə nifrət cinayətidir, lakin polis, motivi tədqiq etdiyini bildirir. Hadisə ilə bağlı bir nəfər həbsdədir.

İlkin göstəricilərə görə, silahlı Craig Hicks dayanacaq yeri haqqında mübahisəyə görə atəş açıb, polis deyir.
 

Rayon prokuroru deyib ki, öldürülənlərin - Deah Shaddy Barakat, xanımı Yusor Mohammad və onun bacısı Razan -dinlərinə görə hədəfə alındığını göstərən dəlillər yoxdur.
 

Lakin cümə axşamı keçirilən dəfn mərasimində yerli polis rəisi deyib ki, bütün ehtimallar, o cümlədən nifrət cinayəti mümkünlüyü araşdırılacaq.

Qətllər ABŞ-da və dünyanın bir çox yerindərezonans yaradıb, xüsusilə sosial mediada. #ChapelHillShooting həştəqi yüzminlərlə dəfə istifadə olunub.
 

Milli.Az