Şüşənin arxasındakı ölü nənə - FOTO

18 Aprel 2011 22:02
Milli.Az xəbər portalı "USA Today"a istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatının Kompton şəhərindəki Robert Adams qəbristanlığında dünyada misli görünməmiş hadisə yaşanır.

Ötən ay dünyasını dəyişmiş Bernis Vuds hələ də torpağa verilməyib. Nənələrini ağ-qızılı, bahalı tabuta yerləşdirən nəvələr onu basdırmaq əvəzinə, şüşə vitrinin arxasına qoyublar.

Şüşə vitrin isə qəbristanlığa giriş yolunun sağındadır və Robert Adams məzarlığına daxil olan hər kəs Bernis nənəni seyr edə bilər.
Nəvələrin dediklərinə görə, Bernis Vuds sağlığında əyləncəni və həmişə diqqət mərkəzində olmağı sevərdi.
"Bu səbəbdən də onu öləndən sonra da belə saxlamaq qərarına gəldik. Düşünürük ki, bu qərarımız nənəmizin xoşuna gələrdi", - nəvələr deyiblər.

Qadının oğlu, 55 yaşlı Qreqori Vudsun dediyinə görə, qadın çox gülərüz və şən insandı.
"10 bacı-qardaş arasında ən kiçiyi mənəm. Anamın tabutunun gülləkeçirməz şüşə arxasında saxlanması təklifi olanda, razılaşdım", - Qreqori Vuds deyib.

Ailə ideyanı reallaşdırmaq üçün "Drive-Thru" dəfn bürosuna müraciət edib. Bu büro isə qeyri-adi dəfn mərasimləri ilə məşhurdur.

Milli.Az