Yerevandakı kukla teatrı: növbəti qurban kim olacaq?

18 Aprel 2011 08:02
Oyuncaq dükanındakı kuklaların davranışı, ağlı və düşüncəsi olmur. Onların həyatları, istək və arzuları yalnız nağıllarda, o da axşamlar, hamı yatandan sonra gerçəkləşməyə başlayır. Otağın bir küncünə atılmış təkgözlü kukla ayılır, ayağa durur və axsayraq ortaya gəlib topa dərdini danışır.

Top da gözlərini açır, deyilənləri dinləyir və bir qədər sonra həmin dərdləri yerindəcə durub təkərlərini yana açaraq heyrətdən faralarını bərəltmiş maşına danışır.
Səhər açılan kimi oyuncaqlar yenidən lal, kar və kor olurlar.

Ermənistandakı hakimiyyət də həmin oyuncaqları xatırladır. Amma nağıllardakı kiçik qəhrəmanlardan fərqli olaraq, Ermənistan vətəndaşları bu insanların nə zaman və harada danışdıqlarını görmədiklərindən onları kukla kimi qəbul etməkdən vaz keçmirlər.
Di gəl, Yerevan iqtidarındakı marionetkalar teatrının rejissoru, həm də Ermənstan prezidenti olan Serj Sarkisyan səhnənin dekorasiyalarının bərbad vəziyyətdə olduğunu dərk etməyə başladığından bir qədər dividend əldə etmək üçün kuklalarını ahəstə şəkildə satışa çıxarıb.

Xalqın qəzəbini yatırmaq və ölkənin yuvarlandjığı iqtisadi-sosial problemlər girdabından yüksələn səsləri sakitləşdirmək üçün o, "günah keçi"lərini seçib.
Belə "qurban"lardan biri ölkənin sabiq xarici işlər naziri, vaxtilə Ermənistan hakimiyyətinin ən önəmli fiqurlarından biri Vardan Oskanyandır.

"Budur, baxın - odur, o!"

Oskar Uayldın "Reddinqton həbsxanasının balladası"ndakı məhbus canını cəzadan qurtarmaq üçün yoldaşını irəli itələmiş və bununla da canının rahatlaşacağını düşünmüşdü.

Ermənistan prezidenti Serj Sarkisyan da vətəndaşların artan narazılığı, onun istefası tələblərinin intensivləşməsi və ən başılcası, ermənilərin dövlətini faktiki olaraq quberniyasına çevirmiş Rusiyanın mövqeyinin dəyişməsini görüncə xoflanıb. Sabiq prezident, ölkə müxalifətinin aparıcı qüvvələrini birləşdirən Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyanı da artıq Qərblə yanaşı, Moskvanın da pərdəarxası dəstəkləməyə başlaması Sarkisyan iqtidarının "günah keçiləri" axtarışlarını sürətləndirməkdədir.

Onlar deyəsən, ilk və ən iri qurban şəklində Oskanyanın seçməklə vətəndaş narazılığını elə həmin vətəndaşların itaətsizliyinə çevrilməyə qoymamaq, ən başlıcası isə Dağlıq Qarabağ münaqişəsi məsələsində Ermənistanın sürəkli uğursuzluqlarının baiskarını ortaya çıxarmaq məqsədilə yeni şouya başlayıblar.

Vardan Oskanyanın "günah"ı Ermənistanın hakimiyyət dairələrini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesində yanlış, hətta sarsaq mövqe tutmaqda suçlamaq olub. Bu isə Serj Sarkisyanı elə qəzəbləndirib ki, Prezident Administrasiyasında hazırlanmış bir məqalə Ermənistanın 4 qəzetində dərc olunub. Yazı müxtəlif "müəllif" adları ilə çap olunsa da, məzmunla yanaşı, kəlmələrin birbəbir təkrarlanması izin hara apardığını aşkar göstərir.

Həmin məqaləni şərh etmək və ya orada yazılanlardan bəhs etmək niyyətində deyilik. Yalnız onu yazaq ki, Sarkisyan serberlərinin sifarişi və göstərişi ilə hakimiyyətin aşağı kabinetlərində hazırlanmış bu "ifşedici material" absurd, hətta isteriya təsiri bağışlayır. Belə çıxır ki, danışıqlar prosesində Ermənistanın məruz qaldığı bütün uğursuzluqların yeganə səbəbkarı, hətta baiskarı "yaramaz Oskanyan"mış.

Oskanyan yaramazdır - şübhə yox, çünki XİN başçısı olduğu illərdə Ermənistanın işğalçılıq və dövlət terrorçuluğu siyasətini az qala "sülhməramlı konsepsiya" kimi təqdim etməkdən ötrü dəridən-qabıqdan çıxmış adamdır.
Fəqət, bir yaramazın başqa yaramaza "sən yaramazsan!" deməyi məntiqi təsir bağışlamır və daha çox kukla teatrındakı marionetkaların davasına bənzəyir.

Oskanyana qarşı dərc edilənlər Ermənistanın mövcud hakimiyyətinin özünə haqq qazandırmaq üçün çox primitiv chdidir. Ona görə primitivdir ki, Ermənistanın indiki xarici işlər naziri Edvard Nalbandyan təki, onun sələfi Vardan Oskanyan sadəcə, Ermənistan prezidentinin göstərişlərini yerinə yetirmək funksiyalarına malik adamlardır.

Ermənistanın daxili və xarici siyasətini, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini Oskanyan və ya Nalbandyan yox, Sarkisyan müəyyənləşdirirlər.
Üstəlik, yaramaz Oskanyanı ittham edən Yerevan iqtidarı unudur ki, həmin tənqidlərin bir qismi elə onun özünə ünvanlanır. Ən azı ona görə ki, Ermənistan "futbol diplomatiyası" terminindən gen-bol istifadə edərək guya sərhədlərin açılması məsələsində Türkiyə ilə oynadığını bəyan edirdi. Halbuki, Ermənistanın havadarları və dəstək verən ölkələr bu dövlətlər eynən futbol topu kimi oynayırlar.

Sürix protokolları Türkiyə ilə sərhədlərin açılmasına səbəb olmasa da, xarici ölkələrdəki erməni diasporunun Serj Sarkisyan iqtidarına olan münasibətlərini xeyli pisləşdirdi.
Vardan Oskanyan Azərbaycana qarşı işlənmiş ən ağır cinayətlərdə iştirak etmiş və bu cinayətlərə haqq qazandıran adamdır. Beləsi təbii ki, ittihamlara layiqdir.

Lakin həmin ittihamları obyektiv tərəf səsləndirməlidir - Yerevanda hakimiyyətdə olan və Ermənistanı çapıb-talayan, Azərbaycana qarşı dövlət terroru siyasəti yürüdən rejim yox.

Novruz Sultanov
Milli.Az