Kral toylarının tarixçəsi: hansı ənənələr var?
17 Aprel 2011 10:45
Bəs Britaniyada kral toylarının hansı ənənələri var?
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Bəy hərbi forma geyir, sinəsindən medallar asılır. Gəlinin paltarı mütləq britaniyalı dizayner tərəfindən tikilmiş olmalıdır.
Özü də güllər vaxtilə kraliça Viktoriyanın buketi üçün düzəldilmiş koldan dərilməlidir.
Bu ənənələr Uilyamın ulu babaları, babaları, atası, anası, xalaları və əmilərinin toylarından qalıb.
Bu yaxınlarda keçirilən toylar müxtəlif səbəblərə görə daha təvazökar olub.
Edvard və Sofi və Çarlzla Kamillanın toyları zamanı sadə, bufet stilində səhər yeməyi və Uindzor sarayında ən yaxın adamların iştirakı ilə mərasimlər keçirilib.
"Kral toyları: Olduqca Məxsusi Əhvalat" kitabının müəllifi Fiona Makdonald deyir ki, müasir kral toyları keçmişdəkilərdən çox fərqlənir.
"XİX əsr və 1900-cü illərin əvvəllərinə kimi ənənə son min ildə çox az dəyişmişdi.
Kral toyları adətən siyasi, nəsil və imperiya yaratmaq məqsədlərinə xidmət edirdi. Bəy və gəlin həmişə bərabər kral zümrələrindən olurdular.
Kral nəslindən olmayan şəxslə evlənmək çox nadir hadisə idi. Buna ən məşhur misal 1-ci Edvardın Elizabet Vudvillə 15-ci əsrdəki nigahı idi."
1923-cü ildə Şahzadə Albert az tanınmış şotland arikstokratının qızı Elizabet Bouz-Layonla evlənmişdi.
Kralın ikinci oğlu Albert qardaşı Edvardla müqayisədə daha böyük seçimə malik idi.
Lakin Uollis Simpson adlı amerikalı qadına aşiq olan Edvard taxt-tacdan əl çəkməli oldu.
Beləki, Uollis boşanmış qadın idi və qaydalar belə bir qadınla evlənmiş monarxa hakimiyyətdə qalmağı qadağan edirdi.
Buna görə Şahzadə Albert Kral 4-cü Corc, arvadı isə Kraliça Yelizaveta adını aldılar. Onların qızı 2-ci Yelizaveta hazırda Britaniya kraliçasıdır.
Onun 11 yaşı olanda beş potensial həyat yoldaşı siyahıya daxil idi. Onlardan biri, Yunanıstan Şahzadəsi Filip hazırda kraliçanın əridir. Onların toy mərasimi 1947-ci ildə Uestministr Abbatlığında keçirilib.
Uilyam və Keyt də bu abbatlıqda ər və arvad olacaqlar. Lakin demək lazımdır ki, kral toylarının 1000 illik tarixi ərzində bu yer son əsrlərdə kral ailəsinin bir nömrəli seçiminə çevrilib.
Birinci Dünya Müharibəsinə qədər krallar və kraliçalar, şahzadələr kral kilsələri və saraylarında özəl mərasimlərdə evlənərdilər.
Kraliça 2-ci Yelizavetanın toyu müasir kral toylarının standartını müəyyən etdi
Müharibə nəticəsində Britaniya kral ailəsi özünün alman tellərini Britaniya əhalisinin gözlərində zəiflətməyə çalışırdı.
5-ci Corc hətta ailəsinin alman soyadını Uindzora çevirməli oldu.
"O həm də kral toyları üçün Uestministr Abbatlığından istifadənin tərəfində idi. Bu, məşhur Britaniya kilsəsi idi, onu kral tikdirmişdi və burada kral və kraliçaların tacqoyma mərasimləri keçirilir, " deyir xanım Makdonald.
Həm də Abbatlıq çox iri olduğundan bura daha böyük sayda qonaq dəvət etmək olar.
"XX əsr ərzində bütün kral toyları zamanı mərasim küçələrdən keçib gedirdi. Küçələr bəzədilir və ziyafətlər düzəldilirdi. Bu, sadə xalqın hökmdarın şənliyinə qatılması üçün çox güclü üsul idi."
Kraliça Yelizavetanın Filiplə toyu müasir kral toylarının bir növ standartını müəyyən etdi.
Kraliça əyninə vətənpərvərlik rəmzləri olan paltar geymişdi. Özü də paltar Çin ipəyindən idi. İİ Dünya Müharibəsindən az sonra yapon və ya italyan ipəyindən paltar geymək düzgün olmazdı.
Şahzadə Çarlz və Diana adam arasında öpüşməkdən belə çəkinmədilər
Şahzadə Filip isə hərbi xidmətdə qazandığı medalları fəxrlə donanma formasının sinəsinə taxmışdı.
Yelizaveta Naməlum Əsgərin qəbrinə əklillər qoydu. Necə ki, anası öz toyu zamanı bunu etmişdi.
Yeni evlənənlər Bukingem sarayının eyvanından xalqı salamladılar.
Ən böyük yenilik isə tarixdə ilk dəfə kral toyunun beynəlxalq radio ilə dünyaya yayımlanması idi.
1923-cü ildə Kenteberi Arxiyepiskopu və Anqlikan kilsəsinin rəhbəri Şahzadə Albertin toyunun radio ilə ötürülməsinə veto qoymuşdu.
O israr edirdi ki, kişilər pivəxanada oturub ona qulaq asarkən papaqlarını çıxarmayacaqlar.
Toy mərasimindən ilk canlı telereportaj isə 1960-cı ildə Şahzadə Marqaretlə Lord Snoudaunun evlənməsi zamanı baş tutdu.
Uilyam Keytlə apreldə evlənəndə toyda məxfi heç nə qalmayacaq. Bu, gələcək kralla kraliçanın toy mərasimi olacaq.
Milli.Az