Mirzə İbrahimov: bir ömür həsrət və 556 saylı "iş"
17 Aprel 2011 10:12
Söhbət müasir Azərbaycan ədəbiyyatının təşəkkülündə və inkişafında danılmaz xidmətləri olan nasir, dramaturq, akademik, Beynəlxalq Nehru mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Sosialist Əməyi Qəhrəmanı, dəfələrlə millət vəkili seçilmiş yazıçı Mirzə İbrahimovdan gedir.
Hələ vaxtilə "Böyük dayaq" əsərində xalqa müraciətlə yazırdı:
"Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndədir, fikrim işığını səndən alır. Həyatımın nəşə və sevincinə səbəb sənsən! Amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün böyük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayanacağım sən olmusan...". Və heç şübhəsiz ki, əsərdə Rüstəm kişinin daxili monoloqu yazıçının öz hisslərinin təzahürüdür, xalqa olan ən böyük sevgisidir. Və bu böyük sevgini ustad yazıçı hər sözdə, hər kəlmədə bir "məna" axtarılan dövrdə bildirirdi xalqına...
"Gələcək gün", "Həyat", "Böyük dayaq", "Pərvanə" və ədəbiyyatımızın qızıl fonduna daxil olan başqa bu kimi misilsiz əsərlərin müəllifi olan Mirzə İbrahimovun idrakı, maraq dairəsi geniş və həm də çox zəngindir. Bəlkə elə buna görə də onun əsərlərində xalq həyatının canlı lövhələri, mənəvi-əxlaqi dəyərlər və cəmiyyətdə baş verən mühüm hadisələr yüksək intellekt və daxili bir narahatlıqla oxucuya təqdim olunur.
Böyük yazıçının həyatı hələ uşaqlıqdan ağrı-acılarla dolu olub. Keçən əsrin əvvəlində, 1911-ci ildə Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində doğulub. Amma heç 3 yaşı olmamış anasını itirir. Atası Əcdər iki körpə uşağı ilə Bakıya pənah gətirir. Bir neçə il sonra o da iş zamanı həyatını itirir və balaca Mirzə 7 yaşında ikən yetim qalır. Onun ən çətin günləri də elə bundan sonra başlayır. Amma necə? Əsl yazıçı titulunu qazanana qədər Mirzə müəllim hansı mərhələlərdən keçib? Bütün bunları Mirzə müəllimin 3 övladından biri - qızı, bəstəkar, pianoçu, Azərbaycanın Xalq artisti, professor Sevda İbrahimova söyləyəcək. Qeyd edək ki, Sevda xanım hazırda Azərbaycan Milli Konservatoriyasında işləyir:
- Dünyaya göz açandan söz və musiqi sədaları altında böyümüşəm. Bu mənim üçün böyük xoşbəxtlikdir. Çünki musiqi və söz, zənnimcə, insanın yüksək ruhda olması üçün ən gözəl vasitədir. Bizim evdə babam tarzən Qurban Pirimovun tar çalması, atamın isə tez-tez Füzulidən, Nəsimidən gözəl poeziya nümunələrini söyləməsi bizi oxumağa və çalmağa çox həvəsləndirərdi. Anam Sara Pirimova ilk azərbaycanlı pianoçu qadınlardan sayılır. O, klassik musiqini çox sevərdi. Bir şeyi də qeyd etmək istəyirəm ki, babam Qurban Pirimovla Üzeyir Hacıbəyovun sıx dostluq münasibətləri vardı. 1908-ci ildə "Leyli və Məcnun" operasının premyerasında bütün tarzənlər gedir, yalnız Qurban Pirimov qalır və çalır.
Atamın sənətə gəlməsi onun böyük qüvvə və iradəsinin olması, özünü sındırmamasından irəli gəlirdi. O danışanda həmişə məni qəhər bürüyərdi. Çünki atam hələ 7-8 olarkən ana-atasız qalır, çətinliklərlə yaşayır, nökərçiliklə məşğul olurdu. Anası 3 yaşında Təbrizin Evə kəndində vəfat edir. O zaman aclıq baş alıb gedirdi. Hətta aclıq vaxtı atam kiçik bacısını da itirir. Onun "Gələcək gün" romanında da həmin aclıq epizodları var. Uşaqlarının anasını dəfn edəndən sonra Əcdər kişi bomboş qalan daxmanın qapısını kilidləyib iki oğlu ilə Bakıya iş axtarmağa gəlir. Biz bağa gedəndə atam həmişə uşaqlıq illərindən danışar, deyərdi ki, "anam həmişə mənim başımı sığallayardı...".
O belə danışanda mən çox pis olurdum. 3 yaşında ananı, 7 yaşında isə atanı itirmək, kasıblıq, çətinlik içərisində yaşamaq çox ağırdır. Dərdin əlində yumağa dönən atası bu çətin günlərdən yaxa qurtarmaq ümidi ilə iki övladını götürərək Bakıya gəlmişdi. Burada da tale onların üzünə gülmədi. Mirzə 7 yaşında olanda atası Zabratda neft mədənində işləyərkən həlak olur. Atam danışırdı ki, nə baş verdiyini bilmədim. Dedilər ki, guya mədəndə, buruqda fontan onu atıb. Sonradan da deyiblər ki, atanı Razin dağlarında basdırıblar.
Atam öz tərcümeyi-halında yazırdı ki, onların kasıb əkinçi ailəsində heç kimin savadı olmadığı halda, evin taxçasında köhnəldiyindən sarı cildi əyilib-əzilmiş "Qurani-Kərim"in nüsxəsi saxlanılırdı. Bunu onun babası Fətəli kişi cavan vaxtlarında savad alıb-oxumaq ümidi ilə Təbrizdən əldə etmişdi. Ağır güzəran Fətəli kişinin ümidini ürəyində qoysa da, savadlı idi.
Atam uşaq vaxtı bir varlının quzularını otararmış. Bakıya gələndən sonra Sovet hakimiyyəti illərində oxumaq istəyir. Müəllim haqqında elə gözəl sözlər yazıb ki... "Ana, ata və müəllim" adlı məqaləsi var, "Azərbaycan müəllimi" qəzetində nəşr olunmuşdu. Çox təsiredici, kiçik bir məqalədir. O, müəllimi çox yüksək qiymətləndirir. Atam danışardı ki, məktəbə gedəndə arıq, balaca idim. Orada da boyu ölçürlərmiş. Ayaqlarımı uzatdım ki, məni qəbul etsinlər.
Qəbul edirlər. Bundan sonra təhsil illəri başlayır. Öz ağlı, gücü, zəhməti ilə oxuyur. O zamandakı bir çox görkəmli insanlanın - bəstəkar, şair və yazıçıların yaşadığı bir ünvan vardı: Xaqani, 19 Onların hamısı elə bil bir ailə idilər. Bu binanı sənətkarlara M.J.Bağırov vermişdi. Xaqani, 19 ünvanında ancaq sənət adamları yaşayırdı: Bülbül, Müslüm Maqomayev (baba), Mir Əsədulla Mirqasımov, Süleyman Rüstəm, Niyazi... Sadalamaqla qurtarmaz. Atamın o vaxta qədər evi yox idi. 1938-ci ildə "Həyat" pyesinin premyerası oldu. Bir gün sonra isə"Koroğlu"nun premyerası olmuşdu. Bu hadisə böyük rezonans doğurdu.
O zamana qədər atam kirayədə qalırdı, bircə çamadanı vardı. Həmin premyeradan sonra atama Xaqani, 19-da 4-cü mərtəbədə, 4-cü blokda ev verdilər. Atam ömrünün sonuna qədər o evdə yaşadı. Bu ev atamın ilk mənzili oldu. Atam Ali Sovetin sədri olduğu zaman ona daha geniş mənzil təklif etdilər. Anam isə "mən bu mənzilə gəlin gəlmişəm, buradan da son mənzilə gedəcəyəm", - dedi. Doğrudan da, onlar həm sevincli, həm də ən kədərli, ən ağır günlərini elə bu evdə birlikdə keçirdilər.
Həmin ev nəinki yazıçıları, eləcə də onların övladlarını da doğmalaşdırdı. O vaxt Müslüm Maqomayev də nənəsi ilə orada yaşayırdı. Yəni hər axşam musiqi səslərini dinləməyim mənim həyatımda böyük rol oynadı. Mənim həyatımda ana, ata, baba və bir də müəllimlərin böyük rolu oldu. O mühit, o konsertlər... Atam müxtəlif vəziyyətlərdə olub. Belə ki, vəzifədə olduğu dövrlər də, işsiz qaldığı vaxtları da olub. Ancaq biz onu evdə hər zaman çox təmkinli görmüşük. O vaxt atam deputatlığa namizəd idi. Amma sonra anama dedilər ki, onu təqdim etməyiblər. Anam çox sakit adam idi, atam içəri girən kimi anam olanları danışdı. O isə "canın sağ olsun, Sara!" - dedi. Onların çox gözəl münasibətləri vardı.
Atam sevilən yazıçı olmaqla yanaşı, həm də gözəl insan idi. O, rəhmətə gedəndə arxada bir qadın ağlayaraq "naş papa umer", - dedi. Soruşdum ki, siz onu tanıyırsınız? Dedi ki, "mən uşaq evində böyümüşəm, 50-ci illərdə o, Ali Sovetin sədri olanda hər ay bizə pul, ərzaq malları göndərərdi. Biz onu həmişə "ata" deyə çağırardıq". Atam həmişə deyərdi ki, mən yazıçılıqdan yaxşı qonorar alıram. Bizdə israfçılıq, şöhrətpərəstlik olmayıb. Atam mənə deyərdi ki, "Qızım, otur, işlə, əsl səadət - yaradıcılıqdır. İşdən gözəl bir şey yoxdur". Sənətimi mənə sevdirən atamla, müəllimlərim olub. Atam çox sadə insan idi. Həmişə həsrətlə deyərdi ki, "görəsən, mənə qismət olacaq ki, nə vaxtsa sizi Təbrizə aparım?". Atam Təbrizi çox sevirdi. Amma buranı da heç vaxt tərk etməzdi. Bizim evdə hər zaman musiqi və ədəbiyyat qoşa idi.
- Sevda xanım, bildiyimə görə, atanız M.C.Bağırovun iclaslarında tez-tez iştirak edirdi. Elədir?
- Hə, iştirak edirdi. Yadımdadır ki, Bağırov atamı iclasa çağıranda anam bütün gecəni yatmazdı. Atam bizi öpüb gedərdi. Anam yatmayıb onu səhərə qədər gözləyərdi. Biz balaca idik, nələr baş verdiyini anlamırdıq. Atam rəhmətə gedəndən sonra DTK-nın əməkdaşı olmuş yazıçı Yasif Nəsirli arxivdən tapıb ki, heç demə, atamı da "xalq düşməni" elan ediblərmiş. Bir dəfə iclasların birində atam dil məsələsi ilə bağlı kəskin çıxış edir. Deyir, düşəndən sonra yanında oturanlar hamısı arxaya keçiblər. Hətta çölə çıxanda başqa vaxt "Mirzə müəllim" deyənlərin heç biri yaxın gəlməyib. O zaman əslən Cənubi Azərbaycandan olan 3 məşhur insan vardı: Şəfaət Mehdiyev, Nəsir İmanquliyev və Mirzə İbrahimov. Atam deyir ki, bir də gördüm N.İmanquliyev yaxınlaşır ki, Mirzə müəllim, gəlin mən sizi ötürüm.
Bir dəfə də M.C.Bağırov çıxışında deyir: "Mənə elə gəlir ki, Səməd Vurğun və Üzeyir Hacıbəyov xalq düşmənidirlər. Düzdür, yoldaşlar?". Heç kəs səsini çıxarmır. Atam dözməyib deyir: "Mən sizinlə razı deyiləm. Üzeyir bəy necə xalq düşməni ola bilər ki, "Koroğlu" kimi opera yazıb? S. Vurğun necə xalq düşməni ola bilər ki, "Vaqif" dramını yazıb?". Hamı qorxusundan nəfəsini udur. M.C.Bağırov hirslənərək: "Otur, elə sən də onların sırasındasan!" - deyir.
Atam həmişə bizə Azərbaycan dilini təbliğ edirdi, "gözəl dildi" deyərdi. Yadımdadır ki, 51-ci ildə bacım məktəbə getməli idi. Onu rus şöbəsinə apardı. Anama dedi ki, "bilmək olmaz, biz də Sibirə gedə bilərik. Ona görə də qoy uşaqların biri rus dilində oxusun". O vaxt biz bunu zarafat kimi qəbul etmişdik.
- Atanızı üzən başqa nə idi?
- İnsanların etibarsızlığı, bir-birinə paxıllığı və s. Amma atam çox möhkəm və iradəli insan idi. Heç vaxt özünü itirməzdi. Bəlkə də bu onun ata-anasız böyüməsindən irəli gəlirdi. Bizə də həmişə deyərdi ki, sakit olun, çox şeyə fikir verməyin. Yalnız 83-cü ildə anam rəhmətə gedəndə çox qəhərlənmişdi. Anam dünyasını dəyişəndə atam elə bil, yetimləşdi. Həyatının o qədər ağır, çətin keçməsinə baxmayaraq anamı heç kəs əvəz edə bilmədi. Hətta bağda anamın çarpayısını yığışdırmağa da qoymadı. Bütün vaxtı ora qızıl güllər səpərdi. Atam üçün anamın itkisi təsəllisiz oldu.
- Atanızla ananız necə tanış olmuşdular?
- Atam onu Filarmoniyada görüb. Onların münasibəti olduqca böyük, dərin məhəbbətin təzahürü idi. 37-ci ildə anamın barmağına nişan üzüyünü isə Nigar Rəfibəyli taxmışdı. Atam həmişə onu "Nigar bacı" deyə çağırardı. Üzeyir Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza və bu kimi başqaları ata-anamın xeyir işinin təşəbbüskarları olmuşlar. 1938-ci il dekabrın 4-də Qurban Pirimovun evində kiçik bir məclis təşkil edib, anamı atamın Xaqani küçəsi,19 ünvanındakı evinə gəlin gətirirlər.
- Atanız 88-ci il hadisələrini necə qarşıladı?
Çox pis olmuşdu. Bu hadisələr onun səhhətinə də pis təsir edirdi. Bir də görürdün ki, öz-özünə nəsə danışır. Soruşanda nə olub? "Heç, heç, yat" - deyirdi. Xalqımızın o illərdə başına gələn müsibətləri, Qarabağ faciəsini çox böyük həyəcanla, ağrı ilə duyur və böyük narahatlıq, iztirab keçirirdi. Vertolyot qəzası isə onun səhhətinə növbəti zərbə oldu. Bu hadisə baş verəndən sonra atamın yuxusu ərşə çəkilmişdi. Bir gün gecə gəlinimiz mənə zəng vurdu, dedi ki, Mirzə müəllim yatmır, gəlin. Gedib gördük ki, Quran oxuyur. Ümumiyyətlə, son illər iş masasının üstündə çox zaman açıq qalan "Qurani-Kərim" kitabını görmək olardı. Nə vaxtsa babası Fətəli kişinin arzusunu həyata keçirmək yalnız ona qismət oldu. O vaxt Dağlıq Qarabağ məsələsi ilə bağlı SSRİ Ali Sovetinin tribunasında da kəskin çıxış etmişdi.
Atam Azərbaycanı çox sevirdi. Həddindən artıq sevirdi. Həmişə bizə deyirdi ki, Azərbaycanın çox gözəl, gəzməli yerləri var. Bizi maşınla Kəlbəcərə, Şuşaya aparıb gəzdirərdi.
Yasif Nəsirli: Yazıçı, filologiya elmləri doktoru, Əməkdar incəsənət xadimi, AYB-nin üzvü. 1973-cü ildən 1987-ci ilədək DTK-da çalışıb. Hazırda Azərbaycan Dünya Beynəlxalq Əlaqələndirmə Mərkəzinin prezidenti vəzifəsində çalışan Yasif Nəsirli həm də 20-yə qədər kitabın müəllifidir. Yasif müəllim DTK-da işlədiyi müddətdə Mirzə İbrahimovla bağlı çox maraqlı məlumatlar əldə edib. Onun yazısını sizə təqdim edirik.
"...1976-cı ilin payızı idi. Bir neçə il idi ki, mən Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində işləyirdim. Yaradıcı təşkilatlara, o cümlədən də Yazıçılar Birliyinə "nəzarət"i mənə tapşırmışdılar. Hələ DTK-ya gəlməmişdən çox-çox əvvəl Mikayıl Müşfiq, Hüseyn Cavid, Seyid Hüseyn, Böyükağa Talıblı, Əhməd Cavad, Ömər Faiq, Ruhulla Axundov, Salman Mümtaz, Hacı Kərim Sanılı, Mustafa Quliyev, Bəkir Çobanzadə, Vəli Xuluflu, Əmin Abid və başqalarının yarımçıq qalmış, acı taleləri məni düşündürürdü. İstəyirdim ki, sovet dövründə ziyalılarımızı bada verənləri, onları satanları öyrənə bilim. Müəllimim və dostum yazıçı Gülhüseyn Hüseynoğlu ilə Müşfiqi şərləyib həbs etdirəni öyrənə bilim. Bununla bağlı bir dəfə DTK sədri general-leytenant Krasilnikova müraciət etdim. O, bir saata qədər mənimlə söhbət etdi.
"İndiyə kimi bu arxivi heç kəsin üzünə açmamışıq", - dedi. "Göstəriş verərəm, səni ora buraxarlar. Amma orda öyrənəcəklərini yalnız özün bilməlisən. Əgər bu sirləri özünlə qəbrə aparacaqsansa, get, tanış ol, yox, bacarmayacaqsansa, taleyini düşün! Üçüncü yol yoxdur. Sənə inanmaq istəyirəm".
Mən söz verdim. Sağ olsun xeyirxah insanlar! Sirlərlə dolu arxiv üzümə açıldı.
Onu da deyim ki, icazə alsam da, 2-3 gün o arxivə getməyə ürək etmədim. Əslində, mən oranı arxiv deyil, yuxarıda adı çəkilən insanların məzarıstanı sayırdım.
Əlifba sırası ilə "iş"lərlə tanış olmağa başladım. Birdən gözlənilmədən "Mirzə İbrahimov" (iş N556) rast gəldim. Əvvəl heyrətləndim. Axı Mirzə müəllim həmişə böyük vəzifədə olmuşdu?!. Mən elə bilirdim ki, o, həyatda ən xoşbəxt adamdır. Uzun zaman Xalq Maarif komissarı, Azərbaycan SSR Nazirlər Sovetinin müavini, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri, Azərbaycan KP MK-nın büro üzvü və s. işləyib.
Belə olan yerdə bəs, bu nə "iş"dir?
Məni dəhşət götürmüşdü. Maraqlı idi, çox maraqlı.
Məlum oldu ki, Mirzə müəllimi həbs etmək üçün ona 2 dəfə iş açılmışdı. Bir dəfə cənublu olduğu, Cənubdakı fəaliyyətinə görə, bir dəfə də "Böyük demokrat" əsərini yazdığına görə.
Mirzə müəllimlə bağlı, ilk növbədə, birinci və ikinci işlərdən keçən agentlərin kimliyini müəyyənləşdirməyə çalışdım. Yeri gəlmişkən, çağdaş mətbuatda səhv olaraq verilir ki, "filankəs barədə "iş"də göstərilir ki, onu filankəs satmışdır". Bu, yanlışdır. Qoy oxucular da bilsinlər ki, agentlərin təxəllüsləri olur, onların kimliyini agentlər şəbəkəsindən yoxlamadan heç kəs öyrənə bilməz. Mən agentlərin adlarını götürdüm və onları kartotekada yoxladım. Yalnız o zaman bunların kimliyini müəyyənləşdirə bildim.
Mirzə İbrahimovla bağlı gizli məlumatları DTK-ya yazanlar azərbaycanlılar idi. "İş"i ilk mərhələdə müstəntiq Petrosyan, sonra isə bir azərbaycanlı aparmışdı. Petrosyanın çıxardığı "Həbs edilsin!" qərarının üstündə DTK-nın o vaxtkı sədri, sonralar M.C.Bağırovla birlikdə həbs edilmiş Yemelyanovun belə bir dərkənarı vardı: "Vətəndaş Mirzə İbrahimovun həbs edilməsi üçün toplanan materiallar kifayət deyildir. Yazıçı ilə MK səviyyəsində profilaktika keçirilsin. Yoxlama işləri dayandırılsın və iş arxivə verilsin. Gələcək fəaliyyəti nəzarətdə saxlanılsın.
Yemelyanov".
Belə, əziz oxucu. Dəfələrlə "rəhbər"in qəzəbinə tuş gələn Mirzə İbrahimov kimi vətənpərvər ziyalılarımız heç şübhəsiz ki, Tanrının şanslı bəndələrindən olub. Əks təqdirdə, onlarla gözəl povestlər, romanlar, dram əsərləri, ən başlıcası isə bizləri "Gələcək gün"ə səsləyən dəyərli əsərlər yaranmazdı. 1989-cu ildə Mirzə müəllimin ermənilərə müraciətlə kəskin şəkildə dediyi sözləri xatırlayıram: "Allah bir xalqı cəzalandırmaq istəyəndə onun ağlını başından alır. Atdığınız addımlar sizi uçuruma aparır".
Bu sözləri Mirzə müəllim Qarabağ hadisələrinin qızğın çağında Moskvada, SSRİ Ali Sovetinin tribunasından qorxmadan, cəsarətlə söyləmişdi. Və bir də bundan çox-çox illər qabaq, repressiya illərində çoxlarının qarşısında tir-tir əsdiyi M. C. Bağırova qorxmadan sözünü deyirdi...
Bu bizim tariximizdir. Gəlin tariximizi unutmayaq!
EL jurnalı