Bakıda qanunsuz totalizator fəaliyyəti göstərən obyektlər aşkarlanıb
16 Aprel 2011 13:59
Vergilər Nazirliyinin
əməkdaşları Bakının müxtəlif ərazilərində qanunsuz totalizator
fəaliyyəti ilə məşğul olan obyektlər aşkarlayıblar. Nazirlikdən Milli.Az xəbər portalına verilən məlumata görə, Bakı şəhərinin müxtəlif yerlərində qanunsuz
totalizator fəaliyyəti ilə məşğul olan ictimai-iaşə obyektlərində futbol
və digər idman oyunları ərəfəsində vətəndaşlar tərəfindən proqnoz
verilərək pul qoyuluşları həyata keçirilir.
Vergilər Nazirliyinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu
qəbildən olan bəzi obyektlərin rəhbərləri dövriyyələrini, əldə etdikləri
gəlirləri gizlədərək vergi orqanlarına təqdim etdikləri bəyannamələrdə
təhrif olunmuş məlumatlar əks etdirirlər. Çayxana və ya kafe adı altında
fəaliyyətlərini davam etdirən bir sıra totalizator kontorları isə
müvafiq qaydada xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq
fəaliyyəti ilə məşğul olurlar.
Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən paytaxtın müxtəlif
yerlərində vergi nəzarəti tədbirləri həyata keçirilərkən fərdi
sahibkarlar Məhəmməd Qəhrəman oğlu Əliyevə məxsus, Səbail rayonu,
Q.Abbasov küçəsi, 72 ünvanda yerləşən "NTV+" və Naib Xanbala oğlu
Hüseynova məxsus, Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanda yerləşən
"Qədim Bakı" obyektlərində, fiziki şəxslər Şahin Ələsgər oğlu Qafarova
məxsus, Yasamal rayonu, Z.Xəlilov küçəsi 43 ünvanda, Anar Allahverdi
oğlu Məmmədova məxsus, Xətai rayonu, M.Rüstəmov küçəsi 34 ünvanda
yerləşən "Madrid", Elçin Davud oğlu Qənbərova məxsus, Xətai rayonu,
Gəncə prospekti 73 ünvanda yerləşən "Zenit" obyektlərində bu şəxslərin
qanunsuz fəaliyyətlərini təsdiq edən faktlar aşkar olunub. Vergi
nəzarəti tədbirləri zamanı həmin obyektlərdən 1 ədəd noutbuk, 7 ədəd
kompüter prosessoru, 294 manat nağd pul, qara mühasibatlıq sənədləri,
müxtəlif firmalara məxsus 3 ədəd möhür və yüzlərlə vətəndaşlara verilmiş
uduş pullarını təsdiq edən ödəniş qəbzləri və kuponlar maddi sübut kimi
götürülüb.
Qeyd edək ki, əvvəllər aşkar olunmuş qanunsuz totalizatorların
sahiblərinə qarşı cinayət işləri başlanıb. Vergilər Nazirliyinin
məlumatına görə, qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin aşkar
edilməsi üçün nazirliyin əvvəllər apardığı tədbirlərdə aşkar olunan
qanun pozuntuları ilə bağlı lazımi tədbirlər görülüb. "Bavariya"
kafesinin sahibi Hacı Çərkəz oğlu Quliyevə qarşı isə 1 mln. 752 min
846,00 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən
yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə
əsasən cinayət işi başlanıb.
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, xüsusi razılıq tələb
olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul
olan, o cümlədən qanunsuz totalizator fəaliyyəti göstərən bütün fiziki
və hüquqi şəxslər barədə qanun çərçivəsində tədbirlər görüləcək.
Milli.Az