Bu il sakuralar kədər açdı

17 Aprel 2011 13:31
Bu ilıq yaz günlərində Onun ətri var. Belə ilıq bir aprel səhəri, günəşdən əvvəl doğuldu. Min illərdi dünya o günü, Onun gəlişini, gəlişiylə dünyanı şərəfləndirməsini gözləyirdi. Onun gəlişiylə dünya zülmətdən aydınlığa çıxdı, gözlərə nur gəldi, könüllərə sevgi hakim oldu.Onun gəlişi dünyanın yenidən doğuşu kimidir, dünya Onunla yeniləndi, Onunla dəyər tapdı, Onunla azad oldu. Bu ilıq yaz günlərində onun ətri var, Rəsulullah (s.ə.s.) ətri var, Peyğəmbər ətri var. Bu günlər Onun doğulduğu günlərdir, Mübarək Doğum Günləridir.  

O, Allah-Təalanın aləmlərə göndərdiyi misilsiz bir nemətdir, mərhəmətdir;

O, Allahın Elçisi, Sevimlisidir; O, Rəsulların, Nəbilərin sonuncusu, Seyyidi və Əşrəfidir;

O, Allah-Təalanın göndərməyi murad etdiyi uca kitabı Qurani-Kərimi əmanət etdiyi mübarək əllərin Sahibidir;

O, bəşəriyyəti Allah-Təalanın lütfü və inayəti ilə zülmətdən aydınlığa çıxaran Böyük Mürşiddir;

O, qiyamətə qədər Adəm oğlunun yolunu işıqlandıran Sonsuz Nurdur;

O, Allah-Təalanın Qurani-Kərimdə; "Allaha iman etdim deyənlər Ona itaət etsinlər"- buyurduğu Böyük Vəkil, Xəlifədir;

O, vəhşilər sürüsündən mələklər ordusu çıxaran Tərbiyəçidir;

O, bütün həyatını insanların gözünə, ruhuna, yaddaşına köçürüb doğru həyatı öyrədən Ustad; nifrəti sevgiyə, zülməti işığa, cəhaləti elmə, tikanı gülə, savaşı barışa, ədavəti mərhəmətə çevirən və gözəlliklərin, üstün məziyyətlərinin sözlə ifadəsi mümkün olmayan İlahi bir Hikmətdir.

O, sevən könüllərin Sultanı, təkcə içində yaşadığımız dünyanı deyil, içimizdəki dünyanı da aydınladan, günəşdən də, aydan da daha parlaq Sonsuz Nurdur. Həm də elə bir Nur ki, bütün səma cismlərinin, planetlərin başına dolandığı Günəş özü Onun pərvanəsidir.

Dünya Onun kimi Gözəlini görmədi, görməyəcək də. O, bu dünyaya bir insan olaraq təşrif buyurdu, dünya Onun gəlişi ilə şərəfləndi, amma Ona adi bir insan kimi baxanlar Onun gözlə görünməyən uca məziyyətlərini nə sezə, nə də sevə bilərlər.

O, Adəm babadan qiyamətə qədər gəlib keçmiş və keçəcək hər kəsdən daha gözəldir, amma dediyimiz kimi, Onun gözəlliklərini təkcə iki qaşın altındakı iki gözlə görənlər Onu tanıya bilməzlər; Onu könlünün gözü ilə görənlər tanıyar və tanıyanlar da Onun yolunda, Onun uğrunda, Ona bənzəmək istiqamətində özündən, özlüyündən imtina edərlər.

Günəş səhər doğar, axşam batar, Onun nuru isə hər zaman görən gözlərdə, sevən könüllərdədir, dünyamızın üstündədir.

O, miladi təqvimi ilə 571-ci ilin belə bir işıqlı aprel gününə açılan dan üzü dünyaya gözünü açdı. Əslində həmin o dan üzündə doğulan təkcə O deyildi, Onunla birlikdə bu dünya yenidən doğulur, yeni anlam, yeni mahiyyət qazanırdı. O aprel səhəri də heç adi bir səhər deyildi, bəlkə də dünyanın ən xoş saatı, ən şirin ovqatı idi. Atası Abdullah O hələ ana bətnindəykən bu dünyadan köçüb getmişdi, adını babası Əbdülmüttəlib verdi: Məhəmməd, yəni yerlərdə və göylərdə öyülmüş, mədh edilmiş.

Onu sevənlər havadan qoxusunu alıb ciyərlərinə çəkdilər, torpaqda ayaq izlərini tapıb üz sürdülər. O, bir ayrı sevgi, O, bir ayrı insan, O, bir ayrı örnək idi... Birindən bir şey soruşdusa, doğrunu öyrətmək üçün soruşdu; birindən bir şey istədisə, onun xeyri üçün istədi. O, dünyanın bəxtinə yazılmış ən böyük Xeyirdir. Bütün gözəlliklərin ən gözəl örnəyi Onun həyatındadır.

Canım fəda olsun Sənin yoluna...

 Hər könül bir eşqdən coşar, hər qəlb bir ritminən vurar. Hər gülün bəxtinə bir bahar düşər, hər qulun bəxtində bir ağası var... Mən Sənin kölən olummu? Dərgahının qapısına layiq görərsənmi bu üzüqara qulunu? Ayağının tozunu əta edərsənmi bu quluna, üzünü sürsün, başına qoysun?  Məndə "mən" adlı bir şey qalmasın, məni sən yenidən inşa eylə! Məni odda dəmir kim ərit, dəyirmanda dən kimi üyüt, yandır, dondur, kəs, əz, yenidən inşa eylə, məndə məndən bir şey qoyma, amma yolundan ayırma, izindən azdırma, "ümmətim" dediklərindən kənarda qoyma, Sənsiz buraxma!

Canım fəda olsun Sənin yoluna, adı gözəl, özü gözəl Məhəmməd!

Şəfaət eyləgil kəmtər quluna, adı gözəl, özü gözəl Məhəmməd!

Yunus Əmrə elə bildi ki, Veysəl Qaraninin dilindən deyib bu sözləri, bir də gördü ki, milyonlar bir ağızdan oxuyur bu sözləri, həm də ürəyin ən dibindən, ən gözəl dua kimi: "Canım fəda olsun..." Candan daha dəyərli nəyi var ki, sevənlərin.

Sən Allahın sevdiyisən, Allahın sevdiyini sevəni Allah sevər, Allahın sevdiyini sevən Allahı sevər.

Məhəmməddən oldu məhəbbət hasil

Məhəmmədsiz məhəbbətdən nə hasil?

Sevməyi Sən öyrətdin bizə, Səndən öyrəndi bu insanlıq sevməyi, Sənsiz nə sevgi, nə məhəbbət?

Göndərən Səni Aləmlərə Rəhmət olaraq, Mərhəmət olaraq, ən böyük nemət, ən böyük dəstək olaraq göndərdi. Sənin adın yetər aşiqlərə. Hansı könüldə, hansı cümlədə adın çəkilərsə, bərəkət toxumları kimi boy verər o yerdə.

Sənin üzün hörmətinə yaradılmadımı bu dünya, Sənin üzün hörmətinə biz də var olmadıqmı? Səndən başqa nəyimiz, Sən olmayan yerdə nə işimiz olacaq ki bizim?

Dünya nəyə sahibsə Onun vergisidir həp,

Mədyun Ona cəmiyyəti, mədyun Ona fərdi.

Mədyundur o Məsuma bütöv bir bəşəriyyət,

Ya Rəbb, bizi məhşərdə bu iqrar ilə həşr et!

Bu bənddə deyildiyi kimi bəşəriyyət nəyə sahibsə hamısı Onun üzü hörmətinə verilməyibmi? -Nə qədər də dəqiq, doğru-düzgün, olduğu kimi ifadə edib iman şairi Mehmet Akif Ərsoy. Şeir onda şeir olur ki, yüz il sonra yaşayanların da hissinə eyni dərəcədə tərcüman olur. Şair onda şair olur ki, əsrlər sonra da insanlar onun hisslərini, duyğularını paylaşırlar. Əslində o şeir bir dua kimi, bir türkü kimi qiyamətə qədər səslənəcək və səsləndikcə də müəllifinə dua qazandıracaq. Allah qəni-qəni rəhmət eləsin o sətirlərin müəllifinə!

O sonsuz Nurdur, O, dünyaları da, könülləri də, işıqlandıran, nicat yolunu, qurtuluş yolunu göstərən bir Mürşiddir. O elə möhtəşəm bir nurdur ki, Günəş də, Ay da işığın Ondan alır; ancaq hərəkət halı ilə varlığını davam etdirən bu kainat Onun başına fırlanır, Onun pərvanəsi olaraq dəyər qazanır:

Bir əcəb Nur kim, Günəş pərvanəsi.

Bunu da "Nəti-Şərif"i ilə könüllərə düşən Süleyman Çələbi söyləyib, söyləyib də, nə gözəl söyləyib.

Hər gözəlliyin zirvəsi Onda görünüb. Adəm oğlu bu dünyada Ondan gözəlini görməyib, görməyəcək də. Məhəmməd Füzuli Onun çöhrəsinin gözəlliyini misli görünməmiş və görünməyəcək bir gül hesab edir:

Suya versin bağban, bihudə zəhmət çəkməsin,

Bir gül açılmaz üzün tək, versə min gülzarə su.

Könlündə duyğusu olan, həqiqi sevginin nə olduğunu bilənlər Onu vəsf ediblər. Onu vəsf edənlər Ona bir şey qazandırmayıblar, sadəcə onun adını öz şeirlərinə qatıb, yazdıqlarınıa da, duyğularına da bərəkət tapıblar. Onun sevgisi hansı qəlbə düşsə, o qəlbin bərəkəti sahibinə yetər.

***

na Allah-Təala və mələkləri səlatü-salam edirlər. Ona salam oxumaq bizə Allah-Təalanın əmridir. Allahın səlatı Onu Ona dəstəkləməyidir, mərhəmətidir, müzəffər qılmasıdır; mələklərin səlatı Onun üçün dua etmələridir, Onu sevmələridir; Ona bizim səlatımız isə Yolunu tutmağımız, buyruqlarına əməl etməyimizdir.

Ata-oğul uzaq bir səfərə çıxırlar. Yolda ata ölür. Həm də elə bir yerdə ki, nə gələn var, nə gedən. Oğul nə edəcəyini, atasını hara dəfn edəcəyini fikirləşirkən bir də baxır onun başı dəyişib bir heyvan başına çevrildi. Gəncin bir dərdi dönüb iki oldu: bu halda onu necə torpağa basdırsın, basdırmasın da neyləsin? Beləcə, atasının meyiti başında ağlamağa başlayır. O qədər ağlayır ki, zamanın necə keçdiyindən xəbər tutmur, yuxuda, ya ayıq olduğunu belə anlamır. Bir də görür ki, üzü ay kimi nurlu bir gənc gəldi, əlini uzadıb meyitin başına qoydu və baş  əvvəlki halına döndü. Oğlan çox sevindi və nurlu gəncin əlinə-ayağına düşüb: "Ey Allahın sevimli bəndəsi, Sən kimsən?"-dedi. Həmin gənc də: "Mən Həzrəti Məhəmmədəm. Sənin atanın dünya həyatı o qədər də abad deyildi, amma bir xasiyyəti vardı ki, harda mənim adımı eşitsə, o andaca salavat gətirərdi. Mən də atanın bu halını və sənin fəryadını eşidib, Uca Rəbbimə üz tutdum və Onun izni ilə gəldim".

 O, içindən gərilərək Onu çağıran ümmətinin hayına yetişər. Onun adını ehtiramla anmaq, hər dəfə zikr etdiyimizdə və ya eşitdiyimizdə, heç olmasa, "əleyhissalam" və ya "Ona salam olsun!"- söyləmək əmin olun ki, boşa getməz və bir gün  xəzinə kimi qarşımıza çıxar. Biz Ona layiqli ümmət ola bilsək, Onun ağalığının qüsursuz olduğuna şəhadət gətirərik.

***

O, bir şey soruşurdusa, öyrətmək üçün soruşurdu, O, bir şey istəyirsə, vermək üçün istəyir; Onun yolunu tutmaq Ondan çox, bizə qazandırar, bizi qurtuluşa çıxarar. bizim qurtuluşa çıxmağımız da Onun qazancı olar.

Allah-Təala buyurur ki,  Allahı sevdiyini söyləyənlər Onun yolunu tutsunlar, dediklərini qəbul eləsinlər ki, Allah da onları sevsin. Açın Qurani-Kərimi baxın, Ali-İmran surəsinin 31-ci ayəsində buyurulur. Buyurun, bundan daha tutarlı bir dəlil olarmı? Demək Rəsulullahı sevmək həm də Allahı sevmək mənasına gəlir və həm də Rəsulullahı sevmədən Allahın mərhəmətinə qovuşmağın mümkün olmadığını da bizə göstərir.

Onun yolunu tutan Allaha təslim olmuş sayılır. Onun əxlaqı Quran əxlaqıdır, Onu tərbiyə edən Allah-Təaladan başqa bir kimsə deyil. Onu xətalardan, günahlardan qoruyan da Allah-Təalanın Özüdür. Onun həyatı Quranda yaşanması istənilən örnək mənzərələr toplusudur.

"Zaman Azərbaycan" qəzeti