Paris burkanı niyə yasaqladı?
17 Aprel 2011 19:29
Burka - qadını başdan-ayağa tamam örtən (gözlərindən başqa) geyimdir. Buna niqab da deyilir. Bəzən göz hissə də şəffaf torla örtülmüş olur. Yeni qanuna görə, burka (pərəncə) geyən qadınlar və qadınları bu hicab formasına məcbur edənlər cərimələnəcək. Onların Fransada vətəndaşlıq alması çətinləşəcək. Fransız qanunlarına görə, vətəndaş ictimai yerlərdə "tanınan olmalıdır".
Qadınların bu şəkildə geyinməsi Pakistan, Əfqanıstan, Hindistan və bəzi ərəb ölkələrində dəbdir. Bakıda da son zamanlar ictimai yerlərdə bu tərzdə bürünmüş qadınlara rast gəlinir. Halbuki tarixən də azərbaycanlı qadınlar hicabın bu ifrat formasından istifadə etməyiblər. Bu tərzdə bürünənlər əsasən sözügedən ölkələrdən olan əcnəbi qadınlardır.
Avropa telekanallarında etiraz edən Fransa vətəndaşları (qadınlar və kişilər) göstərilir. Amma bu qanunu normal qarşılayan din adamları da var. Məsələn, Fransa İslam Konfransı təşkilatının prezidenti imam Həsən Şalqumi bildirib ki, "Doğru ideyadır, Quran demir ki, pərəncə geymək gərəkdir" (La Stamra qəzeti).
Fransada 6 milyon müsəlman yaşayır. İmam Həsən Şalqumi deyir ki, bu ölkədə burka mənasız bir şeydir, çünki qadınların hüquqları təmin edilib. Burka - İslam demək deyil. İslam örtüyə bürünməyi məcburi saymır. Bu, dini göstəriş deyil. Bu - sadəcə, qadınlar üçün həbsxana və qadınlar üzərində dominantlıq alətidir". Bu da bəllidir ki, Fransanın müsəlman vətəndaşlarından yalnız çox az hissə hicabın bu formasından istifadə edir. Lakin bu təzahür genişlənməkdə və cəmiyyətdə narazılıq doğurmaqda olduğundan müvafiq qanun qəbul etmək lazım gəlib.
İmam Həsən Şalqumi deyir ki, eyni vaxtda həm yaxşı vətəndaş və xeyirxah müsəlman olmaq mümkündür. Quran burkanı deyil, insanın inancını əsas sayır. İslam və respublika dəyərləri bir-birinə zidd deyil - deyə fransız imam bildirir və ərəb ölkələrində baş verənləri misal gətirir: "Bir də ki, baxın, İslam ölkələrində nə baş verir: orada adamlar respublika dəyərləri və azadlıq uğrunda vuruşur və ölürlər".
"Ayna" qəzeti